Reklam

Bakının mərkəzindəki beton sədlərin sökülməsi ləngiyir – FOTO

Yazarlar 4 May 2018 13:48 Oxunub 1799
Bakının mərkəzindəki beton sədlərin sökülməsi ləngiyir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Şəhər Halqası vətəndaşlara xəbərdarlıq etdi: “Əməl etməyən cəzalandırılacaq”

Aprelin 27-29-u tarixlərində Bakı üçüncü dəfə “Formula-1" Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi. Gərgin keçən yarışmanın sonunda ”Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən “Formula-1" Azərbaycan Qran Prisinin qalibi oldu. Yarış ciddi qəzalarla da yadda qaldı. Belə ki, Daniel Rikkiardo, Maks Ferstappen (hər ikisi ”Red Bull Racing"), Esteban Okon (“Force India”), Valtteri Bottas (“Mercedes”), Sergey Sirotkin (“Williams”), Niko Hülkenberq (“Renault”) və Romen Qrojan (“Haas”) finiş xəttini keçə bilmədilər. Yarış günlərində Bakı bulvarında da həm yerli, həm də xarici izləyicilərin istirahətləri üçün əyləncəli proqramlar  təşkil olundu. Eyni zamanda 3 gün ərzində hər axşam, yarışdan sonra “Crystal Hall”da xarici ulduzların konsertləri keçirildi.

Bütün bunlar “Formula-1" həvəskarlarının ürəyincə oldu. Yayılan rısmi məlumatlara görə, yarışmaya və təşkil olunan konsertlərə ümumilikdə 94 min tamaşaçı baxıb. Bu isə ötən illə müqayisədə tamaşaçı sayında 31, bilet satışında isə 21 faiz artım deməkdir. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür. “Formula-1" üzrə dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. “Formula-1" bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilke idi. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Trek  Bakı şəhərinin ən çox istifadə olunan mərkəzi küçələrindən keçirdi. Elə məhz bu məqam bir çox şəxslərdə “Formula-1" yarışlarına qıcıq yaradıb. Sosial şəbəkələrdə insanlar daha çox yolların bağlı olmasından şikayətlənirlər.

Yarışın bitməsindən artıq 5 gün vaxt keçib. Bəs yollarda vəziyyət necədir?

Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”ın əməkdaşı vəziyyətlə maraqlanıb. Müşahidə etdik ki, avtomobillərin hərəkəti bərpa olunub, istiqaməti dəyişdirilən avtobuslar yenidən əvvəlki xətt üzrə hərəkət edirlər. Lakin küçələrdə hələ də beton sədlər, təhlükəsizlik torları qalmaqdadır. Ən çox istifadə olunan “İstiqlaliyyət” küçəsində “Formula 1"lə bağlı elan lövhələri sökülüb. Lakin səkinin  ortasından çəkilən təhlükəsizlik toru hələ də qalmaqdadır. Bu isə piyadaların gediş-gəlişinə mane olur. Piyadalar yolu gedən zaman çətinlik çəkdikləri üçün mövcud durumdan narazılıqlarını bildirirdilər.

Nizami küçəsi ərazisində isə “Formula-1"lə bağlı elan lövhələri, ötən həftə olan konsertlərin plakatları hələ də sökülməyib. Lakin müşahidə etdik ki, artıq ərazidə qurulan tibb məntəqələri, sanitar qovşaqlar sökülüb. Qoşa qala qapısının önündə isə yalnız piyadaların rahat keçməsini təmin etmək üçün bir neçə beton səddin yeri dəyişdirilib. Digər qoruyucu torlar, beton sədlər yerində qalıb. Ərazidə olan yerüstü keçidlər də hələ sökülməyib. Onların sökülməsi istiqamətində hansısa işin getdiyini müşahidə etmədik. Flarmoniyanın qarşısında və ümumilikdə Neftçilər prospektində yerləşən tribunalar, oturacaqlar isə artıq sökülüb.  İnsanların ən çox istifadə etdiyi ”Sahil" bağının qarşısında, Axundov adına Mərkəzi Kitabxananın ətrafında olan beton sədlər də yerindən tərpədilməyib. Burada da  yalnız bəzi yerlərdə bir qoruyucu sədlərin yeri dəyişdirilib ki, piyadalar rahat şəkildə yollarına davam edə bilsinlər.

Bundan əlavə, müşahidə yerləri, yarışla bağlı reklam, elan lövhələri hələ də götürülməyib.

Məsələ ilə bağlı Bakı Şəhər Halqası aşağıdakı məlumatı yayaraq, vətəndaşlara müraciət edib: “Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istərdik ki, göstərdiyiniz anlayış və dəstək sayəsində biz növbəti dəfə ”Formula-1" çempionatının möhtəşəm yarışına ev sahibliyi etdik.

Artıq biz yarış başa çatdıqdan dərhal sonra yarış məkanında olan bütün tikililərin sökülməsi prosesinə start verdik və tezliklə birlikdə gözəl Bakımızın mərkəzi küçələrinin əvvəlki görkəminə şahid olacağıq.

Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir.

Nəzərinizə çatdırmaq istərdik ki, yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) şəxsi mülkiyyətindədir. Bu əmlaka hər hansı bir şəkildə zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır və buna əməl etməyənlər barəsində əlaqədar tədbirlər görüləcəkdir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh