Banner

Deputat: "Günün istənilən saatında sıxlıq müşahidə edilir"

Yazarlar 9 Yanvar 2025 16:21 Oxunub 218
Deputat:  "Günün istənilən saatında sıxlıq müşahidə edilir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bu da sirr deyil ki, Xırdalan, Sumqayıt istiqamətində əvvəllər səhər və axşam pik saatlarda yüklənmələr olurdusa, indi günün istənilən saatında avtomobil yollarının şəhərə çıxış, həm də giriş istiqamətində çox böyük sıxlıq müşahidə edilir. Hər birimiz bundan əziyyət çəkirik. Yüklənmənin qarşısının alınmasında əlavə olaraq dəmiryolunun, elektrik qatarlarının ciddi rolu ola bilər. Azərbaycan Dəmir Yolları açıqlama vermişdi ki, axşam saatlarında daha çox yük qatarlarının hərəkətinə şərait yaradılır deyə sərnişin qatarları xəttə intervallarla buraxılır. Hesab edirəm, bu qərara baxılmalıdır. İlk növbədə vətəndaş məmnunluğu təmin edilməlidir, insanlarımızın narahatlıqlarına son qoymaq lazımdır. Səhər işə gəlib, axşam yorğun halda işdən çıxandan sonra tez müddət ərzində evə çatmaq hər kəsin haqqıdır".

Bu sözləri Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, tıxaclarda qalmaq bütövlükdə iş əmsalına, yaşam tərzinə də təsir edir: "Avtobus marşrutunu gözləmək, eyni zamanda interval böyük olduqda dəmiryol infrastrukturunda da eyni problemlə üzləşmək, təbii ki, insanlarımızın əmək fəaliyyətinə, gündəlik fəaliyyətinə, yaşam tərzinə kifayət qədər mənfi təsir göstərir. Buna görə nəqliyyat infrastrukturuna rəhbərlik edən qurumlar və həmin qurumların başında dayanan vəzifəli şəxslər bu məsələləri diqqətə almalıdırlar. Zamanında intervalı azaltmaqla, xəttə buraxılan marşrutların sayını artırmaqla problemlərin qarşısını almaq olar".

A.Əlizadə deyib ki, xüsusilə metro infrastrukturunun genişləndirilməsi ilə bağlı addımlar atılmalıdır: "Cənab Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində də açıqlama verdi ki, yaxın zamanlarda daha on metrostansiyanın tikilişi ilə bağlı qərar verilib. Təbii ki, bununla nəqliyyat infrastrukturunda yüklənmələrin qarşısı bir qədər alınmış olacaq. Yəni nəqliyyat infrastrukturu ilə bağlı problemlər var və problemlərin həlli istiqamətində addımlar atılır. İstər dəmiryolu, istərsə də avtomobil yolları, marşrut xətləri ilə bağlı bir sıra yeniliklər edilməkdədir. Məsələn, bu günlərdə Bakı-Balakən istiqamətində sürət qatarı istifadəyə verildi. Müasir tələblərə cavab verən infrastruktur formalaşdırılıb. Bir sıra rayonlarımızda da dəmiryol nəqliyyatının yenilənməsi istiqamətində addımlar atılır. Lakin hesab edirəm, ciddi işlərə də ehtiyac var. Azərbaycan Prezidenti müsahibəsində həm də bildirdi ki, elektrikli avtobuslar alınır, ilin sonunda isə Bakının özündə elektrikli avtobusların istehsalı tənzimlənəcək. Bu isə nəqliyyat infrastrukturuna müsbət təsirini göstərəcək".

(pravda.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh