Təklif edirəm ki, moped sürücülərindən bu sənədlər tələb olunmasın – ƏRŞAD HÜSEYNOV

Qaydalar 24 Aprel 2026 20:06
 Təklif edirəm ki, moped sürücülərindən bu sənədlər tələb olunmasın – ƏRŞAD HÜSEYNOV
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq bir neçə aydır ki, Azərbaycanda moped və motosiklet sürücülərindən sürücülük vəsiqəsi və nömrə nişanının olması barədə müzakirələr gedirdi. Bu qanun qəbul edildi və martın 26-sı qüvvəyə mindi. Qanun qüvvəyə mindikdən sonra həmin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən şikayətlər üzə çıxdı.

Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO

Avtosfer.az xəbər verir ki, moped və motosiklet sürücülərinin hazırkı vəziyyətdə ən çox şikayət etdiyi məsələ nəqliyyat vasitəsini qeydiyyata saldırarkən tələb olunan sənədlərlə bağlıdır. Sürücülər bildirir ki, idarə etdikləri nəqliyyat vasitələrinin qanunvericilik əsasında qeydiyyata düşməsi üçün 4 sənəd tələb edilir. Bunlar gömrük bəyannaməsi, invoys sənədi, məişət yararlılıq sertifikatı və alqı-satqı müqavilələridir. Bu sənədlərdən isə şirkətdən ala bildikləri yalnız alqı-satqı müqaviləsi olur. Bu hal “ikinci əl” alanda da yaranır. Çünki aldıqları şəxsin də invoys sənədi olmur və həmin şəxslərə də şirkətlər nəzərdə tutulan sənədləri verməkdən boyun qaçırırlar. Sürücülər deyir ki, alqı-satqı müqaviləsi hər kəsə verilir, ən yaxşı halda isə məişət yararlılıq sertifikatı əldə etmək mümkün olur. Digər sənədlərin olmaması isə nəqliyyat vasitəsinin qeydiyyat prosesində çətinliklər yaradır.

Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Elvin Hacıyev bildirib ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri, o cümlədən mopedlər “Yol hərəkəti haqqında” Qanunla və müvafiq Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirələrək uçota alınırlar.

“Hazırda mopedlərin dövlət qeydiyyatı üçün DİN BDYPİ-nin bütün qeydiyyat məntəqələrində əhaliyə göstərilən xidmətin keyfiyyəti  artırılmaqla, prosesin sürətləndirilməsi üçün zəruri şərait yaradılıb.

 

Mopedlərin dövlət qeydiyyatı üçün ilk növbədə onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxsdən uçota alınacaq nəqliyyat vasitəsi, onun  gömrük bəyannaməsi, eləcə də ticarət əməliyyatı zamanı mopedin təqdim olunmasını təsdiq edən sənədlərdən biri (invoys) - hesab faktura, ticarət qaiməsi və ya ödəmə sənədi tələb olunur”.

 

Şirkətlərin sürücülərə verməli olduğu invoys sənədi ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirildi ki, ölkədaxili ticarət əməliyyatları zamanı vergi qanunvericiliyinə uyğun olaraq:

•             Vergi ödəyiciləri arasında həyata keçirilən alqı-satqı əməliyyatlarında malların təqdim olunması elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidir.

•             Moped fiziki şəxs (vətəndaş) tərəfindən satış mərkəzindən və ya digər satıcıdan əldə edildikdə isə əməliyyat müqavilə (olduqda) və ödənişi təsdiq edən sənəd (kassa qəbzi, bank ödəniş sənədi və s.) əsasında təsdiqlənir.

Bu sənədlər nəqliyyat vasitəsinin qanuni əldə olunmasını təsdiq edən əsas sənədlər kimi qəbul olunur. Qeyd edək ki, vergi qanunvericiliyinin pozulması halları məsuliyyət yaradır.

 

Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a müsahibəsində qeyd edib ki, motosikletlərin qeydiyyat prosesində heç bir problem yaranmır. Çünki motosikletlərin əvvəllər də avtomobillər kimi nəqliyyat vasitəsi olaraq qeydiyyatı aparılıb. Problem mopedlərdə yaranır.

“Onlara dövlət qeydiyyət nişanının, yəni nömrənin və qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı problemlər çıxıb. Qanun qüvvəyə minənə qədər adam necə ki, hansısa mağazadan bir soyducu, televizor alırdı, eynilə də gedib moped alıb sürürdü, bunun hansısa bir qeydiyyatı tələb olunmurdu, ona görə də heç kim maraqlanmırdı ki, bunun mənşəyi, sənədi nədir. Ölkəyə necə gətirilməsini heç kim nəzarətdə saxlamırdı. Hər şey oradan qaynaqlandı ki, illərlə mopedləri gətirib, soyducu, televizor kimi istifadə ediblər.

İndi birdən-birdən qanunda dəyişik olundu, bir neçə gün əvvəl də artıq mopedlərin də qeydiyyatının aparılması və nömrə nişanının olması tələbə çevrildi. Nazirlər Kabinetinin 1999-cu il 39 saylı qərarı və “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsində bu nəqliyyat vasitələrinin qeydiyyatının aparılması üçün hansı sənədlərin olması bildirilib.

Sadəcə olaraq, həmin sənədlərin sırasında ərizə, nəqliyyat vasitəsinin sahibinin şəxsiyyətini təsdiq eləyən sənəd, dövlət rüsumlarının ödənilməsi ilə bağlı sənədlərdir və sair. Tələb olunan sənədlərdən bir də həmin o texnikanın, nəqliyyat vasitəsinin sahibinin sahiblik hüququnu təsdiq edən sənəddir ki, bu mənim mülkiyyətimdədir, mən bunu almışam.

Orada həm də belə bir bir sənəd var ki, əgər hüquqi və fiziki şəxs bunu xaricdən gətiribsə, onda gömrük orqanının icazə sənədi olmalıdır. Amma bunu təcrübədə bir az yanlış başa düşürlər. Burada bir yanlışlıq var.

Yanlışlıq nədən ibarətdir? Əslində, gömrük orqanının icazə sənədi o adamlara lazımdır ki, həmin şəxs və yaxud da o şirkət özü idxalçıdır. Məsələn, adam ya özü şəxsən gedir və yaxud da sifariş verir, xaricdən ona avtomobil, moped gətirirlər, motosiklet gətirirlər və özü gömrük rəsmiləşdirməsindən keçirir, daha sonra aparıb həmin nəqliyyat vasitəsini DYP-də qeydiyyatdan keçirir. Əslində, bu sənəd məhz bu üsulla nəqliyyat vasitəsi gətirən şəxslərdən tələb edilməlidir.

Amma bizdə belə bir təcrübə yanalıb ki, bütün o rəsmi distribütorlar, avtosalonlar və s. onların hamısının satdığı nəqliyyat vasitələrinə də tətbiq edirlər. Elə indi də hansısa rəsmi distribütorlardan avtomobil alanda o sizə qeydiyyat üçün alqı-satqı müqaviləsiylə bərabər həm də gömrük icazə sənədinin bir surətini verir ki, qeydiyyata aldıra biləsiz. Bu təcrübə 1999-cu ildən bəri, hətta o vaxt indiki Mülki Məcəllə filan yox idi, o vaxtdan bəri yığılıb qalmış təcrübədir. Bu təcrübəni bir az yaxşılaşdırmaq, təkmiləşdirmək lazımdır. Burada əsas sənəd sahibliyin hüququnu təsdiq eləyən alqı-satqın müqaviləsi olmalıdır.

Moped sahibinin əlində alqı-satqın müqaviləsi varsa, onun sahibliyini təsdiq eləyən bir sənəd varsa, ondan başqa sənəd soruşulmamalıdır. Nəzərə alınmalıdır ki, mopedlərin, dediyim kimi, Azərbaycana idxalı, satılması təxminən elə televizor və soyducu kimi olub. Doğrudur, təcrübə formalaşıb ki, gömrük icazəsi sənədləri də olsun. Amma mən təklif edirəm ki, indiyə qədər Azərbaycana gətirilib, dövriyyə buraxılmış, istifadəyə verilmiş mopedlər üçün, yaxşı olar ki, o sənədlər tələb olunmasın.  Sadəcə sahibliyi təsdiq eləyən hansısa bir sənəd varsa, bu yetərli olmalıdır və bunun əsasında həmin texnikalar adamların adına qeydiyyata alınmalıdır. Elə olsa daha yaxşı olar. Bu mənimk təklifimdir. Əslində, bizim qanunun mahiyyəti, ruhu da elə bunu deyir. Mülki dövriyyədə qeydiyyata alınmaq üçün bu elə yetərli olmalıdır.

Xarici ölkədəndan gətirilməklə bağlı gömrük icazə sənədləri idxalçıya aid olmalıdır. Onu 5 il bundan qabaq, 2 il bundan qabaq moped alıb istifadə edən adamdan tələb etmək ciddi çətinliklər yaradacaq”.

Ərşad Hüseynov sonda onu da vurğulayıb ki, dövlətin əsas hədəfi bu mopedlərin nəqliyyat vasitəsi olaraq dövlət qeydiyyatına alınması, yollarda nizam-intizam yaranması, yollarda moped idarəçilərilə bağlı olan hərəkət təhlükəsizliyinə zərər vuran məqamların aradan qalxmasıdır. Bu məqsədlə o prosedurları maksimum dərəcədə sadələşdirib həmin nəqliyyat vasitələrinin hamısının dövlət qeydiyyatına alınmasını təmin etmək lazımdır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

Oxunub : 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh