Prezident anons verdi: Cənubi Qafqazda yeni logistika marşrutu açılacaq

Yeniliklər 13 Mart 2026 16:26
Prezident anons verdi: Cənubi Qafqazda yeni logistika marşrutu açılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev ötən gün XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Ermənistanla mümkün sülh razılaşmasından sonra regionda yeni nəqliyyat və logistika imkanlarının yaranacağını bildirib.

Dövlət başçısı qeyd edib ki, bu proses çərçivəsində Orta Dəhlizin genişləndirilməsi istiqamətində işlər aparılır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılması planlaşdırılır.

Maraqlıdır, yaxın Şərqdə baş verən hadisələr fonunda Zəngəzur koridorunun gerçəkləşməsi nə qədər yaxında görünür?

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov bildirib ki, İlham Əliyevin martın 12-də XIII Qlobal Bakı Forumunda etdiyi çıxışda Orta Dəhlizin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkib: "Dövlət başçısı bu mövzuya həm də martın 11-də Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda da toxunub. Prezidentin son iki mühüm tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın tranzit potensialının sürətlə artdığını göstərir. Ermənistanla sülh sazişinin əldə olunması və ya ən azı sənədin paraflanması regionda yeni siyasi reallıq yaradır. Bu isə həm Azərbaycanın, həm də region ölkələrinin nəqliyyat-logistika imkanlarının genişlənməsinə şərait yaradır".

Deputat qeyd edib ki, yeni şəraitdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat, enerji, optik kabel və digər infrastruktur xətləri vasitəsilə birbaşa əlaqənin yaradılması üçün geniş imkanlar formalaşır və bu istiqamətdə artıq addımlar atılır: "Bu layihələr Naxçıvanın nəqliyyat-logistika potensialını daha da artıracaq və Orta Dəhliz üzərindən beynəlxalq yüklərin daşınması üçün yeni marşrutların formalaşmasına şərait yaradacaq. Cənubi Qafqazda həyata keçirilən nəqliyyat-logistika layihələri bütövlükdə Avrasiya məkanında mühüm rol oynayan Orta Dəhlizin inkişafına əlavə imkanlar yaradır. Bu proses nəticəsində region ölkələrinin tranzit imkanları genişlənəcək və iqtisadi əməkdaşlıq daha da güclənəcək".

Azər Allahverənov bildirib ki, Asiyadan Avropaya daşınan yüklərin həcminin artması, həmçinin digər nəqliyyat marşrutlarında baş verən münaqişələr alternativ və təhlükəsiz logistika xətlərinə ehtiyacı daha da artırır: "Bu baxımdan Orta Dəhlizin tam funksional şəkildə fəaliyyət göstərməsi və onu tamamlayan yeni marşrutların yaradılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat marşrutunun, o cümlədən Zəngəzur dəhlizinin reallaşması Orta Dəhlizin potensialını daha da artıracaq. Bu layihələrin həyata keçirilməsi ilə Asiya və Avropa arasında yük daşımalarının həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir"./news24.az

FOTO QALEREYA
Oxunub : 308
ŞƏRH YAZ
Ad

E-mail

Şərh