Banner

"BMW" 8 min işçisini ixtisar edir: Yeddi yeni X5-in dəyəri qədər təzminat ödəniləcək

Avtoxəbər 26 Oktyabr 2026 16:36
"BMW" 8 min işçisini ixtisar edir: Yeddi yeni X5-in dəyəri qədər təzminat ödəniləcək
WhatsApp kanalımıza abunə olun

Almaniyanın avtomobil istehsalçısı olan BMW gələn ilin sonunadək 8 000 işçisini ixtisar edəcəyini açıqlayıb. Xərclərin optimallaşdırılması proqramı çərçivəsində şirkət işdən çıxanlara 650 000 avrodan çox təzminat təklif edir. Bu məbləğ baza komplektasiyalı yeddi yeni "BMW X5" avtomobilinin qiymətinə bərabərdir.

Avtosfer.az "Handelsblatt" nəşrinə istinadən xəbər verir ki, ödəniləcək təzminatın məbləği işçinin yaşından, şirkətdəki iş stajından və maaşından asılı olaraq dəyişir.

Əməkdaşlar kompensasiyanı müxtəlif formalarda əldə edə bilərlər: birdəfəlik ödəniş, hissə-hissə, pensiya hesabına qismən köçürmə, sığorta ödənişi və ya bu variantların birləşdirilmiş forması.

Şirkət proqramla razılaşanlar üçün iki işdənçıxma tarixi müəyyən edib: əlavə "Turbo bonus" almaq imkanı ilə 2027-ci il martın 31-dək və ya əlavə mükafat olmadan 2027-ci il oktyabrın 31-dək.

Məlumata görə, 2025-ci il oktyabrın 31-dək 55 yaşı tamam olan işçilər yeni və işlənmiş avtomobillərə endirimlər təqdim edən "BMW pensiyaçıları" proqramından yararlana biləcəklər. Yüksəkvəzifəli əməkdaşlara isə hazırda istifadə etdikləri xidməti avtomobili qalıq dəyəri ilə almaq təklif oluna bilər.

Proqrama maraq o qədər böyük olub ki, onlayn portal işə düşdükdən dərhal sonra sistemdə nasazlıqlar yaranıb.

Altırəqəmli məbləğlərə çatan ödənişlərin həddindən artıq çox görünməsinə baxmayaraq, BMW xərcləri azaltmağa çalışır. Çünki əməkhaqqı fondu şirkət üçün ən böyük xərc maddələrindən biri hesab olunur.

BMW-nin baş direktoru Milan Nedelkoviç bildirib ki, konsern əməliyyat marjasını 3%-dən 5%-ə çatdırmaq üçün 2028-ci ildən etibarən ildə bir milyard avroya qənaət etmək niyyətindədir. Şirkətin uzunmüddətli hədəfi 2030-cu illərin əvvəlinə qədər bu göstəricini 8-10%-ə qaldırmaqdır.

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh