Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT

Balkanlardan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada sərnişin dəmir yollarının yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bolqarıstan, Rumıniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanda yeni qatarların alınması, sürətli dəmir yolu xətlərinin inkişafı və yerli istehsalın genişləndirilməsi ilə bağlı paralel proseslər gedir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Azərbaycan da regionda gedən bu prosesdən kənarda deyil. Müxtəlif ölkələrdə dəmir yolu nəqliyyatının modernləşdirilməsi yalnız yeni qatarların alınması ilə məhdudlaşmır.

Ekspert qeyd edib ki, Bolqarıstan “Skoda” və “Alstom” şirkətlərindən ümumilikdə onlarla yeni elektrik qatarı alır. Bu qatarların maksimal sürəti saatda 160 kilometrə çatır.
Rumıniyada isə CRRC istehsalı olan elektrik qatarı Buxarest–Braşov marşrutunda istismara başlayıb.
Türkiyədə TÜRASAŞ tərəfindən 225 km/saat sürətə malik milli elektrik qatarının sınaqları aparılır. 2026–2028-ci illərdə 14 belə qatarın istehsalı və lokallaşdırma səviyyəsinin 75 faizə çatdırılması hədəflənir.
Gürcüstanda Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə 10 yeni elektrik qatarının alınmasına hazırlıq görülür. Hazırda bu istiqamətdə bazar araşdırması aparılır.
Qazaxıstanda isə “Stadler” şirkəti ilə əməkdaşlıq çərçivəsində sərnişin vaqonlarının istehsalının lokallaşdırılması ilə yanaşı, alüminium kuzaların yerli istehsalına da başlanılır.
Özbəkistanda Daşkənddən həm şərqə, həm də qərbə sürətli dəmir yolu şəbəkəsi genişləndirilir. Əndican istiqamətində saatda 160 kilometr, Xivə istiqamətində isə 250 kilometr sürətə malik qatarların tətbiqi nəzərdə tutulur.
Rauf Ağamirzəyevin sözlərinə görə, Azərbaycanda da dəmir yolu parkının yenilənməsi ilə bağlı işlər aparılır. “Azərbaycan Dəmir Yolları” QSC Çin şirkətləri ilə yeni sərnişin qatarları və vaqonların alınmasını müzakirə edir. Planda 4 yeni rayonlararası qatarın, 50 vaqonun, həmçinin Bakı və ətraf ərazilər üçün daha 20 sərnişin qatarının alınması məsələsi var.
Ekspert vurğulayıb ki, burada əsas diqqətçəkən məqam yalnız yeni qatarların alınması deyil. Region ölkələri eyni zamanda hərəkət tərkibini yeniləyir, qatarların sürətini və hərəkət tezliyini artırır, texniki xidmət sistemlərini inkişaf etdirir, istehsalı lokallaşdırır və dəmir yolunu milli sənaye siyasətinin mühüm istiqamətlərindən birinə çevirirlər.
Ekspert hesab edir ki, bu proses Orta Dəhlizin gələcəyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan/Türkiyə marşrutunda rəqabətin yalnız coğrafi mövqe ilə müəyyənləşməyəcəyini bildirən ekspertə görə, sürət, buraxılış qabiliyyəti, etibarlılıq və xidmət keyfiyyəti əsas rəqabət faktorlarına çevrilir.
“Azərbaycanın qarşısında mühüm imkan var. Yeni qatarların alınmasını sadəcə parkın yenilənməsi kimi deyil, texnologiya transferi, texniki xidmət, kadr hazırlığı və gələcək lokallaşdırma strategiyası ilə əlaqələndirmək lazımdır. Çünki regionda dəmir yolu artıq yeni mərhələyə keçir”, – deyə ekspert bildirib.
Beləliklə, regionda dəmir yolu nəqliyyatının inkişafı həm sərnişin daşımalarının keyfiyyətinin artırılması, həm də beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcını formalaşdırır.
Eltac Zülfüqaroğlu
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO










