Bakıda bu küçə yenidən istifadəyə verildi - FOTO

Yeniliklər 29 Oktyabr 2019 16:33 Oxunub 2067
Bakıda bu küçə yenidən istifadəyə verildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu işlər ümumilikdə 50 min kv.m-dən çox sahəni əhatə edib

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər Səbail rayonundan da yan keçməyib. Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Səbail rayonu Gülbala Əliyev küçəsində yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində aparılan tədbirlər yekunlaşdırılıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 8.6 km olan Gülbala Əliyev küçəsi bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmiri həyata keçirilməmişdi. Çünki yolun torpaq yatağı və yol əsası istismar müddətini keçib, üstəlik yeraltı kommunikasiya xətlərinin olmaması və ya sıradan çıxması yol əsasını yararsız vəziyyətə salıb. Bu üzdən təmir-tikinti işləri əhalinin ürəyincə olub.

Layihəyə uyğun olaraq, küçənin mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 50 min kv.m-dən çox sahəni əhatə edib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.

Vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.8 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq məqsədi ilə yeni işıqlandırma sistemi qurulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb və vətəndaşların istifadəsinə verilib.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi.

Qeyd edək ki, bundan öncə rayonun Elçin Əzizov küçəsində də təmir işləri həyata keçirilib. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçənin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir.

Ümumilikdə Səbail rayonu üzrə təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh