Bakıda nəqliyyat dərdi niyə bitmir? – Ekspert

Yazarlar 22 Sentyabr 2018 19:28 Oxunub 1275
Bakıda nəqliyyat dərdi niyə bitmir? – Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yoxsa bir müddətdən sonra Bakıda tıxac daha acınacaqlı hal yaradacaq"

Yollarda hərəkət intensivliyi düzgün nizamlanmayıb. Təəssüflər olsun ki, yay tətili ərzində şəhərdə seyrəklik olsa da, heç kim bu tətil bitdikdən sonra baş verə biləcək sıxlığın, gecikmələrin, interval pozulmalarının qarşısını almaq üçün bir iş görmədi. Avtosfer.az bildirir ki, bu sözləri Axar.az-a ekspert, İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı yeni dərs ilinin başlaması ilə yollarda yaranan sıxlıq, tıxac və marşrutların nizamlanmayan interval problemi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Bakıda illərdir müşahidə edilən ictimai nəqliyyat problemi ənənəvi olaraq yeni dərs ili başlayanda gözünü daha qabarıq göstərir: "Nəzərə alınmalı idi ki, 3 aylıq tətil müddətində şəhər boşalmışdı, məktəblər tətil edirdi. Aidiyyəti qurumlar ən azından bunu nəzərə alaraq interval pozulmalarını, gecikmələri necə tənzimləmək barədə düşünməli idi. Hər sentyabr ayında ənənəvi sıxlıq müşahidə edirik. Demək ki, bunun qarşısını almaq üçün nə isə etmək lazımdır. İnterval hansısa şəkildə tənzimlənməlidir axı. Nə vaxta qədər hər yeni dərs ilində şəhər yollarında xaos yaşanacaq?"

E.Muradlının fikrincə, tıxacların aradan qaldırılması üçün ofisdə, otaqda oturub qərar vermək lazım deyil. Bunun üçün çıxıb ərazilərdə olmaq, müşahidə aparmaq, sürücülərin, vətəndaşların fikrini öyrənmək lazımdır.

Ekspertin sözlərinə görə, artıq iki ildir yaranan Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sistemindəki problemin həllində heç nəyə nail ola bilməyib: "BNA iki ildir fəaliyyət göstərir, ancaq ənənəvi problemlər yenə də olduğu kimi qalıb. Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini kimi qurumlar bir yerdə paytaxt yollarındakı tıxac, sıxlıq probleminin həllində birgə mübarizə aparıb çarə tapmalıdır. Hazırda paytaxtın nəqliyyat sistemi o vəziyyətdədir ki, bir qurum bu problemi həll edə bilməz".

Çıxış yollarından danışan ekspert bildirib ki, bir çox müəssisə, qurum, təhsil ocaqlarında iş və dərs saatı dəyişdirilməli, marşrut xətt sahibləri isə günün pik saatlarında intervala dəyişiklik etməlidir: "Paytaxtın marşrut sisteminə məsul olan qurumlar, daşıyıcı şirkətlər heç vaxt başa düşmədilər ki, səhər saatlarında xəttə daha çox və tez-tez avtobus buraxmaq lazımdır. Bu sərnişin sıxlığının qarşısını ala biləcək ən ideal yollardan biridir. Hər dayanacaqda dispetçerler olur, onlar müşahidə aparıb bildirməlidir ki, dayanacaqda sərnişin filan saatda çox olur, xəttə avtobus buraxılsın. Səhər, günorta və axşam avtobuslar eyni intervalla işləməməlidir. İctimai nəqliyyat vətəndaşa xidmət edən sektordur və bu işə yalnız biznes kimi yanaşmaq olmaz.

Ənənəvi hal alan tıxac, avtobus gecikməsi probleminin yaranmaması üçün böyük müəssisələr, özəl və dövlət qurumları, təhsil ocaqları, məktəblər, universitetlər, bağçalarla birlikdə vahid bir sistem, iş qurmaq lazımdır.

Bakı şəhərində fəaliyyət göstərən əksər müəssisə, qurum, şirkət, təhsil mərkəzi, məktəb və sair yerlərdə iş demək olar ki, eyni saatda başlayır. Mümkündür ki, bəzi məktəblərdə, universitetlərdə dərs fərqli saatlarda başlasın. Məsələn, birində saat 8-də başlayırsa, birində 9-da, digər məktəbdə və ya universitetdə 10-da başlasın. Belə olduğu halda yollarda müntəzəm olaraq yaşanan sıxlıq yoxa çıxacaq.

Müəyyən dövlət strukturları var, nazirliklər var ki, hamısında iş səhər eyni saatda başlayır. Olmazmı ki, bəzilərinin iş saatı dəyişdirilsin? Bu təcrübədən istifadə də edilib və nəticəsini də görmüşük. Xatırlayırsınızsa, Avropa Oyunları zamanı hətta əsas yollarda sarı zolaq çəkilməsinə, yəni avtomobillərin hərəkəti üçün mövcud zolaqlardan birindən istifadə qadağan olunsa da, ciddi problem yaşanmadı. Çünki parklanmada səliqə-sahmandan tutmuş iş saatlarının başlanmasına qədər, müxtəlif vasitələrdən istifadə edildi. Bu təcrübələrin hər biri öyrənilməli və daimi tətbiqinə imkan tanınmalıdır. Yoxsa bir müddətdən sonra Bakıda tıxac daha acınacaqlı hal yaradacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh