Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə

Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Suriyaya uzanan yeni logistika bağlantılarında rolunun artması məsələsi gündəmə gətirilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Suriyanın Tartus limanına yatırılması nəzərdə tutulan 800 milyon dollarlıq investisiyanın regionun logistika xəritəsi baxımından yeni imkanlar yarada biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, “DP World” tərəfindən Tartus limanının 30 illik konsessiya çərçivəsində modernləşdirilməsi planlaşdırılır. Layihənin ilk mərhələsində limana üç mobil kranın gətirildiyi və bunun yükötürmə qabiliyyətini təxminən 40 faiz artırmasının gözlənildiyi qeyd olunur. Növbəti mərhələlərdə isə əlavə kranların quraşdırılması, limanın dibinin dərinləşdirilməsi, körpü divarlarının təmiri və yeni yükdaşıma avadanlıqlarının istifadəyə verilməsi nəzərdə tutulur.
Rauf Ağamirzəyev bildirib ki, “DP World” Tartus limanını İraq, İordaniya, Livan və Türkiyəyə çıxışı olan regional logistika mərkəzinə çevirməyi hədəfləyir.
Bu proses Azərbaycan üçün də maraqlı perspektivlər yarada bilər. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirməklə ölkənin daha cənubdakı bazarlara çıxış imkanlarını genişləndirə bilər.
“Azərbaycan üçün maraqlı coğrafi bağlantılardan biri də E99 Avropa marşrutudur. Bu marşrut Naxçıvanın Sədərək rayonunun Dəmirçi kəndindən başlayaraq Türkiyənin Şanlıurfa vilayətinin Akçakale ərazisinə, Türkiyə–Suriya sərhədinə qədər uzanır. Marşrutun uzunluğu təxminən 856 kilometrdir”, – deyə Rauf Ağamirzəyev qeyd edib.
Perspektivdə Azərbaycan–Naxçıvan–Türkiyə–Suriya–Şərqi Aralıq dənizi istiqamətində yeni logistika oxunun formalaşması mümkün ola bilər.
Ekspert vurğulayıb ki, Tartus limanının inkişaf etdirilməsi bu marşruta dəniz
çıxışı baxımından əlavə əhəmiyyət qazandıra bilər. Zəngəzur dəhlizi, Türkiyənin nəqliyyat infrastrukturu, Suriya ərazisindəki yollar və Tartus limanı arasında inteqrasiya yaradılacağı təqdirdə Azərbaycanın Xəzər dənizindən Şərqi Aralıq dənizinə qədər uzanan daha geniş logistika zəncirində iştirakı mümkün ola bilər.
Gələcəkdə nəqliyyat dəhlizləri arasında rəqabət ayrı-ayrı yolların imkanları ilə deyil, onların bir-biri ilə nə dərəcədə inteqrasiya olunması ilə müəyyənləşəcək.
“Gələcəyin rəqabəti ayrı-ayrı yollar arasında deyil, bir-birinə inteqrasiya olunmuş logistika dəhlizləri arasında olacaq”, – deyə ekspert əlavə edib.
Eltac Zülfüqaroğlu
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












