Bakıda icra başçısı və onlarla sakin 300 itə qarşı - FOTO

Yazarlar 26 Sentyabr 2018 22:23 Oxunub 1862
Bakıda icra başçısı və onlarla sakin 300 itə qarşı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcra başçısının qanunsuz it sığınacağının ləğv edilməsi barədə iddiasına sentyabrın 28-də məhkəmə baxacaq

Bu günlərdə məlum olub ki, Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 2-də 300-dən çox it saxlayan Fərid Mənsurovu məhkəməyə verib. Belə ki,  İcra Hakimiyyəti sakinlərin sahibsiz itlərin saxlanıldığı həmin ərazidə hökm sürən antisanitariya və kəskin üfunətlə bağlı şikayəti əsasında sığınacaqda yoxlama aparıb. İt sığınacağının qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq Mənsurova yaşayış məntəqəsindən kənarda xüsusi sığınacaq yaratmaq üçün torpaq sahəsi təklif edilib, amma həmin şəxs təkliflə razılaşmayıb. İndi icra hakimiyyəti başçısının qanunsuz it sığınacağının ləğv edilməsi barədə iddiasına sentyabrın 28-də məhkəmə baxacaq. Avtosfer.az xəbər verir ki, virtualaz.org-un əməkdaşları “Good world” adlı qalmaqallı sığınacağındakı vəziyyəti öyrənib, yaxınlıqda yaşayan sakinlərlə söhbətləşiblər.

“İt əzabı çəkirik...”

… Magistral yoldan itlərin vahiməli səsi eşidilir, məhəlləyə girən kimi əllərimizlə burnumuzu qapatsaq da, mümkün deyil, üfunətdən nəfəs almaq olmur. Bu sığınacaq doğrudan da orada hökm sürən antisanitariya və yüzlərlə itin hürməsi, ulaması ilə  məhəllə sakinləri üçün kabusa çevrilib. Bir tərəfdə itlərdən hər cür təhlükəli yolxucu xəstəliklərin yayılmasından qorxan sakinlər, digər tərəfdən itlərə qayğı adı ilə “çörək pulunu” heyvansevərlərin yardımından çıxaran sığınacaq sahibi Fərid Mənsurov dayanıb.

Yaxınlıqdakı 30 evin sahibi sığınacağın bağlanılması tələbi ilə Bakı meriyasına, Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət ünvanlayıb. Sakinlərdən Yaqub Əliyev onları heyvanların düşməni kimi təqdim edənlərə etiraz edir, deyir ki,  əvvəl uşaqları, sonra itləri düşünməyə məcburdular. Çünki gecə səhərə kimi itlərin hürüşməsini, ulaşmasını eşidirlər, nə uşaqları, nə özləri yata bilir.

“Çoxu evini satıb itlərin əlindən qaçmaq istəyir…”

İt məskənində hansı qorxunc səs-küy yarandığını bizə əyani göstərmək üçün sakinlərdən biri yerdən balaca daş götürüb sığınacağın darvazasına atır. Dərhal yüzlərlə it darvazaya tərəf hücum çəkir, səs-səsə verib hürür və darvazanı cırmaqlayıb açmağa çalışır. Sakin məsləhət görür ki, sığınacağa ehtiyatla yaxınlaşaq, çünki qapı açılsa  birdən-birə 30-40 it üstümüzə cumacaq.

Aqil adlı sakin isə deyir ki, bu sığınacağın qorxusundan çoxları evini dəyər-dəyməzə satmaq istəyir, amma elanlarla maraqlanan müştərilər  itlərin səsindən vəziyyəti anlayıb qaçırlar.

 “Gəlin bircə gün qonaq qalın, onda yaşayışımızı  təsəvvür edə bilərsiz. 2 otaqlı evi 50 manata kirayə verə bilmirik, gələn 3 gündən sonra köçür”, -Aqil danışır.

Onun sözlərinə görə, 3 övladının ikisi allergiyadan əziyyət çəkir. Həkim allergiyanın üfunətdən və it tükündən yarandığını desə də, evini satıb köçə bilmir. Çünki günü 7-8 manata daş daşıyır, qazandıqları uşaqların çörəyinə güclə çatır, hələ üstəlik dava-dərman da alır.   

Yardımsevərlərin “saç yoldusu”

Sakinlər söyləyirlər ki, bu məhəllədə yaşayanlar çoxdan bütün dərdlərini unudublar, dolanışıq qayğıları yaddan çıxıb, problemləri yalnız itlərdir. Çünki bütün çirkin proseslər itlərin ətrafında baş verir. Onların sözlərinə görə, sığınacaqdakıların niyyəti xəstə heyvanlara qayğı göstərmək olsaydı, dərd yarıydı. Xəstəlik, üfunət, səs-küy azmış kimi yardımsevərlərin saçyoldusundan, dava-dalaşı da bir tərəfdən bezdirib.

“Məsələ belədir, sığınacağa xəstə heyvanlar gətirilir, sahibi də müalicəsi üçün pul ödəyir. Sonra Fərid itin şəklini internetdə paylaşıb müalicəsinə yardım göstərilməsi üçün pul toplayır. Bir də görürsən itin sahibi gəlib dava salır ki, müalicə pulunu məndən alırsansa,  itin şəklini yayıb niyə pul yığırsan”, -sakinlərdən Əli Əliyev vəziyyəti belə izah edir.

Deyir ki, davaya gələn it sahibini qonşuların köməyi ilə məhəllədən uzaqlaşdırana qədər yüz  dil tökürlər.

Axşamlar itlərə ət, toyuq daşıyan varlılar

Sakinlərdən biri isə deyir ki, bura axşam hava qaralanda gələk, sığınacağa qutularla toyuq, ət, iynə-dərman gətirən bahalı maşınlara tamaşa edək.

“Buna görə də Fərid nə köçmək istəyir, nə də sığınacaqda yaxşı şərait yaratmağa çalışır. Yəqin fikirləşir ki, birdən yardım kəsilər”, -Əli əlavə edir.

Sığınacaqla üz-üzə yerləşən evin sakini Bibixanım Quliyeva isə deyir ki, iti darayıb tükünü məhəlləboyu yayırlar. Hələ indi buraları təmizlənib, dərman səpiblər. Bibixanım nənə qonşu evin qapısını göstərir: “Baxın, hər iki evdən biri satışa çıxarılıb. Hamı da itlərin əlindən qaçır. Yay-qış fərqi yoxdur, biz qapıları, pəncərələri açıq saxlaya bilmirik. Üfunət iyi bir yana, qorxudan uşaqlar səs çıxara bilmirlər. Qarşı evdəki qadın da şəkər xəstəsi olub”.

“Özləri itləri hirsləndirirlər, biri narkomandır...”

Nəhayət qorxa-qorxa sığınacağın qapısını döyürük, dəmir darvazanın o biri tərəfini itlər çırmaqlayır. Öyrənirik ki, sığınacaqda itləri saxlamaq üçün qəfəs belə yoxdur. Qışda-soyuq havada xəstə itlər  zirzəmiyə doldurulur. Sığınacağın özünü könüllü işçi kimi təqdim edən Təranə adlı əməkdaşı içəri keçmək üçün Fərid Mənsurovdan icazə almağımızı məsləhət görür. Və əlavə edir ki, sığınacağın bağlanılmasını yalnız 3 qonşu tələb edir, onlardan biri “nə işlə məşğul olduğu bəlli olmayan” qadın, biri narkoman, digəri isə heyvan düşmənidir. Əks halda qəzaya düşən, yaxud xəstə heyvanların səsi heç kimdə qıcıq yarada bilməz.

“Əksinə onlar sataşırlar, qapıya daş atıb, müalicə olunan itləri əsəbləşdirirlər. İt qorxur, qolundakı sistem çıxır”, -qadın iddia edir.

İşçilərdən  biri isə deyir ki, sığınacaqda bahalı cins itlər də var, hansı ki, ya qəzaya düşüb, ya döyüşdürülərək xəsarət alıb. Könüllülər yardımla bağlı suallarımızı könülsüz cavablandırır, yalnız onu deməklə kifayətlənirlər ki, savabına yardım edənlərin pulu, yaxud yeməyi yalnız itə çatır. Əksəriyyət inanır ki, həmin itlərin müalicəsinin savabı 7 nəslinə çatacaq.

…Sentyabrın 28-də Xəzər Rayon Məhkəməsində icra başçısı Gülağa İslamovun iddiasına baxılacaq. Və sığınacaqın işçiləri deyirlər ki,  onlara qarşı hökm çıxarılsa itləri açıb küçəyə buraxacaqlar...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh