Çin avtomobili alanların DİQQƏTİNƏ: Sərt qaydalar gəlir?

Çindən Azərbaycana avtomobil gətirilməsi ilə bağlı yeni qaydalar avtomobil bazarında vəziyyəti dəyişə bilər. İstehsalçı icazəsi olmadan avtomobillərin ixracına məhdudiyyətlərin tətbiqi, 2027-ci ildən isə servis xidmətinin və ehtiyat hissələrinin təminatı imkanlarının təsdiqlənməsi nəzərdə tutulur. Bu dəyişikliklər xüsusilə qeyri-rəsmi yollarla gətirilən, zəmanəti və servis təminatı olmayan avtomobillərin alıcılarına təsir göstərə bilər.

İctimai Televiziyanın hazırladığı süjetdə qeyd olunur ki, avtomobil seçərkən alıcılar üçün qiymətlə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin mövcudluğu da mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə güclü yağışlardan sonra bəzi Çin avtomobillərinin batareyalarında problemlərin yaranması da bu nəqliyyat vasitələrinə marağa təsir edən amillərdən biri kimi göstərilir. Eyni zamanda, Çin avtomobillərinin idxalında əvvəlki aylarla müqayisədə azalma müşahidə olunur.
Bəs yeni qaydalar Azərbaycanda Çin avtomobillərinin satışına necə təsir edəcək? Qiymətlər bahalaşacaqmı? Ən əsası, bu dəyişikliklər avtomobil alıcılarının təhlükəsizliyini təmin etməyə kömək edəcəkmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a bildirib ki, yeni qaydalar Azərbaycanda avtomobil alıcılarına daha keyfiyyətli xidmət göstərilməsi üçün imkanlar yaradacaq.Ekspertin sözlərinə görə, hazırda Azərbaycana Çindən həm istehsalçı ilə rəsmi əməkdaşlıq çərçivəsində, zəmanətlə gətirilən avtomobillər, həm də qeyri-rəsmi yollarla idxal olunan, istehsalçı zəmanəti olmayan nəqliyyat vasitələri gətirilir. Əsas problemlər də məhz ikinci kateqoriyaya aid avtomobillərlə bağlı yaranır.
“Çindən həm rəsmi olaraq istehsalçıya bağlı, zəmanətli maşınlar gətirilir, həm də istehsalçıya bağlı olmayan, zəmanətsiz, qeyri-rəsmi avtomobillər idxal olunur. Məhz belə avtomobilləri alan vətəndaşlar sonradan çətinliklərlə üzləşirlər. Ehtiyat hissələri tapılmır, avtomobildə qüsur yarananda isə satıcı problemi həll etmir. Nəticədə alıcı özü böyük çətinlik qarşısında qalır və təmir üçün yenidən xeyli vəsait ödəməli olur”, – deyə Eldəniz Cəfərov bildirib.
Ekspert hesab edir ki, yeni qaydalar qeyri-rəsmi idxalın məhdudlaşmasına, istehsalçı ilə əlaqəsi və zəmanət təminatı olmayan avtomobillərin bazara çıxarılmasının çətinləşməsinə səbəb ola bilər. “Artıq gələn ildən istehsalçıya bağlı olmayan, qeyri-rəsmi avtomobillərin gətirilməsinə müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Bu məhdudiyyəti Azərbaycan tərəfi tətbiq etmir. Söhbət Çin hökumətinin qəbul etdiyi qərardan gedir”, – deyə nəqliyyat eksperti vurğulayıb.
Yeni qaydaların elan olunması avtomobil almaq istəyənlər arasında qiymət artımı ilə bağlı suallar yaradır. İdxal kanallarının məhdudlaşması, servis və ehtiyat hissələri təminatına dair tələblərin sərtləşdirilməsi bazardakı təklifə təsir göstərə bilər. Bununla belə, qiymətlərin hansı səviyyədə dəyişəcəyini indidən dəqiq demək mümkün deyil.
Eldəniz Cəfərov da hesab edir ki, yeni qərarın avtomobillərin qiymətinə təsirini indidən birmənalı proqnozlaşdırmaq çətindir. “Bu o demək deyil ki, qərardan sonra ölkədə Çin istehsalı olan avtomobillərin qiyməti kəskin yüksələcək. Bunu indidən proqnozlaşdırmaq bir qədər çətindir. Amma ən azı vətəndaşlara zəmanətli avtomobillər təklif olunacaq”, – deyə ekspert bildirib.
Eldəniz Cəfərovun diqqət çəkdiyi əsas məqamlardan biri də qeyri-rəsmi yollarla gətirilən bəzi avtomobillərin texniki vəziyyəti və təhlükəsizlik riskləridir. Ekspertin sözlərinə görə, Azərbaycanda istifadə olunan bəzi Çin istehsalı avtomobillərdə zavod qüsurları mövcud ola bilər və bu barədə məlumatlar avtomobil sahiblərinə vaxtında çatmaya bilər.
“Bu gün ölkəmizdə Çindən gətirilmiş elə avtomobillər var ki, onların zavod qüsurları mövcuddur. Məsələn, əyləc sistemində, təhlükəsizlik yastığında, təhlükəsizlik kəmərində, sükan və sükan mexanizmində problemlər ola bilər. Alıcının isə həmin qüsurlar barədə heç bir məlumatı yoxdur”, – deyə ekspert qeyd edib. Onun sözlərinə görə, istehsalçı müəyyən avtomobil modellərində texniki qüsur aşkarlandığını elan etdikdə və ya həmin avtomobillərlə bağlı geri çağırış proseduru başlatdıqda, qeyri-rəsmi idxal edilmiş nəqliyyat vasitələrinin sahibləri bundan xəbərsiz qala bilərlər: “Çünki belə avtomobillər istehsalçının rəsmi servis şəbəkəsinə bağlı olmur. Avtomobil zavodda istehsal olunub, satışa çıxarılıb. Sonradan istehsalçı həmin marka avtomobillərdə müəyyən qüsur barədə məlumat yayır. Lakin avtomobili alan şəxsin bundan xəbəri olmur. Çünki nəqliyyat vasitəsi qeyri-rəsmi gətirilib və rəsmi servisə bağlı deyil”.
Ekspert hesab edir ki, texniki qüsurları olan belə avtomobillərin yollarda hərəkət etməsi təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
“Belə avtomobillər bu gün yollarımızda hərəkət edir. Onlar potensial qəza mənbəyidir. Bu cür avtomobillərin qəzaya düşdüyünü də müşahidə etmişik. Təəssüf ki, qəza zamanı ağır nəticələr də ortaya çıxır”, – deyə nəqliyyat eksperti bildirib./musavat.com
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA












