Bakıda dayanma-durma qaydaları ilə bağlı biabırçı mənzərə - FOTO-VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olmaqdadır. Bu məqsədlə idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb. Avtosfer.az xəbər verir ki, Bakının İsmayıl bəs Qutqaşenli, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur. Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşenli küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki, buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısıdayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qrumdanDYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur.
Nizami rayonu Qara Qarayev prospektində aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində həmin prospekt boyunca 600-dən artıq avtobus hərəkət edir. Həmin avtobusların hərəkət trayektoriyası araşdırılan zaman əksəriyyətinin eyni marşrut üzrə sərnişin daşımaqla məşğul olduqları məlum olub. Avtobuslar isə ayrı-ayrı şirkətlərə məxsus olduğundan hər şirkət ayrı-ayrılıqda interval planlaşdırır və nəticədə bəzən eyni vaxtda dayanacağa 5 avtobus daxil olur. Həmin dayanacaqlarda minik avtomobilləri park edildiyindən avtobuslar yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə sərnişindaşıma sahəsində ciddi təhlükələr yaradır. Nəzərə çatdırdığımız hallar Yasamal rayonu Şərifzadə, Bəxtiyar Vahabzadə, eləcə də paytaxtın əksər küçə və prospektlərində də müşahidə olunmaqdadır.
Sonda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda nizam-intizamlı olmağa, dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırır. Qeyd edək ki, parklanma qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə işləri yol polisi tərəfindənaparılsa da, cərimələrin tətbiqi və ciddi nəzarət mexanizminə də böyük ehtiyac var. Nəzarət mexanizmi və cərimələrin tətbiqi iyul ayından etibarən Bakı Nəqliyyat Agentliyinə həvalə edilsə də, ortada heç bir konkret iş yoxdur. Bundan istifadə edən sürücülər isə istənilən yerdə qayda pozaraq tixaca səbəb olur.
Elməddin