Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri

Yeniliklər 22 İyul 2026 21:06
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri
WhatsApp kanalımıza abunə olun

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha operativ ilkin tibbi yardım göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni "Ambucycle" xidmət modelinin tətbiqinə başlanılıb. Bildirilib ki, ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model çağırış ünvanına daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir. Xidmət modeli ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində tətbiq olunacaq.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu təşəbbüsü müasir şəhər səhiyyə xidmətləri baxımından olduqca müsbət addım hesab edir:

"Bakı kimi nəqliyyat sıxlığının yüksək olduğu şəhərlərdə təcili tibbi yardım briqadalarının hadisə yerinə vaxtında çatması bəzən ciddi çətinliklərlə müşayiət olunur. Xüsusilə səhər və axşam pik saatlarında kilometrlərlə uzanan tıxaclar səbəbindən ən müasir təcili yardım avtomobili belə hərəkət etməkdə çətinlik çəkir. Halbuki tibbdə "qızıl saat", hətta bir çox hallarda "qızıl dəqiqələr" anlayışı mövcuddur. Ürəktutma, insult, ağır travma, güclü qanaxma və tənəffüs çatışmazlığı kimi hallarda ilk 5–10 dəqiqə ərzində göstərilən tibbi yardım insanın həyatını xilas edə, əlillik riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu baxımdan motosiklet əsaslı "Ambucycle" modeli hadisə yerinə daha sürətlə çataraq həmin kritik vaxt itkisini minimuma endirə bilər. Motosikletlər avtomobillərlə müqayisədə dar küçələrdən, sıx nəqliyyat axınının olduğu yollardan və tıxacların arasından daha rahat keçə bilir. Bu üstünlük xüsusilə şəhər mərkəzində, yaşayış massivlərində və nəqliyyatın iflic olduğu ərazilərdə özünü daha qabarıq göstərir".

Ekspert vurğuladı ki, hadisə yerinə ilk çatan tibb işçisi xəstənin vəziyyətini qiymətləndirə, həyati göstəricilərini yoxlaya, ürək dayanması zamanı defibrilyasiya həyata keçirə, qanaxmanı dayandıra, oksigen terapiyasına başlaya və eyni zamanda əsas təcili yardım briqadasına vəziyyət barədə operativ məlumat ötürə bilər:

"Beləliklə, tam təchizatlı təcili yardım avtomobili gələnədək xəstənin vəziyyətinin ağırlaşmasının qarşısını almaq mümkün olur. Bununla yanaşı, qeyd edilməlidir ki, "Ambucycle" ənənəvi təcili yardım avtomobilinin alternativi deyil, onu tamamlayan əlavə xidmət modelidir. Motosikletlə nə xəstənin daşınması mümkündür, nə də bütün tibbi avadanlıqların daşınması. Buna görə də sistemin əsas məqsədi hadisə yerinə ilk çatmaq, həyati vacib tibbi müdaxilələri həyata keçirmək və sonrakı mərhələdə xəstəni təxliyə edəcək briqadaya şəraiti hazırlamaqdır. Bu yanaşma bir çox inkişaf etmiş ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardım xidmətinin ümumi effektivliyini artırır.

Layihənin uğuru yalnız motosikletlərin alınmasından asılı deyil. Ən vacib məsələlərdən biri bu motosikletləri idarə edən tibb işçilərinin peşəkar motosiklet sürücülüyü üzrə xüsusi hazırlıq keçməsidir. Çünki onlar adi motosiklet sürücüsü kimi deyil, fövqəladə vəziyyətdə hərəkət edən operativ xidmət əməkdaşı kimi fəaliyyət göstərəcəklər. Onlar həm yüksək sürətlə hərəkət etməyi, həm də təhlükəsizlik qaydalarına ciddi riayət etməyi bacarmalıdırlar. Eyni zamanda çətin yol şəraitində düzgün qərarlar qəbul etmələri də vacibdir. Bunun üçün xüsusi sürücülük təlimləri, mütəmadi məşqlər və təhlükəsiz idarəetmə bacarıqlarının daim təkmilləşdirilməsi zəruridir".

Onun sözlərinə görə, digər mühüm məsələ motosikletlərin tibbi təchizatıdır:

"Onlar yalnız nəqliyyat vasitəsi deyil, mobil ilkin tibbi yardım məntəqəsi funksiyasını yerinə yetirməlidir. Motosikletlərdə avtomatik xarici defibrilyator (AED), oksigen sistemi, qanaxmanın dayandırılması üçün vasitələr, ilkin yardım çantası, immobilizasiya avadanlıqları, həyati vacib dərman preparatları və rabitə vasitələri olmalıdır. Bu avadanlıqlar çağırış yerində ilk tibbi müdaxilənin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Layihənin uğurunda digər mühüm amillərdən biri də yol hərəkəti iştirakçılarının davranışıdır. Cəmiyyət anlamalıdır ki, "Ambucycle"in sirenası eşidildikdə və ya işıq siqnalları göründükdə ona yol vermək yalnız qanuni öhdəlik deyil, eyni zamanda kiminsə həyatını xilas etməyə kömək etmək deməkdir. Bunun üçün geniş maarifləndirmə kampaniyalarının aparılması, sürücülərə operativ nəqliyyat vasitələrinə yolvermə qaydalarının yenidən izah olunması məqsədəuyğun olardı. Dünya təcrübəsi də bu modelin səmərəliliyini təsdiqləyir. Statistikaya görə, bu sistem xüsusilə sıx şəhər mühitində hadisə yerinə çatma müddətini əhəmiyyətli dərəcədə azaldır və kritik hallarda sağqalma göstəricilərinin yüksəlməsinə müsbət təsir edir. Bu təcrübə onu göstərir ki, belə xidmətlər klassik təcili yardım sistemini əvəz etmədən onun operativliyini və səmərəliliyini artırır".

Müsahibimiz yeniliyin gələcəkdə hansı ərazilərdə tətbiq oluna biləcəyindən də danışdı:

"Əgər Bakıda həyata keçirilən pilot layihə uğurlu nəticələr verərsə, gələcəkdə xidmətin paytaxtın bütün rayonlarında, həmçinin Sumqayıt, Gəncə və nəqliyyat sıxlığının yüksək olduğu digər iri şəhərlərdə də tətbiqi məqsədəuyğun olar. Paralel olaraq dispetçer sisteminin təkmilləşdirilməsi, süni intellekt əsaslı marşrut seçimi, GPS izləmə və real vaxt rejimində nəqliyyat məlumatlarının inteqrasiyası kimi texnoloji həllər də "Ambucycle" xidmətinin effektivliyini daha da artıracaq. Nəticə etibarilə, "Ambucycle" layihəsi təkcə təcili tibbi yardımın operativliyini artıran yenilik deyil, həm də kritik vəziyyətlərdə insanların həyatını xilas etmək imkanlarını genişləndirən mühüm səhiyyə və ictimai təhlükəsizlik təşəbbüsüdür".

Oxunub : 522
ŞƏRH YAZ
Ad

E-mail

Şərh