İtirilən, oğurlanan nömrələr: uduzan maşın sahibləridir - TƏKLİFLƏR 

Yazarlar 5 Sentyabr 2018 12:12 Oxunub 23546
İtirilən, oğurlanan nömrələr: uduzan maşın sahibləridir - TƏKLİFLƏR 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dövlət qeydiyyat nişanlarından biri itibsə, gedib onun rüsumunu ödəyib yenidən çap edib verirlər”

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələrinə qoşa, güzgü effektli (el arasında “zerkalnı”), cüt və eyni rəqəmli nömrə nişanları almaq kimi qəribə bir dəb formalaşıb. Bu nömrələrə meyl edənlər əsasən imkanlı şəxslərdir. Elə bunu nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə bir müddət əvvəl avtonəqliyyat vasitələri üçün verilən nömrələrdə əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırıldı. Dəyişikliklərə əsasən, ən bahalı dövlət qeydiyyat nişanının qiyməti 3000 manatdır.

Zaman-zaman avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının itirilməsi və oğurlanması ilə bağlı məlumatlarla rastlaşırıq. Qanunvericiliyə görə, dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir. Polis orqanlarına məlumat verdikdən sonra sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edir və bundan sonra nəqliyyat vasitəsinə tam yeni kombinasiya ilə dövlət nömrə nişanı verilir. Belə olduğu halda qazanan dövlət yol polisi, itirən isə avtomobil sahibi olur. Çünki yeni dövlət qeydiyyat nişanı aldıqdan sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilməlidir. Əvvəllər avtomobili sənədləşdirmə 48 manata başa gəlirdisə, yeni qanunvericiliyə görə, mühərrikin həcminə görə hesablanır, bu da böyük məbləğdə pul edir. Bəs əslində məsələ necə tənzimlənməlidir?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, qanunvericilikdə itirilən dövlət qeydiyyat nişanının bərpası ilə bağlı dəyişikliyə ehtiyac var. “Hazırda bizdə qüvvədə olan qeydiyyat nişanlarının  verilməsi ilə bağlı təlimat var. Həmin təlimatda qeyd olub ki, əgər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarından hətta biri də itərsə, həmin dövlət nişanı tapılmadığı halda avtomobilə tam yeni hərflər və rəqəmlərdən ibarət  başqa bir nömrə verilməlidir”. Ə.Hüseynov deyib ki, dünyanın bir çox ölkələrində bu qaydanı çoxdan ləğv ediblər. “Bu, keçmiş SSRİ-dən qalma təcrübədir. Hal-hazırda elektron nəzarət sistemi olduğuna görə, itmiş nömrəni heç kim istifadə edə bilməz. İstifadə etsə belə, onu tez bir zamanda aşkar edib ifşa etmək olar. Ona görə də həmin qanunvericilik dəyişilməlidir. 2011-ci ilə qədər Rusiyada da sistem belə olub, daha sonra dəyişiklik edilib. Dövlət qeydiyyat nişanlarından biri itibsə, gedib onun rüsumunu ödəyib yenidən çap edib verirlər. Həmin sistemi Azərbaycanda da tətbiq etmək lazımdır”.

Ekspert Elməddin Muradlı deyib ki, Azərbaycan qanunvericiliyində avtomobilin dövlət qeydiyyat nişanı  itirildikdə sürücü bu barədə aidiyyəti üzrə polisbölməsinə məlumat verməlidir, polis bölməsindən arayış aldıqdan sonra onu Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-imtahan şöbəsinə təqdim edir. “Şöbədə avtomobilin sahibinə yeni nömrə təklif olunur. Əgər bir ay ərzində itirilmiş nömrə tapılarsa nəqliyyat sahibinə bildirilir, əgər avtomobilin sahibi istəsə, yenidən o nömrəni istifadə edir. İndi elə bir dövrdür ki, heç kim bir ay oturub nömrə gözləmir, heç kimdə də inam yoxdur ki, nömrə tapılacaq və yol polisi qaytaracaq. Mənim fikrimcə ya bu müddəti artırmaq lazımdır ki, nömrə nə zaman tapıldı sahibinə qaytarılsın, ya da itirilmənin detalları araşdırılsın, hansısa bir cinayət tərkibi olub-olmadığı bilinəndən sonra həmin nömrəni çap edib sahibinə vermək olar. Çünki,  cinayət işi ilə əlaqədardırsa bunu araşdırmaq maksimum 3 ay vaxt aparır. Bu 3 ay ərzində ola bilər ki, həmin şəxs əvəzləyici bir nömrə ilə avtomobilini idarə edər və 3 ay sonra 20 manat ödəyib əvvəlki nömrəni maşının üstünə bağlasın”.

E.Muradlı deyib ki, bu dəqiqə qonşu qonşunun paxıllığını çəkir, kimsə pislik etmək istəyəndə elə ilk olaraq maşının nömrəsini açıb harasa  atacaq. “Hazırda rüsumlar da artıb. Adam əziyyət çəkib gedib deyək ki, 500 manatlıq bir nömrə alır, nömrəni kimsə oğurlayır və ya hər hansı bir səbəbdən maşının üstündən düşür. 500 manat az pul deyil ki, hər iki-üç aydan bir gedib nömrə alınsın. Hələ mən 500 manatı orta qiymət deyirəm, rüsumu 2000,3000 manat olan nömrələr var. Bu adama dəyən zərəri kim ödəməlidir? O baxımdan mən də düşünürəm iki, bizim qanunvericilikdə bununla bağlı boşluq var. Necə olur, adam xərc çəkir nömrə alır, nömrə itirilir və ya oğurlanır, bir il sonra başqa birinə qismət olur. Bu heç düzgün deyil. Bunu müddətsiz qoysunlar, nömrə nə vaxt tapılsa, sahibinə qaytarılsın. Biri oğurluq etmək istəyir, cinayət eləmək istəyir gəlib mənim maşınımın nömrəsinindən istifadə edir, onun əziyyətini mən çəkirəm. Bununla bağlı qanunvericilikdə mütləq dəyişiklik olunmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh