“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” - İDDİA

Yazarlar 17 Avqust 2018 11:59 Oxunub 1653
“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” - İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyyub Hüseynov: “Orada mənşəyi məlum olmayan məhsullardan istifadə edilir”

2016-cı ildə Donna C adlı xanım “McDonald’s”a belə bir sual verib: “McDonald’s GMO-dan istifadə edirmi?” Kanada “McDonald’s”dan xanımın sualına cavab olaraq bildirilir ki, onların menyusunda bütün Kanada daxilində mağaza və restoranlarda olan maddələrə oxşar GMO ehtiva edə bilər: “GMO məhsullarını istifadə etmək istəməyən müstəqil fermerlərin (təchizatçılarımızı təmin edən) qərarı var və Kanadada GMO etiketləməsi tələb olunmadığı üçün xüsusi bir siyahı təqdim edə bilmərik”. Fastfoodun insan orqanizmi üçün zərərləri barədə illərdir mütəxəssislər bar-bar bağırır. Hətta bəzi mənbələr irəli gedərək fastfoodu genetik silah da adlandırırlar. Dünyanın bir çox ölkələrində öz məşhurlaşan “McDonald’s”da satılan məhsullarda GMO olması ilə bağlı iddialar da çoxdur. Avtosfer.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub HüseynovYeni Müsavata açıqlamasında bildirdi ki, hər 3 ildən bir müxtəlif ölkələrdə keçirilən dünya konqreslərində McDonalds haqqında mənfi fikirlər söylənir: “AİB istehsalçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın üzvüdür. 120 ölkədən olan həmkarlarımız McDonald’sdan istifadə etməməyə çağırır. Bunun birinci səbəbi budur ki, orada istehsal olunan mallar mənşəyi məlum olmayan məhsullardan istifadə edilir. İstisna edilmir ki, ora Genetik Modifikasiya Olunmuş mallar da gətirilir. Beynəlxalq təşkilatların hesabatında orada istifadə edilən ketçuplar, kartof qızartmaları, çipslər və s. böyük əksəriyyəti GMO kimi şərh olunur. Azərbaycanda bunların ekspertizasını aparmaq mümkündür.  Azad İstehlakçılar Birliyi olaraq biz müşahidə apara bilərik, nümunə götürüb ekspertiza etdirmək də olar. Amma o ekspertizanın hüquqi əsası olmayacaq. Bunu araşdırmaq üçün Qida Təhlükəsizliyi Agentliyi ekspertiza aparmalıdır ki, hüquqi əsası olsun”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev açıqlamasında qeyd etdi ki, ölkəyə daxil olan qida məhsullarına agentlik tərəfindən nəzarət olunur: “Hazırda qida sahəsində fəaliyyət göstərən müəssisələrin, sahibkarlıq subyektlərinin qeydiyyatı prosesi həyata keçirilir və qeydiyyatla bağlı olaraq gələcəkdə digər müəssisələr kimi təbii ki, McDonald’sa da baxış keçiriləcək".

Bakıdakı McDonald’s restoranlar şəbəkəsindən isə bildirildi ki, McDonald’s Azərbaycan restoranlarında istifadə olunan məhsullarda və inqridiyentlərinin tərkibində heç bir GMO istifadə olunmur: “McDonald’s Azərbaycan şirkəti hər zaman müştərilərinə yüksək keyfiyyətli məhsul təqdim edir, eyni zamanda bütün yerli və beynəlxalq qida təhlükəsizliyi standartlarını qoruyur. McDonald’s Azərbaycan şirkəti idxal etdiyi və istifadə etdiyi  bütün məhsullar müvafiq  dövlət və müstəqil laboratoriyalar tərəfindən yoxlanır. Bütün analizlər, məhsulun tərkibi və mənşəyi haqqında müvafiq sertifikatlar təqdim edildikdən sonra məhsullar ölkə daxilinə buraxılır. Bildiyiniz kimi, McDonald’s Azərbaycan üçün qida təhlükəsizliyi və məhsulların keyfiyyəti ən önəmli və prioritet məsələdir. McDonald’s Azərbaycan restoranlarında istifadə olunan məhsullar yüksək keyfiyyət və qida təhlükəsizliyinə malik olan və  McDonald’s-in standartlarına cavab verən  istehsal müəssisələrindən alır. Dəfələrlə McDonald’s Azərbaycan şirkətinin dəvəti ilə KİV nümayəndələri bu istehsal müəssisələrinə və restoranlarımıza dəvət olunublar. Dəvət zamanı bütün istehsal prosesi ilə yaxından tanış olub, hazırlanan və istifadə olunan xammalın  keyfiyyətini və təhlükəsizliyini  öz gözləri ilə görüblər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh