Bakı Nəqliyyat Agentliyi qapıları deputatların və jurnalistlərin üzünə açdı - FOTO

Yazarlar 4 Dekabr 2018 02:46 Oxunub 2457
Bakı Nəqliyyat Agentliyi qapıları deputatların və jurnalistlərin üzünə açdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Agentlik rəhbəri Vüsal Kərimli görülən və görüləcək işlər barədə qeyri-adı hesabat verdi

Dekabrın 1-də şənbə günü olsa da, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə bir qrup jurnalist və millət vəkili Bakı Nəqliyyat Agentliyinə qonaq oldu. Tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, PJB sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov, Naqif Həmzəyev və mətbuat nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları öncə “Express” avtobusla Heydər Əliyev Mərkəzindən “BakuBus” MMC-nin bazasına yollandılar. Burada qonaqları Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli qarşıladı. Elə ayaqüstü söhbətə başlayan Vüsal Kərimli “BakuBus” MMC-nin fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı, sualları cavablandırdı.

Bildirdi ki, burada “BakuBus”un avtobusları ilə yanaşı digər daşıyıcı şirkətlərin sürücüləri də təlimlərə cəlb olunur. Təlim meydançasında sürücülərə sürüşkən yolda hərəkət, sərt döngələrdə manevr, sərnişinlərin dayanacaqlada mindirilib düşürülməsi, qəza anında davranış və digər qaydalar izah olunur. Sürücüdə hər hansı çatışmazlıq müşahidə edildikdə həmin istiqamətdə təlimlər davam etdirilir.
Agentlik rəhbəri bildirdi ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var. "Bakubus"da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək səviyyədə xidmət göstərir. Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlərin olsun”.
BNA sədri qeyd etdi ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb. “Hökumətə təqdim olunan həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olmasıdır. Dünya təcrübəsində də var, bizdə də bunu tətbiq etmək mümkündür”.

V.Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də dedi. “Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq”.
Daha sonra “BakuBus” MMC-nin İstehsalat bazası və Sürücü təlim Mərkəzi barədə geniş məlumat verildi. Burada Milli Məclisin deputatlarının və mətbuat nümayəndələrinin suallarını cavablandıran Agentlik rəhbəri vurğuladı ki, atılan heç bir addım razılaşdırılmadan edilmir və hər bir addım ümümi işin xeyrinədir. Belə ki, artıq ictimai nəqliyyat sahəsində xeyli dəyişikliklər baş verib.


Qonaqlara daha sonra Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə də tanış olmaq imkanı yaradıldı. Qonaqlarla birlikdə avtobusla NİİM-ə gələn direktor yolboyu maraqlı təəssüratlarını da bölüşdü. Bildirdi ki, bu yaxınlarda sərnişin qismində avtobusların birinə minib. Sürücünün kobud qayda pozuntusunu gördükdə irad tutub. Sürücü isə direktoru tanımayıb və sərt tonda “yaxşı edirəm” deyib: “Mən susdum. Amma təbii ki, belə sürücülər cəzasız qala bilməz”.
Vüsal Kərimli qeyd edir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. “Mərkəzin əsas məqsədi Bakı yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır. Avadanlıqların əksəriyyəti köhnə olsa da, idarə edirik. Lakin düşünürəm ki, yenilənmə olmalıdır və olacaq da. Çünki biz dayanma-durma qaydalarına da nəzarət edirik. Bunu isə elektronlaşdırmaq istəyirik. Ona görə də, kameraların yenilənməsinə və sayının artırılmasına ehtiyac var.


“Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq”. Bunu da Vüsal Kərimli dedi. Bildirdi ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: “Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur”.


Tıxac problemindən danışarkən V.Kərimli qeyri-qanuni parklamaları xüsusi qeyd etdi: “Qeyri-qanuni parklamaların qarşısının alınması ilə bağlı tədbirlərin icrası Bakı Nəqliyyat Agentliyinə tapşırılıb. Artıq bir neçə gündür həmin inzibati xətalara görə cərimələrin tətbiqinə başlanılıb. Əməkdaşlarımız ilkin olaraq bunu planşetlər vasitəsilə yerinə yetirirlər, icazə verilmədiyi yerlərdə dayanma-durma qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı cərimə tətbiq olunur. Amma yeni ildən bunu kameralar vasitəsilə edəcəyik, çünki kamera olduqda şəffaflıq təmin edilir, statistika daha doğru aparılır. Avtobusların hərəkətinin nizamlanması, taksilərə dair kvotaların tətbiqi üzrə tədbirlər proqramının, eləcə də taksilərə və taksi sürücülərinə dair tələblərin hazırlanması, küçələrdə piyada səkilərinin yenidən bərpası istiqamətində iş davam edəcək”.


Vüsal Kərimli deyir ki, hazırda dayanma-durma qaydasını pozan sürücülər əsasən 2-3-cü cərgədə, eləcə də avtobus dayanacaqlarında aşkarlandıqda cərimələnirlər. Lakin bu zaman xoşagəlməz hallar baş verir: "Sürücülər bizim əməkdaşları söyüb təhqir edir, dava edirlər. Biz də düşündük ki, dayanma-durma qaydasını pozanları kameralar vasitəsilə aşkar edib məsuliyyətə cəlb etmək daha uyğun model olar. Belə olduqda əməkdaşlarımız sürücülərlə ünsiyyətdə olmayacaq və xoşagəlməz hallar da baş verməyəcək. Təklif vermişik ki, dayanma-durma qaydasını 1 ayda 3 dəfə pozan sürücünün sürücülük hüququ məhdudlaşdırılsın. Onu da təklif edirik ki, Bakının mərkəzində parklanmanın müddəti 2 saatdan çox olmasın. Kimsə maşını saxlayıb iş dalınca gedirsə 2 saata gəlib maşını götürsün. 2 saatdan artıq olduqda maşın evakuatorla cərimə meydançasına aparılacaq".


Agentlik sədri avtobuslarda kart sisteminin qurulmasının çox vacib məsələ olduğunu dedi. Onun sözlərinə görə, Bakı şəhərində təxminən 2 minə yaxın avtobus fəaliyyət göstərir: “Onun 500-ə yaxını kartla işləyir. Kartla işləmək şəffaflıq deməkdir. Çünki vətəndaşın yola verdiyi haqq bütün sistemdə görünür. Daşıyıcı onu necə olaraq əldə etdi, hara xərclədi və s. Digər daşıyıcılarda bu bilinmir. Biz çalışırıq ki, ictimai nəqliyyatda ilk olaraq şəffaflıq yaradaq”.
BNA sədri, həmçinin əlavə edib ki, Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. “Bu gün çox ciddi sürücü problemi var. Normalda 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".


3 yaşı ərəfəsində BNA-nın mediaya və parlament üzvlərinə geniş vaxt ayırması və suallara aydınlıq gətirməsi xoş təəssürat yaratdı. Vüsal Kərimli sonda qeyd etdi ki, mətbuatla bu cür təmaslar tez-tez olacaq. Çünki yeniliklər baş verdikcə cəmiyyəti məhv mətbuatın dəstəyi ilə məlumatlandırmaq lazım gəlir. Təbii ki, BNA bu işlərin öhdəsindən təkbaşına gələ bilməz…

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh