Bakı metropoliteninə yeni qatarlar gətirilib - FOTO

Yaxın üç il ərzində Bakı metropolitenində 65 yeni nəsil vaqon və yaxud hər biri beş vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Xocəsən" elektrik deposunda vaqonların komplektləşdirilməsi prosesində məlumat verilib.
Qeyd olunub ki, bu qatarlardan yeddisi və yaxud 35 vaqon 2024-cü il ərzində Bakıya gətirilməlidir. "81-765 Б/766 Б" seriyalı yeddi qatardan ikisi artıq Bakıya çatdırılıb. Yeni qatarlar innovasiyalar baxımından sonuncu - dördüncü nəslə mənsub texnologiyalar əsasında istehsal olunacaq. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır. Bağlanmış müqaviləyə uyğun olaraq, vaqonların yığılmasının texniki tamamlama işləri və komplektləşdirilməsi Bakı metropoliteninin "Xocəsən" elektrik deposunda başa çatdırılacaq.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, qurum yeni qatarların sifarişi məqsədilə dünyada olan aparıcı texnologiyaların öyrənilməsinə və istehsal prosesi zamanı onların vaqonlarda tətbiqinə diqqət edir. Bundan savayı, Bakı metropoliteninin texniki xüsusiyyətləri, mürəkkəb relyefi, paytaxtın iqlim şəraitinə hesablanmış bir sıra məsələlər də texniki şərtlərin tərkib hissəsi olur. Vaqonların tam komplektləşdirilməsi üçün Bakı metropoliteninin texniki şərtləri və sifarişi əsasında Avropanın bu sahədə qabaqcıl müəssisələri ilə doqquz müqavilə imzalanaraq, avadanlıq və hissələr alınaraq Bakıya gətirilib.
Vaqonların dartı mühərrikləri Avstriya, dişli muftalar, akkumulyator batareyaları, manometrlər, vaqonlararası keçidlər Almaniya, maşinist kontrolleri və rəqssöndürücülər Çexiya, avtoqoşqular və yarımsabit qoşqular Polşa, relelər və yuvalar Niderland, qapı mexanizmləri İtaliya istehsalıdır. Bununla yanaşı, dünyanın aparıcı istehsalçılarından alınmaqla əyləc blokları, mühərrik kompressorları və s. ilə təchizat məsələləri də komplektləşdirmə məsələlərinin tərkib hissəsinə daxil edilib. Avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi, ultrabənövşəyi lampalarla vaqon salonunda havanın zərərsizləşdirilməsi, istilik izolyasiyasının effektini artıran tambursuz konstruksiya kimi məsələlər bu xüsusda əsaslardan biridir.
Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakı metropoliteni üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatar boyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi, sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir. Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinəsinin arxasında olmaqla əlil arabaları üçün yerlər mövcuddur.
Mobil cihazları enerji ilə yükləmək üçün USB portlar, müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbət təsir edən elementlərdir. Ümumilikdə, "81-765 Б/766 Б" seriyasından olan yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI













