Yollarda yenilik: Ölümlərin qarşısı alınacaqmı? - ŞƏRH
Hər gün ölkədə yol-nəqliyyat hadisələri haqda informasiyalar oxuyuruq. Təssüf ki, bunların əksəriyyəti acı sonluqla bitir. Bu qəzaların bir çoxu piyadaların iştirakı ilə yaşanır. Verilən məlumata əsasən, ölkə yollarında bu ilin 11 ayı ərzində baş vermiş yol qəzalarının 60 faizi piyadaların vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalar üçün 100-ə yaxın məlumatverici lövhələr hazırlayıb. Sözügedən belə lövhələrin hazırlanmasında iştirak edən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Mediapost.az-a açıqlama verib.
O bildirib ki, nişanlarla bağlı ideya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən irəli sürülüb və bu model Rusiya təcrübəsindən götürülüb: “Bu, Rusiyada bir az fərqli formadadır, biz də onu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general mayor Ramiz Zeynalovun tövsiyəsi əsasında özümüzə uyğun formaya saldıq. Bu nişanlar sürücülərə xəbərdarlıq edir ki, 200, 300 metr qabaqda piyada ola bilər. Çünki bizim piyadalarımızın əksəriyyəti keçidlərlə yanaşı, onların yaxınlığından yolu keçirlər. Ona görə də biz həmin məsafələri qoymuşuq ki, sürücülərimiz diqqətli olsun. İnanıram ki, bu yenilik sürücülərin maarifləndirilməsi üçün faydalı olacaq. Lakin bununla paralel digər adımlar da atmaq lazımdır. Bu bir gerçəklikdir ki, son zamanlar piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrinin sayı artıb. Burada diqqət edilməli bir neçə məqam var. Onlardan biri də yolların işıqlandırılması ilə bağlıdır. İşıqlandırmanın yaxşı vəziyyətdə olmaması və ya ümumiyyətlə yoxluğu səbəbindən piyadaların vurulması halları ilə də qarşılaşırıq. Bunu nəzərə alaraq hazırda Nəvai postundan Kürdəmir rayonu ərazisinə qədər bir neçə kənddə Baş Dövlət Yol İdarəsinin Yol Patrul xidməti alayının təşəbbüsü ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolların işıqlandırılması təmin edilib. Həmin ərazidə işıqlandırma yaxşı vəziyyətdə olmadığı üçün tez-tez piyadaların vurulması hallarına rast gəlinirdi. Özüm də gördüm ki, artıq o yolda vəziyyət yaxşılığa doğru gedir və çox istərdim ki, bütün yollarımız bu cür işıqlandırılsın. Yolların işıqlandırılması sürücülər və piyadalar üçün çox faydalıdır. Əgər yollar tam işıqlandırılsa, mən sizi tam əmin edirəm ki, qaranlıq vaxtı baş verən yol nəqliyyat hadisələri 50 faizi azala bilər”.
Ekspert piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrində piyadaların da böyük günahı olduğunu qeyd edib:
“Bir çox hallarda qəza vəziyyəti piyadaların məsuliyyətsizliyi səbəbindən baş verir. Bəzən onlar yolun təyin olunmamış hissəsindən keçirlər, piyada keçidlərindən düzgün istifadə etmirlər. Bir nüansı da qeyd edim, bəzi ərazilər - məsələn, İnşaatçılar prospekti, Mir Cəlal küçəsi burada piyada keçidləri silinsə də, izi qalıb və piyadalar da həmin keçidlərdən istifadə edirlər. Bu da çox təhlükəli bir vəziyyət yaradır. Qeyd edim ki, yolların işıqlandırılması ilə yanaşı, piyada keçidlərinin də işıqlandırılması məsələsi zəruridir”.
Elməddin Muradlı bu cür yol qəzalarının baş verməsində aidiyyatı qurumların da məsuliyyətsizlyinin rolu olduğunu əlavə edib:
“Burada başqa bir problem keçidlər arasında məsafələrin düzgün qoyulmamasıdır. Məsələn, Yusif Səfərov küçəsi 2 kilomatrlik bir məsafədir, orada ən azı 3 piyada keçidi olmalıdır, amma biri var. Qanundan göstərilir ki, yaşayış məntəqələrində 150-300 km məsafədə piyada keçidi olmalıdır, yaşayış məntəqələrindən kənarda isə 700 m-dən bir keçdi olmalıdır, lakin yoxdur. Piyadaları da başa düşürəm ki, onlar hansısa formada evlərinə getməlidir, bu zaman təhlükəli yollardan keçməli olurlar. Bu da bəzən onların həyatı bahasına başa gəlir. Səbəb isə aidiyyatı qurumların məsuliyyətsizliyi, vaxtında müşahidələr aparıb insanların daha çox istifadə etdiyi ərazilərdə keçid quraşdırmamasıdır”.