Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO

Şabran rayonunda güclü yağan yağışlar ciddi fəsadlar törədib. Dağ çaylarında – xüsusilə Dəvəçi və Vəlvələ çaylarında suyun səviyyəsi kəskin artıb, nəticədə sel və daşqınlar baş verib. Daşqınların təsiri ilə rayonun bir neçə kəndini birləşdirən körpülər dağılıb, bəzi yerlərdə isə yol infrastrukturu tam yararsız vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, Şabranın dağ kəndləri – Əmirxanlı, Vələsli, Düzbilici və Qorqan istiqamətində yerləşən körpülər ciddi zərər görüb.
Bu kəndlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilməsə də, hazırda sakinlər yalnız alternativ, köhnə yoldan istifadə etmək məcburiyyətində qalıblar. Lakin vəziyyət Xəlifələr, Düzbilici və Çinarlar kəndlərində daha ağırdır. Bu kəndlərə aparan körpülərin tam uçması nəticəsində kəndlə rayon mərkəzi arasında gediş-gəliş faktiki olaraq dayanıb. Hazırda bu yaşayış məntəqələrinə aparan normal avtomobil yolu yoxdur. Sakinlərin sözlərinə görə, yalnız dağ yollarından istifadə etmək mümkündür. Ancaq bu yolların vəziyyəti çox bərbaddır və yalnız UAZ və ya yük maşınları ilə keçmək mümkündür. Minik avtomobillərinin həmin yollardan istifadə etməsi demək olar ki, mümkün deyil.

Bu vəziyyət kənd sakinlərini ciddi çətinliklərlə üz-üzə qoyub. Kəndlərdə xəstəsi olan, rayon mərkəzinə getməli olan və ya digər zəruri ehtiyacları olan insanlar üçün əlaqənin kəsilməsi böyük problem yaradıb. Sakinlər bildirirlər ki, körpülərin bəzisi əslində keçən il yağan güclü yağışlar zamanı da zərər görmüşdü. Həmin vaxt əsaslı bərpa işləri aparılmadığı üçün yalnız körpünün kənarından müvəqqəti keçid yolu düzəldilmişdi. Bu keçid isə yalnız kiçik avtomobillər üçün nəzərdə tutulmuşdu və müvəqqəti xarakter daşıyırdı.

Sakinlərin sözlərinə görə, əgər körpülər ötən il əsaslı şəkildə bərpa olunsaydı, indiki güclü yağışlar zamanı bu qədər ciddi problemlər yaranmazdı. Hazırda isə bəzi kəndlərin rayonla əlaqəsi faktiki olaraq kəsilib və sakinlər vəziyyətin tezliklə aradan qaldırılacağına ümid edirlər. Bölgə sakinləri xatırladır ki, bir müddət əvvəl baş verən sel hadisəsi zamanı iki nəfər çayı keçmək istəyərkən axına düşərək həyatlarını itirmişdilər. Onların cəsədləri bir neçə gün sonra tapılmışdı. Bu səbəbdən sakinlər təhlükəli vəziyyətdə çayı keçməkdən çəkinirlər və körpülərin tezliklə bərpa olunacağına ümid edirlər. /Musavat.com/
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR











