Reklam

Bakıda həlli mümkünsüz görünən problem: Öz başımıza çarə qılmalıyıq

Yazarlar 3 Sentyabr 2018 20:38 Oxunub 2703
Bakıda həlli mümkünsüz görünən problem: Öz başımıza çarə qılmalıyıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu problemlərin köklü surətdə həll edilməsi üçün Bakını söküb, yenidən tikmək lazımdır”

Şəhərin mərkəzi küçələrində piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkilər yox vəziyyətindədir. Səkilərin bəziləri çox ensizdir, bəziləri isə işıq və ya yol nişanlarının dirəkləri ilə zəbt edilib. Enli piyada səkilərini isə çox zaman ya sürücülər, ya da kafe-restoran sahibləri tərəfindən maşın dayanacağı kimi istifadə edilir. Belə olan şəraitdə piyada necə etməlidir ki, qəza şəraiti yaratmadan yolu keçə bilsin? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, şəhərin mərkəzi küçələrində yaşanan bu problem Şəhərsalma və Tikinti Məcəlləsinin kobud şəkildə pozulması deməkdir. "Sovet dövründə və müstəqilliyin ilk illərində Bakıda sistemsiz quraşdırılma işləri aparılıb. Bu yaxınlarda mətbuatda oxudum ki, ermənilər deyir, “biz Bakı üçün elə problemlər qoyub getmişik ki, bunu heç cür həll etmək mümkün deyil”. Kanalizasiya lyukları, rabitə və s. xətlər düz yolun ortası ilə çəkilib, nə qədər tarazlamağa çalışırlar, ancaq yenə də tam həlli mümkün deyil. O xətlərin istiqaməti tamamilə dəyişdirilməlidir", — Muradlı bildirib. Ekspert qeyd edib ki, bu problemlərin köklü surətdə həll edilməsi üçün Bakını söküb yenidən tikmək lazımdır, bu isə böyük vəsait tələb edir: "Bu kimi məsələlərdə nə sürücüləri, nə də piyadaları qınamaq olmaz. Çünki bu, onların iradəsinə bağlı məsələ deyil. Həmin ərazidə hər hansı bir hadisə baş versə, kim cavab verəcək? Heç kim. Aidiyyatı qurumlar bu məsələni gündəmdə saxlamalıdır" — deyə E.Muradlı vurğulayıb.

Nəqliyyat eksperti Azər Allahverənov Bakıda piyada səkilərinin sahibkarlar, ticarət obyektləri və restoran sahibləri, həmçinin tikinti şirkətləri tərəfindən zəbt edildiyini bildirib: “Səkilər o qədər zəbt edilir ki, piyadanın hərəkəti üçün yer qalmır. Belə olan şəraitdə piyada məcbur qalır ki, avtomobil yolu ilə hərəkət etsin”.

A.Allahverənovun fikrincə, buna görə də, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və s. qurumlar mütəmadi olaraq monitorinqlər aparmalıdır: "Səkilərin zəbt edilməsi halları aşkar edilməli və aradan qaldırılmalıdır ki, piyadalar rahatlıqla hərəkət edə bilsinlər. Piyadalar belə hallarla qarşılaşdıqları zaman alternativ yollar seçməlidirlər. Xoşagəlməz halların aradan qaldırılması üçün insanlar öz sağlamlığını və təhlükəsizliyini özləri düşünməlidirlər".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Bakının mərkəzi küçələrində belə hallarla daha çox rastlaşmaq paytaxtın qədim arxitekturasından irəli gəlir. Ancaq həmin ərazilərdəki evlər sökülərək yeni yollar salındığı üçün bu problem də zamanla aradan qalxacaq. F.Həmidli problemin tamamilə aradan qalxacağına qədər piyadaları diqqətli olmağa çağırıb: "Hər bir halda piyadalar diqqətli olmalıdırlar. Piyada səki, piyada zolağı və yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir".

"Ancaq iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər” — Həmidli vurğulayıb. Hüquqşünas onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə — iyirmi manat məbləğində cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh