Reklam

Qəlyan siqaretdən zərərsiz görünsə də..

Yazarlar 28 Mart 2018 22:21 Oxunub 19857
Qəlyan siqaretdən zərərsiz görünsə də..
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əslində 1 qəlyan 50 siqaretə bərabərdir

Adil Qeybulla: “Keyfiyyəti ilə bağlı ciddi şübhələr var” 

Təəssüflər olsun ki, son zamanlarda Azərbaycanda, xüsusilə də Bakıda sulu qəlyanın və elektron siqaretin istifadəsi çox geniş şəkildə yayılıb. Demək olar ki, bundan daha çox istifadə edənlər isə gənc nəslin nümayəndələridir. Bundan niyə istifadə etdiklərinin səbəbini soruşduqda isə bunun daha zərərsiz olduğunu deyirlər. Bəs görəsən həqiqətən belədir? Sulu qəlyanın və elektron siqaretin insan sağlamlığı üçün hansı zərərləri var? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, əslində, elektron siqaretlər və sulu qəlyan siqaretin alternativi və insanların tədricən nikotindən əl çəkməsi ilə bağlı bir ideyadır: “Elektron siqaretlərin orqanizmə təsirinin yaxın və uzaq nəticələri haqqında hələ ki, ciddi araşdırmalar ortaya qoyulmayıb. Yəqin ki, bir müddət sonra bununla bağlı müəyyən rəylər ortaya çıxacaq. Söhbət istər qəlyanlarda, istərsə də elektron siqaretlərdə istifadə olunan meyvəli və digər dadların təbii və süni olmasından gedir. Yəni, süni boyalar, süni aromatik maddələr və başqa konsoregen təsiri var. Digər ölkələrdən gətirilmiş bu cür keyfiyyətsiz maddələr gömrükdən keçirilir və ölkəyə daxil olur. Amma bunların keyfiyyəti ilə bağlı ciddi şübhələr var. Hesab edirəm ki, insanlar buna özləri şüurlu şəkildə yanaşmalıdırlar. Televiziya ekranlarında yayımlanan boş-boş şou verilişlərindənsə, məhz bu cür vasitələrin zərəri haqqında gənclərə mütəmadi məlumat verilməsi, təbliğat aparılması daha məqsədəuyğun olar. Bu təbliğatın özü də xeyli insanın fikrini dəyişə bilər. Amma hazırda təbliğat daha çox təlqin və bu məsələləri dəstəkləmək istiqamətində gedir. Ona görə də düşünürəm ki, istər elektron, istərsə də yerli KİV-lər  bu məsələyə xüsusi diqqət ayırmalıdırlar. Belə zərərli vərdişlərin istifadə olunması insan orqanizminə zərərsiz ötüşmür”. 

Psixoloq Elnur Rüstəmov isə qloballaşmanın mövcud olan problemlərindən birinin insanların sağlam həyat sürməyə çalışmasından ibarət olduğunu dedi: “Eyni zamanda insanlarda həmin qloballaşma dövründə həzz alma istəyi də artır. Yəni, insan komforta düşkün olur. Bir tərəfdən sağlamlığının qeydinə qalmaq istəyir, digər tərəfdən də kefindən qalmaq istəmir. Bu zərərli vərdişlərə münasibətdə də belədir. Belə ki, siqaret çəkən bir tərəfdən çəkmək, digər tərəfdən isə tərgitmək istəyir. Özünü rahatlatmaq üçün həmin kapitalist təfəkkürü bunun üçün alternativlər qoyur ki, elektron siqaret və qəlyanın insan orqanizminə ziyanı azdır. Biz görürük ki, elektron siqaretin və sulu qəlyanın insana zərəri var, hətta siqaretdən daha artığı var. Bu gün həmin o zərərli vərdişlərdən asılı olan insanların yaş qrupuna baxdıqda daha çox yeniyetmələr, gənclər və zərif cinsin nümayəndələrinin olduğunu görürük. Bütün bunlar insana və ətrafda baş verən proseslərə təsir göstərir. Mən bilirəm ki, Azərbaycan cəmiyyəti bəlli bir müddətdən sonra bu bariyeri keçəcək. Onlarda bu cür şeylərə qarşı maraq azalacaq. Çünki sağlam şəkildə bu zərərli vərdişlərdən uzaqlaşmağın yolu var. Sadəcə burda birinci növbədə insanın özündə istək olmalı və bu istiqamətdə addım atmalıdır. Əgər bu olmasa onu aradan qaldırmaq şübhəsiz ki, çətin olacaq”. 

Psixoloq onu əlavə etdi ki, hazırda bu istiqamətdə də çoxlu təbliğat işləri gedir: “İstər filmlər, istər incəsənət nümunələri üzərində bunun təbliğatı gedir. Bu da bütün insanlara da təsir göstərməsə, təsirə düşən insanların psixologiyasında, şüuraltısında dərin iz buraxır”. 

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, siqaretlə yanaşı, elektron siqaretlərin, sulu qəlyanın da insan sağlamlığı üçün zərəri var: “Amma siqaretə qarşı anti-reklamdan istifadə edənlər, elektron siqaret və sulu qəlyana marağın artmasına şərait yaradırlar. Hansı ki, sulu qəlyanın zərəri siqaretdən az deyil. Elektron siqaretlərin isə tərkibində nikotin var, yəni asılılıq yaradır. Amma guya ki, elektron siqaret tütün məhsullarından asılılığı aradan qaldırır. Marketlərdə, iri ticarət mərkəzlərində, 100-150 manata olan elektron siqaretlər elektron məhsul kimi qeydiyyatdan keçirilir. Halbuki o da siqaret kimi qeydiyyatdan keçirilməlidir”.  

Millət vəkili Musa Quliyevin fikrincə, sulu qəlyanın və elektron siqaretin çox böyük zərərləri və mənfi təsirləri var: “Həm insan orqanizmini, həm də ətrafdakıları zəhərləyir. Eyni zamanda, gigiyenik qaydalara fikir verilmədiyi halda ağız vasitəsilə infeksiyanın bir şəxsdən digər şəxsə ötürülməsi qorxusu var. Bir sözlə, istənilən infeksion xəstəliyin yoluxmasına gətirib çıxarır”. 

Həkim Azər Həsənov da insanları qəlyan təklif edən iaşə obyektlərinin cəlbedici elanlarına aldanmamağa çağırır: “Azərbaycanda qəlyan çəkənlərinin sayının artması yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. Bəzi insanlar qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də, əslində mütəmadi qəlyan çəkənlərdə müxtəlif xəstəliklər yarana bilər. Uzun müddət qəlyandan istifadə olunması sonda ağciyər xəstəliyinə gətirib çıxarır. Qəlyan istifadə edənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Amma bu tamamilə səhv düşüncədir. Çünki nikotin su ilə isladılır, sıxılır və sonra qəlyana əlavə olunur. Nəzərə alınmalıdır ki, su tüstünü tamamilə zərərli maddələrdən təmizləmir.  Və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. Qəlyan həm də yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Belə ki, gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb ola bilər”. 

Qeyd edək ki, son dövrlərdə gənclərin siqaret qədər müraciət etdikləri ikinci zərərli vərdiş qəlyandır. Qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanlar xüsusən siqaret çəkməyənlərin hobbisinə çevrilsə də, nəticədə hər ikisi orqanizmə ziyan vurur. Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Siqaret dumanında 5—135 nanoqram (milli qramın mində biri) arsenium  varsa, qəlyanda bu, 175 ng-yə bərabərdir. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir. 

 

Könül Əhmədova

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh