Cərimələrlə bağlı güzəştlər artırılsın – TƏKLİF

Yazarlar 8 Avqust 2018 11:49 Oxunub 2298
Cərimələrlə bağlı güzəştlər artırılsın – TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Çünki bəzən insanlar, vətəndaşlar qanunlardan xəbərsiz olurlar və xəbərləri olduqları halda, ondan “yan” ötməyi üstün tuturlar”

Vətəndaşlardan, xüsusən, avtomobildən, şəxsi nəqliyyat vasitələrindən istifadə edənlərdən bir sıra xətalara görə tutulan və ya onlara kəsilən cərimələrə görə güzəştlərin edilməsi vacibdir. Bu, əslində, nəticə etibarilə xətaların, yol qəzalarının və insan həyatı üçün digər təhlükəli halların azalmasında, onların minimuma endirilməsində də mühüm əhəmiyyətə və rola malik olar. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O qeyd edib ki, qanunlardakı, qanunlar toplusu olan məcəllələrdəki cərimələr, maliyyə sanksiyaları, sərtləşdirmələr, əslində, insanların, vətəndaşların maarifləndirilməsi üçün atılan addımlardır: “Çünki bəzən insanlar, vətəndaşlar qanunlardan xəbərsiz olurlar və xəbərləri olduqları halda, ondan “yan” ötməyi üstün tuturlar. Bir çoxları isə qanunları oxusalar da, qanunlarla tanış olsalar da, onun dərinliyinə, mahiyyətinə tam vara bilmirlər. Əslində, burada qəribə heç nə yoxdur, el məsəlində deyildiyi kimi, hər oxuyandan Molla Pənah olmaz ki?! Yəni, hamının qanunlardan xəbərdar olması real və inandırıcı görünmür. Amma elə məsələlər və məqamlar var ki, hər kəsin onları bilməsi və əməl etməsi lazımdır. Çünki gec-tez onunla qarşılaşmalı olur. Deməkdə məqsədim həm də odur ki, qanunlar, məcəllələr qəbul edilərkən, təkcə cəzalandırma deyil, həmçinin, maarifləndirmə də nəzərdə tutulur. İnsanlara, vətəndaşlara dolayı yolla anladılır ki, bunları, filan-filan məsələləri, xətaları etmə, yoxsa sonda qanunun sərt üzü ilə qarşılaşmalı olacaqsan. Ona görə əksər ölkələrdə olduğu kimi,  bizdə də cərimə sanksiyaları ilə bağlı bəzi güzəştlər nəzərdə tutulur. Məsələn, yol hərəkəti qaydalarını pozanlarla bağlı, vaxtında və ya tez ödədikləri təqdirdə, güzəşt nəzərdə tutulur. Bu, o qədər də yüksək olmur. Bəzi ölkələrdə cərimələrlə bağlı güzəştlər bəzən 30, 40, 50 faiz olur və bu da nəticə etibarilə insanların qanunlara daha sayğılı yanaşmasına, həm də yol hərəkəti qaydalarının daha az pozulmasına gətirib çıxarır, ən əsası, insanların maddi durumuna, ailə büdcəsinə, cibinə yaxşı mənada təsir göstərir. İnsanlar vaxtında cərimələrini ödəyir və güzəştlər əldə edirlər, eyni zamanda, daha diqqətli və məsuliyyətli olurlar. Odur ki, bizdə də cərimələrlə bağlı güzəştlərin həcminin yüksəldilməsinə ehtiyac var. İnanıram ki, qanunvericiliyin təkmilləşdirilməsi prosesinin gedişatında buna da qayıdılacaq, baxılacaq və müsbət qərar veriləcək. Çünki Azərbaycanda dövlət başçısının fəaliyyətinin, dövlət siyasətinin baş xəttini insanların, vətəndaşların rifahı, məmnunluğu təşkil edir”.

 

Millət vəkili Kamilə Əliyeva da həmkarı kimi düşünür. Özünün də şəxsi avtomobildən istifadə etdiyini və çox zaman sükan arxasında özünün oturduğunu deyən millət vəkili yol hərəkəti zamanı qoyulan normalara və qaydalara daim riayət etməyə çalışdığını bildirib: “Amma həyatdır, heç kim heç nədən, hansısa xətadan sığorta olunmayıb. Millət vəkili də sükan arxasında haçansa bilmədən və istəmədən yol-hərəkət qaydası pozuntusuna, xətaya yol verə bilər. Bu, istisna deyil. Ona görə bu məsələdə gələcəkdə daha böyük güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Bununla qanunlarımıza hörmət hissi daha yüksək şəkildə aşılanardı. Bu baxımdan, hesab edirəm ki, cərimələrlə bağlı güzəştlərin artırılması lazımlıdır və bunun reallaşacağı utopiya deyil, reallıqdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh