Sənədsiz evə görə cərimə nə qədərdir?

Son illər ölkədə qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilib. Lakin müşahidələr özbaşına aparılan tikinti proseslərinin davam etdiyini göstərir.
Avtosfer.az xəbər verir ki, bu isə “sənədsiz evlər” adlandırılan, əslində isə qeyri-qanuni tikililərin sayının artmasına gətirib çıxarır. Halbuki, son illər belə tikililərə qarşı qanunvericiliyə müəyyən dəyişikliklər edilib.
Maraqlıdır, bəs, ümumiyyətlə, qanunvericilikdə özbaşına tikililərlə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?
Əvvəlcə ondan başlayaq ki, qanunvericiliyə görə, nəinki özbaşına tikinti aparmaq, həmçinin torpaq sahəsindən təyinatına uyğun olmadan istifadə etmək də məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə görə, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. Torpaq kənd təsərrüfatı təyinatlı olduqda isə cərimə məbləği daha çox olur. Fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunur.
Bundan başqa, Cinayət Məcəlləsinin 188.2-ci maddəsində şəxsin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmasına görə məsuliyyət müəyyən edilib. Belə ki, şəxs qeyd olunan əməllərin törədilməsinə görə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə törədildikdə isə şəxsi daha ağır cəza gözləyir. Belə ki, bu halda şəxs 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsində, eyni zamanda, icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutulub. Buraya magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonaları aiddir. Qanunla bu ərazilərdə tikinti və ya quraşdırma işlərinin aparılmasına görə şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tikilinin özünə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İcazəsiz inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında verildiyi hallarda şəxs inzibati məsuliyyət daşımır.
Tikintisinə icazə tələb olunmayan - mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin qanunvericiliyin tələblərinə əməl edilmədən tikilməsinə görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə olunur. Bu cərimələr 30 may 2023-cü ildən sonra tikintisinə başlanılmış tikililərə şamil olunur.
Tikintisi qeyd edilən əməllərin törədilməsi aparılan tikili üçün çıxarışın - sənədin alınması üçün də əngəl törədir. Qanunvericiliyə əsasən isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız çıxarış ilə təsdiq olunur. Çıxarışı olmayan yaşayış sahəsi heç kəsin mülkiyyəti deyil və belə tikili hüquqi baxımdan rəsmi şəkildə satıla bilməz./qafqazinfo
Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO
Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər - VİDEO
Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO
Təmirə bağlanan yolda qəza; sürücü avtomobili betona çırpdı - VİDEO
Polis əməliyyat keçirdi - 153 nəfər saxlanıldı
Aydan "gətirdiyi" daşları satan saxta astronavt həbs edildi








