Banner

Masazırda sürücülər arasında yol verməmək üstündə dava düşdü - 2 illik cəzalandırıldı

Hadisə 28 Oktyabr 2026 17:54
Masazırda sürücülər arasında yol verməmək üstündə dava düşdü - 2 illik cəzalandırıldı
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunda sürücülərin bir-birinə yol verməməsi dava ilə nəticələnib.

Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində, "Masazır dairəsi"nin yaxınlığında baş verib.

Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Araz "Chevrolet Cobalt" markalı avtomobili ilə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Elantra" markalı avtomobilin sürücüsü Əzizin (adlar şərtidir – red.) ona yol vermədiyini və ünvanına söyüş söydüyünü əsas gətirib. O, yolun kənarında yerləşən marketin qarşısında Əzizi saxlamağa məcbur edib. Daha sonra hər iki sürücü avtomobildən düşüb.

Araz avtomobilindən düşdükdən sonra istintaq zamanı şəxsiyyətləri müəyyən olunmayan iki nəfərlə birlikdə Əzizin sifətinə və bədəninin digər nahiyələrinə bir neçə dəfə yumruq zərbəsi endirərək ona xəsarətlər yetirib.

Araz barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Araz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fidan yolu massivində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşadığını bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin oktyabr ayının əvvəllərində "Chevrolet Cobalt" markalı avtomobili icarəyə götürərək taksi fəaliyyəti göstərməyə başlayıb. Araz bildirib ki, hadisə günü saat 14 radələrində idarə etdiyi avtomobillə Bakı şəhərində, "20 Yanvar" metrostansiyasının yaxınlığından tanımadığı üç müştərini götürərək Sumqayıt şəhəri istiqamətində hərəkət edib.

Araz ifadəsində hadisənin necə baş verdiyini belə izah edib:

"Abşeron rayonu, Masazır dairəsinə yaxınlaşan zaman qarşımdakı "Hyundai Elantra" markalı avtomobilin sürücüsünün sağa və sola hərəkət edərək mənim avtomobilimin hərəkətinə mane olduğunu gördüm. Əlimlə işarə edərək həmin sürücüdən nə üçün belə etdiyini soruşdum. Həmin sürücünün mənə söyüş söydüyünü hiss etdim. O, mənə əli ilə işarə verdi, avtomobili yolun kənarına çəkərək saxladı. Mən də avtomobili həmin maşının arxasında saxladım və avtomobildən düşərək ona yaxınlaşdım, nə dediyini soruşdum. O, ünvanıma söyüş işlətdi. Bu zaman mən də ona söyüşlə cavab verdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı həmin şəxsin məni yumruqla vurmaq istədiyini hiss etdiyimə görə özümü qorumaq üçün onun sifət nahiyəsinə bir neçə dəfə yumruq vurdum. Həmin şəxs də mənim çənəmdən yumruqla vurdu".

Təqsirləndirilən şəxs qeyd edib ki, avtomobildə əyləşən müştərilər də sürücünün söyüş söyməsi səbəbindən avtomobildən düşərək onların yanına gəliblər.

"Həmin şəxslər bizi ayırmağa çalışdılar. Bundan başqa, mübahisə zamanı orada olan tanımadığım bir şəxs də bizi ayıraraq dava etməyə qoymadı. Bundan sonra həmin sürücü yenidən ünvanıma söyüş söydüyü üçün mən və yanımda olan iki müştəri onun üstünə getdik və əlbəyaxa olduq. Sonra avtomobilə əyləşərək oradan uzaqlaşdıq və Saray qəsəbəsi istiqamətində hərəkət etdim. Daha sonra müştəriləri düşürdüm. Avtomobilimdə olan müştərilərin ikisi oğlan, biri isə qadın idi. Həmin şəxslərin heç birini tanımıram. Onlar təsadüfən müştəri qismində avtomobilimə əyləşmişdilər".

Araz bildirib ki, hadisədən üç gün sonra Abşeron Rayon Polis İdarəsindən ona zəng edilərək polis idarəsinə dəvət olunub və hadisə ilə bağlı araşdırma başlanıb. O, hadisənin anlaşılmazlıq səbəbindən baş verdiyini, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını deyib. Həmçinin həmin vaxt içkili olmadığını bildirib.

Zərərçəkmiş Əziz ifadəsində Xırdalan şəhərində ailəsi ilə birlikdə yaşadığını və özünə məxsus "Hyundai Elantra" markalı avtomobili idarə etdiyini bildirib.

Onun sözlərinə görə, hadisə günü saat 14 radələrində Bakıdan Xırdalana gedərkən Masazır dairəsinin yaxınlığında arxadan eyni istiqamətdə hərəkət edən "Chevrolet Cobalt" markalı avtomobilin sürücüsü siqnal verərək əli ilə işarə edib, ondan avtomobili sağa çəkməyi və yol verməyi tələb edib. Əziz isə bir qədər irəlidə Xırdalan şəhəri istiqamətində sola dönəcəyi üçün avtomobili sola yönəltdiyini deyib.

Zərərçəkmiş bildirib ki, həmin vaxt digər sürücü siqnal verərək ona yol vermədiyi üçün əli ilə hədələyib. Əziz də əli ilə işarə edərək ondan nə istədiyini soruşub. İşıqforun qırmızı işığı yandığı üçün avtomobilini saxlayıb və digər sürücünün avtomobildən düşmək istədiyini, lakin yanında oturan şəxsin onu çəkərək avtomobildə saxladığını görüb. Daha sonra digər sürücünün işarəsi ilə avtomobilini yolun kənarına çəkərək saxlayıb. Həmin sürücü də onun arxasında avtomobilini saxlayıb.

Əziz ifadəsinin davamında bildirib ki, daha sonra həmin sürücü və yanında olan iki nəfər avtomobildən düşərək ona yaxınlaşıblar.

"Bu zaman sürücü mənə yaxınlaşdı və "nə deyirsən?" ifadəsini işlədərək əli ilə sinəmdən itələdi. Mən isə ona sakit danışmasını bildirdim. Həmin vaxt sürücü yaxamdan tutaraq əli ilə məni boğmağa başladı. Mən də onu özümdən kənarlaşdırmağa çalışdım. Bu zaman sürücü sifət nahiyəmə bir neçə dəfə yumruq zərbəsi vurdu. Həmçinin onun yanında olan şəxslər də bədənimin sağ və sol tərəflərinə yumruqla zərbələr endirməyə başladılar. Bu zaman dayanacağa nəzarət edən, tanımadığım bir şəxs müdaxilə edərək onları məndən uzaqlaşdırdı. Buna baxmayaraq, hər üçü yenidən üstümə gəlib məni vurmağa başladı. Nəticədə yerə yıxıldım. Bundan sonra həmin şəxslər avtomobilə əyləşərək oradan uzaqlaşdılar".

Zərərçəkmiş ifadəsində hadisə nəticəsində burun və sol göz nahiyəsindən xəsarət aldığını, döyülməsi barədə məlumat vermək üçün Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdiyini bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Araz 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində hər gün saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmaq qadağan edilib.

Bundan əlavə, ona elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə iş yerini dəyişdirməsi barədə cəzanın icrasına nəzarət edən orqana əvvəlcədən məlumat vermək vəzifələri həvalə olunub.

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh