“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edilib - FOTO

Yeniliklər 5 Noyabr 2024 18:36 Oxunub 246
“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarınun təqdimetmə mərasimi keçirilib.

Bu barədə Avtosfer.az-a Təhsilin İnkişafı Fondundan xəbər verilib.

“TələbəPlus” kartları ilk dəfə olaraq BDU-nun 14 tələbəsinə təqdim olunub.

Bildirilib ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib. Təhsilin İnkişafı Fondunun yarandığı gündən etibarən tələbəyönümlü müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdıran rektor, “TələbəPlus” kartlarının verilməsini də bu uğurlu layihələrdən biri hesab edir. Elçin Babayev ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bir ildən artıq üzərində çalışdıqları layihənin artıq reallaşdığını və tədbirdə iştirak edən tələbələrin “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlarını diqqətə çatdırıb. Elnur Nəsibov Təhsilin İnkişafı Fondunun daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verdiyini və bu layihənin də dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələsində peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.

Fondun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, indiyədək 200-dən artıq şirkətdə geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.

“Kapital Bank”ın Korporativ satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərindən biri olan Kapital Bankın hər zaman təhsilə xüsusi diqqət ayırdığını vurğulayıb. Tələbələri təbrik edən Qara Əbdülrəhmanov maliyyə savadlılığının müasir dövrümüzdə peşəsindən, sosial statusundan asılı olamayaraq hər kəs üçün aktual bir mövzu olduğunu bildirib. O, “TələbəPlus” kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradılacağını diqqətə çatdırıb.

“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev isə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. O, rəqəmsal ödəmələrdə dünya lideri olan “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmasından məmnunluq hissini bildirib.

“TələbəPlus” kartı təqdim edilən “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Qasımov layihənin ərsəyə gəlməsində iştirak edən qurumlara təşəkkürünü bildirib.

Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya qəbul olan 14 I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh