Avtoxuliqanlıq nədir, kimlər avtoxuliqan hesab edilir? - ARAŞDIRMA
Kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən oxuduğumuz qədər son zamanlar avtoxuliqanlıqda ittiham olunan sürücülərin sayı artıb. Ancaq kiçik bir araşdırma aparsaq görərik ki,rəsmi statistika ilə avtoxuliqanlıqda ittiham olunub saxlanılanlar arasında böyük fərq var. Belə ki,bu ittihamla saxlanılanların çoxu rəsmi qeydiyyata alınmır. Hansısa yollarla məsələni həll etdiyini bildirirlər. Elə bir müddət əvvəl avtosfer.az saytında da bu barədə sürücünün videoqeydiyyatçısına düşən görüntülər paylaşılmışdı. Bəs görəsən avtoxuliqanlıq nədir, kimlər avtoxuliqandır?
Bu yazıda sizə son zamanların ən məhşur qayda pozuntusundan danışacağıq - AVTOXULİQAN!
Bir çox sürücülər YPX əməkdaşının onları saxladığını,avtoxuliqanlıq etdiyini bildirib,avtomobili cərimə meydançasına apardığını, bundan sonra hansısa otağa yaxınlaşmalı olduğunu tələb etdiyini bildirirlər.
Bəs görəsən avtoxuliqanlıq nədir,kimlər avtoxuliqandır?
İnzibati xətalar məcəlləsi, Maddə 511.1 - Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə,pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Göründüyü kimi bu çox ağır ittihamdır və ağır cəzaları var. Deməli hər manevr etmə qaydasın pozan,ötmə əməliyyatın düzgün yerinə yetirməyən,zolağı dəyişən zaman dönmə işığın yandırmayan,qapağı açıq konalizasiyadan avtomobilini yayındıran və s. sürücü avtoxuliqan sayıla bilməz.
Təbii ki,biz heç bir qaydanın pozulmasının tərəfdarı deyilik və qayda pozanları da qəti şəkildə qınayırıq. Ancaq hansı qayda pozulubsa ona uyğun protokol tərtib olunmasının da tərəfdarıyıq.
Əgər YPX əməkdaşı sizə "saxla" əmri versə,mütləq şəkildə saxlayın. Əgər sizi avtoxuliqanlıqda ittiham etmək istəsə əksər hallarda "rəis sizin saxlanma əmrinizi verib" deyəcək və avtoxuliqanlıq etdiyinizi bildirdikdən sonra sənədlərinizi tələb edib avtomobili cərimə meydançasına aparmalı olduğunu bildirəcək. Əgər siz yuxarıda göstərilən maddədəki qayda pozuntularını etməmisinizsə, avtoxuliqanlıq etmədiyinizi bildirin. YPX əməkdaşı israr etsə sənədlərinizi təqdim edin və İXM 511.1 maddəsi ilə protokol tərtib etməsini,işi məhkəməyə göndərməsini,məhkəmə müddətinə qədər isə sürücülük vəsiqəsini əvəz edən talon verməsini tələb edin. Çünki, yuxarıda da göstərildiyi kimi bu maddənin bir neçə növ cəzası var. Sizə hansı cəzanın tətbiq olunmasına məhkəmədə qərar verilməlidir. Cəzalardan biri də sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasıdır deyə məhkəmə müddətinədək vəsiqəni təhvil verib əvəzinə talon götürməlisiniz. Avtomobilin duracağa getməsindən isə söhbət gedə bilməz. Çünki avtomobilin duracaga getmə səbəbləri İXM Maddə 96 ilə müəyyən olunur.
Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi
96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.
Göründüyü kimi İXM 96-cı maddəyə əsasən avtoxuliqanlıq avtomobilin duracağa getməsi üçün əsas deyil.
Bundan sonra mümkündür ki,YPX əməkdaşı sizin qanuni tələbinizlə razılaşmayıb "ənənəvi" üsulla avtomobili cərimə meydançasına aparmaqda israr etsin,hətta bunun üçün əlavə qüvvə də çağırsın. Siz yenə də protokol yazılmasını tələb edin. Çünki qanuna əsasən protokol yazılmalıdır.
Ancaq nədənsə əksər YPX əməkdaşları bu maddə ilə ittiham etdikləri sürücülərə yerində protokol yazmağın tərəfdarı olmurlar.
Əgər məsələnin xoşagəlməz həddə çata biləcəyi ehtimalını görsəniz avtomobili YPX əməkdaşının iştirakı ilə cərimə meydançasına aparın və ondan hansı idarədə hansı kabinetə yaxınlaşmalı olduğunu soruşun.
Hadisənin sabahı günü həmin kabinetə yaxınlaşın,sürücülük vəsiqəsin təqdim edin. Əvvəla avtomobilinizin qanunsuz duracağa aparıldığına görə "buraxılış" vərəqəsi,sonra isə İXM 511.1 maddəsinə uyğun olaraq sizə protokol yazılmasını tələb edin. Qəti olaraq başqa heç bir qanuna zidd danışığa razılaşmayın. Tələbinizin yerinə yetirilməyəcəyi təqdirdə elektron formada Daxili İslər Nazirliyinə və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi idarəsinə şikayət məktubu yazacağınızı bildirin.
Unutmayın ki,sizə 511.1 maddəsi ilə protokol yazmaq üçün mütləq video sübut olmalıdır. Həmin video sübut hər hansı şəxsi telefon və ya kamera ilə yox,dövlət tərəfindən ayrılmış sertifikatlaşdırılmış və kolibrə olunmuş xüsusi elektronik qurğu ilə çəkilməlidir.
Təbii ki,sizin belə özünə əminliyinizi görəndən sonra etmədiyiniz qayda pozuntusuna görə sizə protokol da yazılmayacaq. Avtomobiliniz üçün buraxılış vərəqəsi yazıb sizi yola salacaqlar. Ancaq istəsəniz avtomobilinizin cərimə meydançasında qanunsuz qaldığı günlərə görə onlardan maddi və mənəvi zərərə görə təzminat tələb edə bilərsiniz və ya bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. Sizi qanuna zidd olaraq saxlayan YPX əməkdaşından isə mütləq şəkildə mia.gov.az və dyp.gov.az saytları vasitəsiylə elektron şikayət yazın. Əmin olun ki, bütün məktublara baxılır və lazımi tədbirlər görülür.
Sonda hamınız yollarda diqqətli olmağa,qaydaları pozmamağa çağırırıq.
Kənan Dalğa