“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar”

2019-cu ildə "Eurohome" ticarət mərkəzində baş vermiş və yüzlərlə sahibkara milyonlarla manat ziyan vuran yanğının üzərindən illər keçsə də, həmin hadisənin izləri bəzi sahibkarların həyatında bu gün də silinməyib.
Avtosfer.az xəbər verir ki, onlardan biri də Yeni Azərbaycan Partiyasının üzvü, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Rafiq Ocaqverdiyevdir.
O, Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı müraciətlərdə iddia edir ki, 2019-cu ildə baş vermiş yanğından sonra ona 200 min manatdan artıq ziyan dəyib, lakin illər keçməsinə baxmayaraq həmin zərər ödənilməyib.
Rafiq Ocaqverdiyevin sözlərinə görə, yanğından sonra "Eurohome" bazarının sahibi Azay Möhnətov zərərçəkmiş sahibkarlara kompensasiya veriləcəyini dəfələrlə vəd edib. Lakin onun iddiasına əsasən, bu vədlər bu günədək yerinə yetirilməyib.
Şikayətçi bildirir ki, illərlə gözlədiyi kompensasiyanı ala bilmədiyi üçün ağır maliyyə böhranı ilə üzləşib. Onun sözlərinə görə, ailəsini dolandırmaq və yaranmış borcları ödəmək məqsədilə banklardan kredit götürməyə məcbur qalıb. Nəticədə kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün yeganə yaşayış yeri girov qoyulub və bank tərəfindən məhkəməyə verilib.
Rafiq Ocaqverdiyev iddia edir ki, artıq bütün məhkəmə instansiyaları başa çatıb və Ali Məhkəmə də bankın xeyrinə qərar qəbul edib. O bildirir ki, hazırda ailəsi ilə birlikdə yaşadığı evi itirmək təhlükəsi ilə üz-üzədir.
"Əgər mənə dəymiş zərər vaxtında ödənilsəydi, nə banklara borcum qalardı, nə də bu gün evimi itirmək təhlükəsi yaşayardım", – deyə o müraciətlərində qeyd edir.
Rafiq Ocaqverdiyev bununla kifayətlənməyərək daha ciddi iddialar da səsləndirir.
Onun sözlərinə görə, məsələni ictimailəşdirdikdən və aidiyyəti dövlət qurumlarına müraciətlər etdikdən sonra müxtəlif təzyiqlərlə üzləşib. O iddia edir ki, hüquq-mühafizə orqanlarına onun barəsində əsassız müraciətlər olunub və bunun məqsədi onu susdurmaq olub.
Şikayətçi hesab edir ki, dövlət orqanlarından şəxsi maraqlar naminə istifadə edilməsinə cəhd göstərilib. Məhz bu səbəbdən o, artıq təkcə Prezident Administrasiyasına deyil, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə də rəsmi müraciətlər ünvanlayıb.
Rafiq Ocaqverdiyev müraciətlərində yaşadığı psixoloji vəziyyətin son dərəcə ağır olduğunu da qeyd edir.
Onun sözlərinə görə, illərlə davam edən qeyri-müəyyənlik, borclar, məhkəmə çəkişmələri, evini itirmək təhlükəsi və kompensasiyanın ödənilməməsi onu dərin ümidsizliyə sürükləyib.
Şikayətçi bildirir ki, yaşadığı hadisələr nəticəsində ürək xəstəliyinə tutulub və mənəvi cəhətdən tükənib. O iddia edir ki, düşdüyü vəziyyət onu hətta intihar həddinə çatdırıb.
Bu, təkcə bir sahibkarın şəxsi faciəsi deyil. Əgər bu iddialar təsdiqini taparsa, ortaya ciddi suallar çıxır: yanğından zərər çəkdiyini bildirən sahibkarlar niyə illərlə kompensasiyalarını ala bilmirlər? Verilən vədlər niyə yerinə yetirilmir? Vətəndaş niyə yeddi ildən sonra evini itirmək təhlükəsi ilə üz-üzə qalır?
Rafiq Ocaqverdiyev müraciətlərində aidiyyəti dövlət qurumlarından məsələnin obyektiv araşdırılmasını, zərərin ödənilməsi istiqamətində qanuni tədbirlərin görülməsini və iddialarına hüquqi qiymət verilməsini xahiş edir.
Onun sözlərinə görə, məqsədi hansısa imtiyaz əldə etmək deyil, illər əvvəl ona dəyən zərərin ədalətli şəkildə ödənilməsinə nail olmaqdır.
Hazırda gözlər müraciət ünvanlanan dövlət qurumlarının verəcəyi reaksiyadadır.
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO










