Pilot təyyarə qəzalarının səbəblərini açıqladı: Mexaniki səhv, təxribat, hava şəraiti... - FOTO
Dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer E190AR" təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması və nəticədə ikisi pilot, biri bələdçi olmaqla göyərtədə olan 67 nəfərdən 38-nin həlak olması Azərbaycanla yanaşı, bütün dünya gündəminin aktual mövzusudur. Çünki təyyarəyə Qroznıdakı zenit qurğusundan atəş açılması və quyruq hissəsinin zədələnməsi, eləcə də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün icazənin verilməməsi ilə bağlı qaranlıq suallara hələ də aydınlıq gətirilməyib.
Ümumiyyətlə təyyarə qəzalarının baş verməsinin səbəbləri hansılardır?
Avtosfer.az xəbər verir ki, oxu.az-ın suallarını türkiyəli polkovnik, təlimatçı pilot Mustafa Tekindor cavablandırıb:
"1903-cü ildə Uilber və Orvill Rayt qardaşları ilk təyyarəni icad edərkən 12 saniyə havada uçdu və 120 metr məsafəni qət etdi. Aradan keçən 122 il ərzində hava nəqliyyatının indiki səviyyəyə çatacağını heç kim təsəvvür edə bilməzdi. Xüsusilə uzun məsafələr üçün hava yollarının seçilməsi vaxt itkisinin qarşısını alır və rahatlıq təmin edir. Baş verən qəzalar sərnişinlərdə və səyahət edənlərdə narahatlıq yaradır. Aviasiya tarixi keçmişdən bu günə bir çox inkişafla qarşılaşıb. Texnoloji irəliləyişlər sayəsində mülki aviasiya qəzalarının sayında əhəmiyyətli dərəcədə azalma olub. Lakin aviasiya qəzalarının qarşısını tam almaq mümkün olmayıb. Quru yolu, dəmir yolu və dəniz yoluna görə daha sürətli və təhlükəsiz olduğu üçün getdikcə daha çox üstünlük verilən nəqliyyat növünə çevrilib. Lakin hər bir nəqliyyat vasitəsində olduğu kimi, hava nəqliyyatında da qəzalar baş verir. Böyükmiqyaslı təyyarə qəzası baş verdikdə itkilərin sayı yüzlərlə ola bilər və xəsarət alanların da sağ qalma ehtimalı minimaldır. Araşdırmalara görə təyyarə qəzalarının 75 faizi qalxma və eniş zamanı, 25 faizi isə uçuş zamanı baş verir. Uçuş zamanı ən çox rast gəlinən risk mühərrikin nasazlığı olsa da, eniş zamanı pilotun səhvləri həlledici rol oynayır".
- Mülki aviasiyada qəzaların səbəbləri nədir?
- Hava nəqliyyatında baş verən qəzaların əksəriyyəti insan səhvləri (67%), eyni zamanda texniki səbəblər (20%) və hava şəraiti (6%) ilə bağlıdır. Təyyarə qəzalarının səbəbləri üç qrupa bölünür. Birincisi, insan tərəfindən törədilən səhvlərdir. Buna pilot səhvləri, digər məsul personalın səhvləri və təxribat nəticəsində yaranan qəzalardır. İkincisi, hava şəraiti və təbii hadisələr nəticəsində yaranan səhvlər; güclü duman, tufan, ildırım çaxması, təyyarə mühərriklərinə girən quşlar və s. Üçüncüsü mexaniki səhvlərdir. Bunlar da təyyarənin dizaynı, istehsalı və təmiri zamanı baş verən səhvlər səbəb olur. Bu gün təyyarə qəzalarının əksəriyyəti insan səhvləri ucbatından baş verir. Aviasiyada insan amilini nəzərə alsaq, ən mühüm rol, şübhəsiz ki, pilotlara və nəzarətçilərə məxsusdur. Pilotlar və nəzarətçilər stres və iş yükü kimi bir çox amillərin öhdəsindən gəlməli olurlar ki, bu da onların səhv etməsinə səbəb ola bilər. Bu iki peşə qrupu qarşılaşdıqda, pilotların bir təyyarədən məsul olduğu halda, nəzarətçilərin eyni hava məkanında birdən çox təyyarəni izləməli olduğu görülür.
- Qəzalarda mexaniki səhvlər, təxribatlar, pilot xətası və hava şəraiti - bunların təsirləri nə qədərdir?
- Mexaniki səhvlərə gəlincə, bu gün texnologiyanın inkişafı ilə təyyarə istehsalında da ciddi inkişaflar əldə edilib. Lakin bu inkişaflara baxmayaraq, bəzi nəzarətsiz mexaniki xətalar baş verə bilər. Hər uçuşdan əvvəl təyyarənin əsas hissələri sayılan mühərrik, qanad, yanacaq çəni, gövdəsi, alt hissəsi, eniş və qalxma mexanizmləri yoxlansa da, bəzən yoxlanılan hissələr problem yarada bilir. İstehsal və dizayn mərhələlərində gözdən qaçan problemlər hava səyahətləri zamanı qəzalara səbəb ola bilər. Bundan əlavə, təyyarələrin təmiri zamanı hissələrin uyğun gəlməyən və ya tam uyğun gəlməməsi səbəbindən təyyarə qəzaları baş verir. Təyyarə qəzalarının 20%-i mexaniki səhvlərdən qaynaqlanır.
Təxribatlarda isə bütün təyyarə qəzalarının 10%-ni təşkil edən bu qəzalar səbəbi bilinməyən terror təşkilatları və təşkilatlarının təyyarələrə bombalar qurub partlatması və ya təyyarənin qaçırılaraq idarəetməni itirməsi səbəbindən baş verir.
Hava şəraitinə gəlincə, məşhur inancın əksinə olaraq, təyyarə qəzalarında pis hava şəraitinin rolu çox azdır. Təyyarə qəzalarının 10%-ni təşkil edən bu qəzalar ildırım çaxması, sıx duman, güclü qar və tufan nəticəsində baş verir. Əlverişsiz hava şəraiti səbəbindən bu gün əksər uçuşların təxirə salınmasına baxmayaraq, pis hava şəraitinə qarşı uçuşların təhlükəsizliyini təmin etmək üçün təyyarələr əslində hər cür texniki avadanlıqla təchiz olunub. Ümumiyyətlə havada temperaturun dəyişməsi nəticəsində yaranan turbulentlik təyyarənin təhlükəsizliyini təhdid etmir. Çünki təyyarələr turbulentliyə tab gətirmək üçün hazırlanır.
Pilot xətası təyyarə qəzalarında ən böyük rolu pilotların səhvləri oynayır. Təyyarə qəzalarının 50%-i pilotların səhvləri səbəbindən baş verir. Təyyarələr mahiyyətcə çox mürəkkəb hava nəqliyyat vasitələridir. Buna görə də onlara nəzarət etmək çox çətindir. Pilotla bağlı təyyarə qəzaları pilotların təyyarəni idarə etməməsi, təcrübəli pilotların uçuşdan əvvəl bütün yoxlamaları yerinə yetirməməsi və təyyarənin yanacağının yoxlanılmaması səbəbindən baş verir.
- Bəs, heyətin digər üzvlərinin də qəzaların baş verməsində rolu ola bilər?
- Bəli, bu, pilot, kabinə heyəti, yükləyicilər, hava hərəkətinə nəzarət personalı, texniki xidmət mühəndisləri və yanacaqdoldurma heyəti personalın törətdiyi təyyarə qəzalarını əhatə edir. Bu qəzalar bütün təyyarə qəzalarının 10%-ni təşkil edir. Hava hərəkətinə nəzarət personalı, uçuş əməliyyatları üzrə məsul işçilər, yükləyicilər, yanacaqçılar və ya texniki xidmət mühəndisləri tərəfindən vəzifələrə etinasızlıq da təyyarə qəzalarında insanla əlaqəli risk faktorunu təşkil edir. Onlar təyyarənin yaxınlaşmasına, enməsinə və qalxmasına nəzarət edir. Uçuş enmə zolaqlarının yararsız olmasına baxmayaraq, nəzarətçinin səhv rəhbərliyi və müvafiq hava hərəkətini idarəetmə bölməsi havaya qalxmağa və ya enməyə icazə verdikdə də qəza riski artır.
- Ümumi nəticəni necə dəyərləndirərsiniz?
- Qəzalar aviasiya sənayesində reallıqdır. Quru, dəniz və dəmir yolu nəqliyyatında olduğu kimi hava nəqliyyatında da qəzalar baş verə bilər. Tədqiqat göstərir ki, dünya üzrə hər gün edilən minlərlə uçuşu nəzərə alsaq, hava nəqliyyatında ölüm riski milyonda 10-dur. Məhz buna görə də təyyarələr hələ də dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir və qəzalara baxmayaraq, uçuş həyatımızın ayrılmaz hissəsidir.