Paytaxtın yeriyən pilləkən dərdi... - FOTOLAR

Yazarlar 8 Avqust 2018 16:44 Oxunub 3375
Paytaxtın yeriyən pilləkən dərdi... - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Nə çox gileyləndim... Nəvəmə canım qurban, lazım gəlsə, yüz pilləkən düşüb-çıxaram”

Hündür yerlərdən enmək asandır, çıxmaq çətin... Bu çətinliyi aradan qaldırmaq üçün də Bakı küçələrində 40-a yaxın yerüstü və yeraltı piyada keçidlərində eskalator quraşdırılıb. Lakin əksəriyyəti aylardır, işləmir. Bu da enib-çıxanlara xüsusən də yay aylarında çətinlik yaradır. Bundan daha çox uşaqlılar, yaşlılar və fiziki qüsurlu insanlar əziyyət çəkirlər.Yusif Səfərovla Mehdi Mehdizadə küçələrinin kəsişməsində yerləşən yeraltı keçidin Mərkəzi Neftçilər Xəstəxanası və Perinatal Mərkəzə tərəf çıxışlarında eskalatorlar quraşdırılıb. 2010-cu ilin dekabr ayında istismara verilən bu eskalatorlar uzun müddətdir, xarab olub.

Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında keçidə enmək üçün adi pilləkən, iki eskalator var. Biri enir, digəri qalxır. Enən eskalator işləsə də, qalxan eskalator işləmir.

Keçidin Perinatal Mərkəzə tərəf çıxışında da eyni vəziyyətin şahidi oluruq. Arxamızdan gələn hamilə qadın eskalatorun pilləsinə ayaq qoyur. Pillələrin qalxmadığını görüb geri çəkilir və yenidən cəhd edir. Eskalatorun işləmədiyini anlayanda isə necə deyərlər, “Kərəmi burda ağlamaq tutur”.

Yaxınlaşıb bir-iki kəlmə söhbət etmək istəyirəm. Jurnalist olduğumu eşidincə, nəinki danışmaqdan, hətta köməyimdən belə, imtina edir və onun şəklini çəkməməyimi xahiş etməyi də unutmur. Şəklini çəkməyəcəyimdən əmin olandan sonra ağır addımlarla yoluna davam edir...

Həmsöhbət olduğum Samara xala təzəlikcə nənə olduğunu bildirir. Sən demə, gəlini dünən Perinatal Mərkəzdə ilk övladını dünyaya gətirib. O da hazırda gəlininin yanına gedir, şəklinin çəkilməsini də istəmir. Oğlanlarından çəkinir. Şəklinin çəkilmədiyi halda danışa biləcəyini deyir: “Dünəndən bura gəlib-gedirəm. Özüm də xəstə adamam. Ayaqlarımda yel var. Üstəlik çəkim də çoxdur, yeriyə bilmirəm. Addım-addım gəzirəm. İstidə çıxana qədər qan-tərə batıram”.

Sonra çox gileyləndiyini düşünüb gülür: “Nə çox gileyləndim... Nəvəmə canım qurban, lazım gəlsə, yüz pilləkən düşüb-çıxaram”.

Axırda da şəklini çəkməyə icazə vemədiyi üçün inciyib-incimədiyimi dəqiqləşdirəndən sonra sağollaşıb, sevincək pilləkənlərə doğru “sürünür”.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan “Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, eskalatorlar işlək mexanizm olduğuna görə tez-tez sıradan çıxır: “Bəzi ərazilərdə piyada keçidlərində eskalatorlar işləmir. Bunun da səbəbi odur ki, eskalatorlar Azərbaycanda istehsal olunmur. Ona görə də ehtiyat hissələri xaricdən gətirilir. Təmir olunması mümkündürsə, əməkdaşlarımız çalışır ki, qısa müddətə təmir etsinlər. Yox, mümkün deyilsə, ehtiyat hissələri xaricdən sifariş olunur. Və xaricdən sifariş edilməsi, gətizdirilməsi və quraşdırılması 15-20 gün vaxt aparır. Ona görə də bu müddət ərzində eskalatorlar işləməyə bilər”.

A.Nəcəfli Mərkəzi Neftçilər Xəstəxanası tərəfdəki eskalatorların çoxdan sıradan çıxmadığını da əlavə edir: “Onların ehtiyat hissələrində tez-tez problem meydana gəlir. Ona görə də müəyyən vaxtlarda təmirə dayandırılır. Eskalatorlar sensorlu olduğuna görə tez-tez sıradan çıxır. Elektron cihazların alınması da vaxt tələb edir. Ümumilikdə, eskalatorlarda problem yoxdur”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh