Reklam

Niyə bəzi insanlar bu qədər beyinsizdir? - Təhlükə var

Yazarlar 4 May 2018 12:29 Oxunub 2395
Niyə bəzi insanlar bu qədər beyinsizdir? - Təhlükə var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə bir təfəkkürün izahını verə biləcək kimsə varmı?

Dünən axşam saat 11 radələrində Bakının Salyan şossesində, Bayraq meydanı yaxınlığında bir qadını maşın vurması haqqında artıq hər kəsin xəbəri var. Məsələ ondadır ki, o anlarda mən də hadisə yerində idim. Tam bir təsadüf üzündən. Mayın 3-də Salyanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 3 May Türkçülük Gününə həsr edilmiş tədbirə dəvət edilmişdik. Təşkilatçı Azərbaycanlıların və Digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi idi. Tədbir geniş proqramlı idi, ona görə də bütün günümüzü sevə-sevə həsr etdik.

Tədbir çərçivəsində Salyanda ulu öndər Heydər Əliyevin, türk dünyasının böyük fikir və dava adamlarından olan Əlibəy Hüseynzadənin, tribun şair Xəlil Rza Ulutürkün abidələrini, türk şəhidliyini ziyarət etdik.

Rəsmi və qeyri-rəsmi hissədən sonra axşama Bakıya yol aldıq. Bizim üçün avtobus təşkil edildiyinə görə şəxsi avtomobillərdən istifadə etmədik.

Bakıya hardasa saat 23 radələrində gəlib yetişdik. Mən məhz o qəzanın baş verdiyi yerdə avtobusdan düşüb yeraltı keçidə yönəldim. Ətraf sakitlikdi, maşınlar da normal hərəkət edirdi. Amma yeraltı keçiddən çıxanda bir narahatlıq hiss etdim. Az irəlidə yolun ortasında nəqliyyat dayandırılmış, adamlar toplaşmışdı. Bir qədər qabağa gələndə olanları anladım. Asfaltın üzərində bir şəxs uzanmışdı. Üstü bağlıydı. Yanındakı çantadan anladım ki, qadındır. Bəlli oldu ki, maşın vurub.

Və ona bir daha təəssüf və heyrət etdim ki, bir insan nəqliyyatın bu qədər intensiv olduğu yerdə gül kimi yeraltı keçid varkən niyə özünü maşınların altına atsın axı? Belə bir təfəkkürün izahını verə biləcək kimsə varmı?

Şəxsən mən çox arxayın bir şəkildə yeraltı keçiddən keçdim, sağ-salamat gedib maşınımı götürdüm və evimə – ailəmin yanına qayıtdım. Ola bilər ki, o yolu keçərkən hardasa 1-2 dəqiqə vaxt itirdim. Amma olsun. Əvəzində evimə salamat qayıtdım.

Bəs o həlak olmuş insan niyə bunu etmədi? Niyə həm özünü, həm yaxınlarını, həm də onu vuran maşının sürücüsünü bədbəxt etdi?

Nədir axı bizim insanımıza mane olan? Niyə insanlarımız bilə-bilə özlərini bu qədər açıq riskə atırlar? Nədir, yolu 1-2 dəqiqə tez keçmək üçün? Dəyərmi buna? Yaxud da hansısa 100-200 metr yolu piyada getmək o qədərmi çətindir? Axı daha çox oturaq işlə məşğul olduğumuz bir vaxtda piyada gəzməyə hər birimizin ehtiyacı var. Elə mən özüm dünən maşınımın olduğu yerdən 2 km aralıda avtobusdan düşüb qalan yolu piyada getdim. Ölmədim, ağrımadım, canım da, başım da salamat qaldı. Amma o qadın cəmi 20 metrlik məsafədə olan yeraltı keçidi qoyub özünü maşının altına atdı. Ki, mənzil başına cəmi bircə dəqiqə tez çatsın…

Belə hal ilk deyil. Mən hər dəfə məhz nəzərdə tutulmayan, bunun üçün uyğunlaşdırılmayan yerlərdən yolu keçərkən piyadaların vurulması hallarını görəndə, eşidəndə buna heç cür izah tapa bilmirəm.

Hansı əsrdə yaşayırıq axı biz? Doğrudanmı insanımız belə bir dövrdə də yolu necə keçəcəyi qədər ən adi bir qaydanı mənimsəyə bilmir?

Nə deyim? Necə izah edim bunu? Necə anlayım? Niyə bəzi insanlar bu qədər beyinsizdir? Başqalarını bilmirəm, mənim təfəkkürüm belə məsələləri heç cür emal edə bilmir. Heç cür anlaya bilmirəm belə davranışları…

 

Azər HƏSRƏT,

[email protected]

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Qalib ARİF 4 May 2018 15:02
Salamlar! Düşünürəm ki, bu, beyinsizlik deyil, sadəcə olaraq, mədəniyyətsizlikdir. Zira, yol-hərəkət qaydalarına əməl etmək də bir mədəniyyətdir.