Bakı metrosunda körpə doğuldu - FOTO - YENİLƏNİB

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan körpənin vəziyyəti qənaətbəxş deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib: “Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır”.
E.Hidayətoğlunun sözlərinə görə, vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm-dir və kişi cinslidir.

***12:06
"Gəlinimi səhər tezdən həkim müayinəsinə aparırdım. Hadisə gözlənilməz oldu".
Avtosfer.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında metronun "20 Yanvar" stansiyasında dünyaya gələn uşağın nənəsi Sevil Məhərrəmova deyib.
O qeyd edib ki, metroda təxminən altı dəqiqəlik yol qalmışdı ki, qəfildən gəlinində ağrılar yaranıb:
"Hamı kömək elədi - mağazada işləyənlər, metro işçiləri, sərnişinlər və sair. Allah hamısından razı olsun".
Nənə bildirib ki, bu, gəlininin ikinci hamiləliyidir:
"Kimisi su gətirdi, kimisi paltar, kimisi dəsmal verirdi. Doğuş prosesi metroda baş verdi, hər şey nəzarət altında idi.
Adını Cəsur qoymağı düşünürük. İndi əsas odur ki, hər ikisi də sağ-salamatdır".
***10:06
Metronun "20 Yanvar" stansiyasında doğuş edən ananın və körpənin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ana və körpənin vəziyyəti stabildir:
"Avqustun 8-i saat 07:40-da Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2.200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir".
***09:56
"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi hədiyyəsi olacaq".
Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, hədiyyənin nə olacağını demək üçün hələ tezdir.
Qeyd edək ki, "20 Yanvar" stansiyasında dünyaya gəlmiş körpənin gələcəkdə gediş haqqının ödənişsiz olması ilə bağlı təkliflər səsləndirilib.
***09:07
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.














