Reklam

Ən dəhşətli qəzalar yük avtomobillərinin iştirakı ilə baş verir - SƏBƏBLƏR

Yazarlar 9 Aprel 2018 20:42 Oxunub 1796
Ən dəhşətli qəzalar yük avtomobillərinin iştirakı ilə baş verir - SƏBƏBLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Normal isrtirahət etməldirlər ki, yolda yuxulamsınlar, yorğun olmasınlar"

Son zamanlar ağır yük avtomobillərinin iştirakı ilə baş verən verən qəzaların tez-tez şahidi oluruq. Belə qəzaların nəticələri də çox ağır olur. Yük avtomobilinin sürücüləri daha çox mənfəət əldə etmək üçün avtomobili sürətli idarə edir, manevr qaydalarını isə kobud şəkildə pozur. Bu avtomobilləri kiçik toqquşmasının fəsadları həddindən artıq ağır olur. Bəzi iddialara görə, onların sürət həddini aşmasına və digər qaydaları pozmasına yol polisi də göz yumur. Doğrudanmı belədir? Yük avtomobillərinin sürücüləri qəzalarda iştirakçı olmamaq üçün hansı nüanslara diqqət etməlidir?

Məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev bu iddiaların həqiqəti əks etdirmədiyini deyib: "Polis heç kimin qayda pozuntusuna göz yummur. Qayda pozanlar arasında yük avtomobillərinin sürücüləri də olur. Yol patrul əməkdaşı minik avtomobilləri kimi yük avtomobillərini də məsuliyyyə cəlb edir. Qayda pozan heç bir sürücüyə güzəştə gedilmir. Nəzərə alınmalıdır ki, kiçik bir qayda pozuntusu böyük faciəyə səbəb ola bilər. Bizim vəzifəmiz yollarda təhlükəsizliyi təmin etməkdir. Heç bir sürücüyə fərq qoyulmur. Əksinə, qəzaların sayını azaltmaq məqsədilə müəyyən addımlar atılır”. 

K.Əliyevin sözlərinə görə, yük maşınlarının iştirakı ilə baş verən qəzalar olur, amma bu o demək deyil ki, bütün qəzalarda təqsirkar yük avtomobillərinin sürücüləridir: "Sürücüləri hansısa kateqoriyaya bölmək doğru deyil. Yük avtomobilləri nisbətən asta sürətlə hərəkət edir, sözsüz ki, onların xarakterist bir xüsusiyyəti var. İstənilən halda sürücü yük maşınını və  minik avtomobilini fərqli sürətlərdə idarə etməlidir. Amma çox əfsuslar olsun ki, yük avtomobillərinin müasirliyi, daha sürətli olması, sükan idarə etmək mexanizminin daha yüngül olması, müəyyən komfortlar sürücülərdə həmin avtomobilləri minik maşınları kimi etməyə həvəsləndirir. Bir çox hallarda biz görürük ki, yük  avtomobillərinin sürücüləri tərəfindən törədilən qayda pozuntuları məhz onların boş halda hərəkət etdikləri vaxtlar olur. Yəni həm sürət həddini artırırlar, çalışırlar ki, minik avtomobillərini də keçsinlər. Belədə başqa bir minik avtomobili onu keçmək istərkən və ya hansısa manevr qaydasını pozursa, bu ağır qəzaya səbəb olur. Yük avtomobilləri yüklü halda hərəkət etdikdə ciddi bir qayda pozuntusuna yol vermirlər, əlavə yükləmə istisna olmaqla. Ona görə qaydalar bütün sürücülər üçün eynidir və məsuliyyət də eynidir. Hər bir sürücüdən nəzərdə tutulan qaydalara riayət etmək tələb olunur”.

K.Əliyev bildirib ki, bəzən minik maşınlarının sürücüləri yüklü gələn avtomobilin saxlayıb-saxalaya bilməyəcəyini düzgün müəyyən etmədiyinə görə, qəfil onun qarşısında ya manevr edir, ya ötmə aparır, amma onun yüklü avtomobil olduğunu nəzərə almırlar: "Nəzərə alınmalıdır ki, yük avtomobilinin görmə bucağı, tormoz məsafəsi minik avtomobili ilə eyni deyil. Əgər bu avtomobil yüklüdürsə, saxlamaq üçün daha çox məsafə tələb olunur, qəfil tormozlama yük avtomobillərində mümkün olmur. Bəzən sürücülərin bu nüansları nəzərə almamağı ağır nəticələrə gətirib çıxarır”.

Nəqliyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, yük avtomobilləri sürücülərinin intizamsızlığı ilə bağlı son zamanlar dəyişiklik yoxdur: "Mən onun tərəfdarıyam ki, sürücülər yük, minik avtomobilləri olaraq qruplara ayrılmasınlar. Ümumi səviyyədə baxmalıyıq bu məsələlərə. Bəli, etiraf etmək lazımdır ki, yol hərəkəti təhlükəsizliyi bizi qane etmir, sürücülərin intizamlılıq dərəcəsi aşağıdır, o cümlədən də yük avtomobilləri sürücülərinin. Amma yük avtomobili sürücüsünün özünəməxsusluğu var, çox təəssüf ki, onu da yük avtomobilinin sürücüləri bilmirlər. Azərbaycanda yük maşınlarının sayı minik avtomobillərinin sayından təxminən 50 dəfə azdır. Ölkəmizdəki maşınların ümumilikdə 3-4 faizi yük avtomobili ola bilər. Amma müşahidə edirik ki, dəhşətli qəzalar yük avtomobillərinin iştirakı ilə olur. Yük avtomobilləri böyük olduğu üçün ona çırpılan minik avtomobili elə bil qayaya çırpılır. Yəni yük avtomobillərinin daşıdığı təhlükə daha yüksəkdir, onların manevr imkanları daha məhduddur. Ona görə də onların qoyulan sürət məhdudiyyəti minik avtomobillərinə qoyulan sürət məhdudiyyətindən fərqlənir. Yük avtomobillərinin sürücülərindən daha yüksək peşəkarlıq tələb olunur. Çox təəssüf ki, bəzi sürücülər onu bilmirlər, bilsələr də nəzərə almırlar. Onlarda da kommersiya maraqları üstünlük təşkil edir, yükü vaxtında çatdırıb yenidən yük gətirmək istəyirlər”. 

Ə.Hüseynov deyib ki, ümumilikdə yol-hərəkət qaydalarını tənzimləmək lazımdır: "Yaxşı olar ki, yük avtomobili sürücülərini işə qəbul edənlər peşakar səviyyəsinə diqqət etsinlər. Amma bir məsələ var ki, yük avtomobillərinin xeylisi elə sürücülərin özlərinindi, onların özü məsuliyyət daşıyır. Bütün sürücülər, xüsusilə də yük avtomobilinin sürücüləri sağlamlığına diqqət etməlidirlər, yorğun olmamalıdırlar. Vaxtı-vaxtında həkim müayinəsindən keçməlidirlər, normal isrtirahət etməldirlər ki, yolda yuxulamsınlar, yorğun olmasınlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh