Azərbaycanda məktəbdə insident baş verib: İLGİNC TƏFƏRRÜAT

Hadisə 2 Oktyabr 2026 12:20
Azərbaycanda məktəbdə insident baş verib: İLGİNC TƏFƏRRÜAT
WhatsApp kanalımıza abunə olun

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub.

Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər.

Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdlü Z.Əliyevanın anası Jalə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qızının görmə qabiliyyəti 60 faiz itib:

"Hazırda qızımın görmə qabiliyyəti 40 faizə düşüb. Hadisə isə kimya dərsində, məktəbin laboratoriyasında səhlənkarlıqdan baş verib. Kimya müəllimi Sumayə Rəhimova 8-ci sinif şagirdlərinə təcrübə keçmək istəyib. Əslində təcrübə zamanı şagirdlər və müəllim kimyəvi məhluldan qorunmaq üçün qoruyucu eynəklərdən istifadə etməlidirlər. Amma nə müəllimdə, nə də şagirdlərdə qoruyucu eynək və digər təhlükəsizlik avadanlığı olmayıb. Məhlulla dolu təcrübə qabı isə Sumayə Rəhimovanın köməkçisi Mahirə xanımın əlində olub. O, təcrübə zamanı ehtiyatsız davranıb və nəticədə əlindəki qabda olan məhlul partanın üstünə dağılıb. Hadisə nəticəsində qızım və əlavə 5 şagird xəsarət alıblar".

Xəsarət alan digər şagird, 2013-cü il təvəllüdlü S.Rəhmətovanın valideyni Aygün Mehdiyeva isə bildirib ki, hadisə zamanı qızı qorxub və huşunu itirib:

"Mənə zəng vurdular ki, qızının ürəyi gedib. Uşaq qorxudan və məhlulun təsirindən epilepsiya keçirib, xəstəxanaya aparılıb. Orada bir neçə iynə və sistem vurulduqdan sonra özünə gəldi, hazırda da vəziyyəti yaxşı deyil. Mənə məktəbdə deyirlər ki, uşağınız şou göstərir. Hadisə ilə bağlı məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, məktəbin direktoru həkimi məktəbə buraxmayıb, geri qaytarıb. Sonradan mənim qızım və Z.Əliyeva xəstəxanaya aparılıblar. Digər şagirdlər isə ev şəraitində müalicə olunurlar ki, xəstəxanaya qeydiyyata düşməsinlər. Hadisə zamanı daha bir uşağın gözünə məhlul düşüb, bir nəfərin isə qarın nahiyəsini məhlul yandırıb. Bundan başqa daha iki nəfərin də xəsarət aldığı deyilir".

***

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət almasına rəsmi münasibət açıqlanıb.

Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində VIII siniflərdən birində kimya dərsi zamanı təcrübə prosesində kolbanın sürüşməsi nəticəsində içərisindəki məhlul partaya və yaxınlıqda olan şagirdlərdən birinin üzərinə sıçrayıb.

"Hadisədən dərhal sonra şagirdə ilkin yardım göstərilib, müayinə və zəruri tibbi yardım üçün müvafiq tibb müəssisəsinə yönləndirilib. Şagirdin səhhəti nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2013-cü il təvəllüdlü yeniyetmə (qadın cinsli) sentyabrın 30-da saat 11:30-da Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

"Ona sol gözün kimyəvi zədələnməsi diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə ambulator müalicə üçün evə buraxılıb".

 

Oxunub : 194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh