Reklam

Söyməyə, yoxsa gəzməyə qərib ölkə...

Yazarlar 12 Aprel 2018 13:11 Oxunub 2772
Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ərəb baharları”nı, rəngli inqilabları məhz sizin kimilərin əli ilə etdilər...

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı...

 

Bu el bayatısını bir az impravizə etmək, XXI əsrin ruhuna uyğunlaşdırmaq istədim. Çox əlləşib-vuruşdum və sonunda gördüm ki, məndə impravizə alınmır. Bəlkə də mühafizəkarlığım buna mane olur. Məncə, zamanında kimsə tərəfindən yaradılan və illər keçəndən sonra xalqın deyimi-duyumu kimi yaddaşlara hopan mahnıya, şeirə, bayatıya bir not, bir söz əlavə etmək paltara yamaq vurmaq kimi bir şeydir. Hər yaradılanın ilkinliyində ilahi bir iz, ilahi bir çəki var. Ona toxundunsa o müqəddəslik itəcək və adiləşəcək. 

Son zamanlar izlədiyim, azərbaycanlı olmadıqlarına içimdə şəkk-şübhə qalmadığına özümü inandırdığım insanları müşahidə etdikdən sonra bir neçə kəlmə yazmaq üçün yazının başlanğıcını fəlsəfəyə köklədim. Və o fəlsəfə ki, bizə haradan gəlib, hara gedəcəyimizi xatırladır...

Sözü fikrə deyil söyüşə çevirib uzaqdan onu daş kimi hara, kimə gəldi tolazlamağın adı düşmən dəyirmanına su tökməkdir. Görəsən onlar nə etdiklərini, nə üçün etdiklərini bilirlərmi? Bəli, bilirlər. Bilirlər ki, etdikləri özgələr üçündür. Onsuz da özgələrin sifarişini yerinə yetirib, çaldıqları havaya oynayırlar. İnsanlardan incimək, küsmək olar. Bəs, Vətəndən üz döndərmək necə? Olarmı, olmaz! 

Axı o söyüşün ünvanı həm də Vətəndir. Heç bunu anladınızmı? Dövlətə, bayrağa, himnə dönüklük qanınızdadır ki, onu içimizdə yaşaya-yaşaya illər boyu biz bilmədik və sərhədi keçəndən sonra özünü biruzə verdi. “Mənim Vətənimdə azadlıq, demokratiya yoxdur”,- deyib yaltaqlandığınız, yalmandığınız ağalarınızın dünyanı necə və hansı üsullarla dağıtdıqlarından, hər an can almağa hazır olan silahların, raketlərin ağzında demokratiya apardıqları ölkələrin aqibətindən xəbəriniz yoxdurmu? Açın gözlərinizi və yaxşı baxın...

Xatırlamağınız üçün deyim ki, “Ərəb baharları”nı, rəngli inqilabları məhz sizin kimilərin əli ilə etdilər...

İndi “çox rahatlıqla” özünüzü ifadə etdiyiniz məmləkətlərdə Azərbaycanı dağıtmaq, onu içindən laxlatmaq, dönüklərin əli ilə burada sabitliyi, əmin-amanlığı yıxmaq üçün hansı planların çızıldığından xəbərdarıq. Bu gün Azərbaycanı dünyanın ən güclü dövlətinə çevirmək üçün gecəsini-gündüzünə qatan insanlara şər-böhtan atmaqla qazancınız artsa da, cibiniz dolsa da siz bizim üçün də, elə ağalarınız üçün də bir heçsiniz. Yəni səsiniz gəlsə də, özünüz boy verə bilməzsiniz... 

Gəzməyə deyil, “əl quzusu” olub söyməyə qərib ölkə axtaranlarla “Ölməyə Vətən yaxşı” deyənlərin, Vətən daşı olanların, mamır olub Vətən qayasında bitənlərin fərqini bu gün hamı yaxşı bilir.

 

Hafiz Təmirov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh