Babək prospektində biabırçılıq – Yolçəkənlər DYP və BNA-nı saymır, tıxac yaranır - VİDEO
Aylardır təmir edilən Babək prospektində işlər başa çatmaq üzərdir. Lakin təəssüf ki, yol hələ istifadəyə verilməmiş problemlər yaşanır. Birincisi, əgər prospekt boyu sağ zolaqda avtobus zolağı yaradılması nəzərdə tutulmuşdusa bunu sahibkarlara da izah edib vaxtında onlardan obyektlərin qarşısında maşın saxlamaq üçün yer düzəltməyi tələb etmək olardı və ya geniş səkiləri biraz içəri çəkib parkinq üçün imkan yaradıla bilərdi. İndi Babək prospektindəki obyektlərin qarşısında maşın saxlamaq qanunsuzdur. Çünki avtobus zolağında dayanmaq olmaz. Bununla da prospekt boyunca bütün ticarət obyektləri müflis olacaq. Ya da onlar səkilərdə parkinq yaratmaq istəsələr yeni çəkilən yolu dağıtmalı olacaqlar. Görün, plansız görülən iş nə qədər problem yaradır.
Yadınızdadırsa, bir müddət əvvəl prospekt boyunca geriyədönmə yerləri geniş formada qoyuldu, sornadan söküb daraltdılar. İndi isə geriyədönmə yerlərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən plakstik dirəklər basdırılıb. Bunun nəticəsində isə həmin nöqtələrdən geriyə dönən avtobus və yük maşınlarının sürücüləri əziyyət çəkirlər. Son günlər Avtosfer.az-a daxil olan müraciət və videolardan da görünür ki, avtobuslar, iri və kiçik tutumlu yük maşınları plastik dirəkləri zədələmədən geriyə dönmək üçün ən azi 3-4 dəfə irəli-geri hərəkət etməlidir. Bu isə son günlər prospekt boyu tıxaclara səbəb olur.
Məsələ burasındadır ki, o qədər vəsait xərcləyib yol təmir etdilər, biraz da genişləndirdilər, amma heç kimin ağlına gəlmədi ki, geriyədönmə yerlərini yolun hansısa zolağını daraltmaq və ya kəsməklə təşkil etmək artıq dünyada öz effektini itirib. Ən gözəl modellər yeraltı və yerüstü manevr yerlərini təşkil etməkdir. Məsələn, Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektində bir neçə yerdə çox gözəl geriyədönmə yeri təşkil edildi ki, hazırda orada buna görə heç bir problem yaşanmır. “Hyundaı” mərkəzin qarşısına çıxan körpüyə nəzər salaq. Düzünə hərəkən edənlər tunelə girir, geriyə dönmək istəyənlər isə sağdan gedib kiçik dairədən geriyə dönürlər. Babək prospektində də geriyədönmə yerlərini bu cür təşkil etmək olardı və buna şərait də var idi. Bu qədər vəsait xərclənəndən sonra nə vaxtsa bunu edəcəklər və yenə də yol bağlanacaq, insanlar əziyyət çəkəcək və yenidən milyonlar xərclənəcək. Bunu vaxtında etmək olardı. Köhnə “AK” Petroldan sonra düz maşın bazarına qədər olan hissədə bir dənə də geriyədönmə yeri yoxdur. Hansı ki, bu hissədə ən azı bir yerdə svetoforla nizamlanan geriyədənmə yeri təşkil etmək mümkün idi.
Ümumilikdə isə uzun illərdən sona Babək prospektinin təmirini alqışlayıram. Sadəcə, nədənsə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırmadan (qanunla razılaşdırmalıdırlar) öz bildiyini edir. Bu gün məlum olur ki, geriyədönmə yerlərinə plastik dirəklərin quraşdırılmasını da heç kimlə razılaşdırmayıblar. Digər dövlət qurumlarının – DYP və BNA-nın etirazlarından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin plastik dirəkləri sökəcəyini bildirib. Özündən başqa heç kimi bəyənməməyin sonu insanların narahatlığına səbəb olur, cənablar. Şəxsi maraqları bir kənara qoyub ən xırda məsələyə də ümumi maraqlardan yanaşın!
Elməddin Muradlı