Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi isə bütün bunların yerini insanın öz biometrik məlumatı tuta bilər.
Ovuc içi ilə ödənişin əsas üstünlüyü rahatlıqdır. Kartı itirmək, evdə unutmaq problemi yoxdur. Bir neçə saniyə ərzində ödəniş etmək mümkündür. Xüsusilə gündəlik və kiçik alış-verişlər zamanı bu üsul insan üçün daha asan görünə bilər.
Amma məsələ təkcə rahatlıqdan ibarət deyil.
Bəs insanlar biometrik məlumatlarını belə bir sistemə etibar etməyə hazırdırmı?
Kart məlumatlarının oğurlanmasından narahat olan insanlar indi öz biometrik məlumatlarının təhlükəsizliyini düşünməlidirlər. Çünki bank kartını dəyişmək mümkündür, amma biometrik məlumat insanın özünə məxsusdur.
Ovuc içi ilə ödəniş gələcəkdə bank kartlarını tamamilə əvəz edə bilərmi? Yoxsa insanlar yenə də ənənəvi ödəniş üsullarına üstünlük verəcək?
Avtosfer.az xəbər verir ki, mövzuya münasibət bildirən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Bizim.Media-ya bu, bank kartına olan ehtiyacı tamamilə aradan qaldırmayacağını bildirib.
“Azərbaycanda "PalmPay" kimi ovuc içi ilə ödəniş texnologiyalarının tətbiqi rəqəmsal ödəniş ekosistemində yeni bir mərhələ açsa da, yaxın və orta müddətli dövrdə bank kartlarına olan ehtiyacı tamamilə aradan qaldırmayacaq. Bu sistem ənənəvi kartları sıradan çıxarmaqdan ziyadə, istifadəçilərə daha sürətli və alternativ bir ödəniş kanalı təqdim edir. Ovuc içi ödənişlərin kütləviləşməsi üçün ölkə üzrə bütün ticarət obyektlərində xüsusi biometrik terminalların quraşdırılması tələb olunur ki, bu da müəyyən zaman aparacaq. Ən mühüm məqam isə odur ki, ovuc içi özlüyündə bir hesab deyil, sadəcə identifikasiya alətidir; arxa fonda tranzaksiyalar yenə də istifadəçinin bank hesabına və ya kart infrastrukturuna bağlanaraq icra olunur”, deyə o qeyd edib.
O hesab edir ki, cəmiyyətin bu yeni texnologiyaya güvənməsi və adaptasiya prosesi isə tədricən tətbiq olunan maarifləndirmə və təhlükəsizlik amillərindən asılı olacaq:
“Vaxtilə təmassız kartlara və ya Apple Pay/Google Pay sistemlərinə qarşı olan ilkin şübhələr zamanla rahatlıq faktoru hesabına aradan qalxdığı kimi, ovuc içi ödənişlərdə də bənzər dinamika müşahidə olunacaq. Dəri altındakı damar naxışlarının gözlə görünməməsi, kopyalanmasının imkansızlığı və canlılıq testi kimi qabaqcıl müdafiə mexanizmləri bu üsulu PİN kodlu plastik kartlardan daha təhlükəsiz edir. İstifadəçilərə biometrik verilənlərin foto kimi deyil, şifrələnmiş riyazi kodlar şəklində qorunduğu aydın izah edildikcə və xidmətin yaratdığı komfort hiss olunduqca, ovuc içi ödənişlərə olan ictimai etibar kəskin şəkildə artacaq”.
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR










