Azərbaycanda “Avro-5”ə uyğun benzin nə vaxt istehsal olunacaq?
Azərbaycanda “Avro-5” standartına cavab verən benzin məhsullarının istehsal olunacağı ilkin tarix açıqlanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib ki, “SOCAR Karbamid” zavodunda tikinti işləri, demək olari, tamamlanıb və artıq sınaq-sazlama işlərinə hazırlıq gedir: "Zavodun ilk məhsulu olacaq ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır. Oktyabrda isə zavodun yekun məhsulunun - azot gübrəsinin (karbamid) istehsalına başlanılacaq. “SOCAR Polymer” müəssisəsində polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavodun istismara verilməsi isə cari ilin 2-ci və 4-cü rüblərində planlaşdırılır. Sənayenin səmərəliliyinin artırılması məqsədilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) sisteminin modulları vasitəsi ilə təmin olunacaq". O bildirib ki, neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətini təmin edir: "Yeni inşa olunan zavodları xammal ilə təmin edəcək “Azərikimya” özü eyni zamanda Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buna görə də zəncirin bütün halqalarının ahəngdar işini təmin etmək üçün yeni zavodların inşası ilə paralel olaraq Heydər Əliyev adına NEZ və “Azərikimya”da yenidənqurma tədbirləri həyata keçirilir".
SOCAR prezidenti əlavə edib ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların yenilənməsi üzrə işlər tam gücü ilə davam edir: "Bununla yanaşı, müəssisədə yeni qurğuların və yardımçı sahələrin inşası işləri aparılır. İstehsalat Birliyi üzrə yenidənqurma işləri 2019-cu ildə başa çatdırılacaq. Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri çərçivəsində ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü artırılacaqdır. Modernləşdirmə prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartı səviyyəsinə çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı həcminin kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. vəzifələrlə yanaşı, “Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları kimi quru qazlarla daha etibarlı təminatını nəzərdə tutur. Artıq NEZ-in modernizasiyası üzrə ilkin detallı layihələndirmə işləri başa çatdırılıb və keçirilən tenderin nəticələrinə uyğun olaraq, növbəti mərhələnin - Layihələndirmə, Satınalma və Tikinti mərhələsi çərçivəsində yeni qurğuların tikintisi ilə bağlı bu ilin fevralında Maire Tecnimont şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur. Mövcud qurğuların və ümumzavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında keçirdiyimiz digər tenderin qalibi olan "Tecnicas Reunidas" şirkətinə həvalə olunub".
R.Abdullayev deyib ki, layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur: "İlk mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. Sonrakı mərhələ üzrə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri başa çatdırılacaq. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək. Modernizasiya nəticəsində zavodda istehsal həcmini ildə 7,5-8 milyon tona çatdırmaq mümkün olacaq. Beləliklə, aparılan rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı və Sumqayıt şəhərində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması gözlənilir". (Trend)