Bakıda sürücülərdən qanunsuz və kütləvi yığım: “Etiraz edənlər təhdid olunur”

Yazarlar 5 Dekabr 2018 21:35 Oxunub 1645
Bakıda sürücülərdən qanunsuz və kütləvi yığım: “Etiraz edənlər təhdid olunur”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülərdən kimin haqq yığdığı, niyə yığdığı, kimin hədələdiyi müəyyən edilməlidir"

Bu gün şəhərin bütün küçələrində parklama yerlərində xüsusi forma geyinmiş şəxslər dayanır. Həmin naməlum şəxslər parklama yerində avtomobil saxlayan hər kəsdən dayanacaq haqqı tələb edirlər. Bu da azmış kimi, tələb etdikləri haqqı ödəmək istəməyən sürücüləri cərimə ediləcəkləri ilə hədələyirlər. Məlumdur ki, artıq Dövlət Yol Polisinin Bakı şəhərində dayanma-durmaya görə hər hansı bir cərimə yazmağa səlahiyyəti yoxdur. Prezidentin müvafiq sərəncamı ilə parklama xidmətinə və dayanma-durma ilə bağlı qayda pozuntularına nəzarət Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. O zaman belə bir sual ortaya çıxır ki, bu gün parklama yerlərində "peyda olmuş" həmin şəxslər kimlərdir?

Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat eksperti Elməddin Muradlı sputnik.az-a açıqlamasında deyib ki, həmin şəxslər var ki, əyinlərinə xüsusi jilet geyinib, əllərində də aparat tutaraq sürücüləri polislə hədələyirlər: "Çünki parklama yerləri ilə bağlı bu məsələ hələ də tam olaraq öz həllini tapmayıb. Xüsusi sistem formalaşmayana qədər də bu məsələ həll edilməyəcək".

Ekspert qeyd edib ki, hazırda bəzi ərazilərdə hələ də sürücülərdən haqq tələb edən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır: "Çünki daha əvvəl nəzarəti həmin qurum həyata keçirirdi. Düşünürəm ki, hüquq mühafizə orqanları artıq bu məsələni nəzarətə götürməlidir. Söhbət kiminsə 20-50 qəpik və ya 1 manat yığmasından getmir. Söhbət hər axşam kimlərinsə stolunun üzərinə yığılan 10 minlərdən gedir. Məncə, bu məsələ aydınlaşdırılmalıdır".

"Sürücülərdən kimin haqq yığdığı, niyə yığdığı, kimin hədələdiyi müəyyən edilməlidir. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi özü də bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməlidir. Çünki hazırda səlahiyyət bu qurumdadır, baxmayaraq ki, o, hələ işin icrasına başlamayıb. Elə ona görə də, sürücülərə hədə-qorxu gələn bu şəxslərin kimliyi hamı üçün maraqlıdır" - deyə Muradlı əlavə edib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, artıq onlar tərəfindən paytaxt ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görülməsinə başlanılıb: "Xüsusi proqram təminatı olan planşetlər vasitəsilə əməkdaşlarımız gün ərzində paytaxtın müxtəlif ərazilərində, xüsusən də hərəkətin xaotik olduğu yerlərdə bu təbirləri həyata keçirirlər. Əsas diqqət nəqliyyat vasitəsinin ikinci və ya üçüncü cərgədə, piyada səkisinin üzərində və ya avtobus dayanacağı məntəqəsində park edilməsinə verilir. İlk növbədə bu cür xətalara yol verən sürücülərə qarşı inzibati tənbeh tədbiri görülür".

Qurum sözçüsünün sözlərinə görə, cərimə məbləğləri hələ ki, dəyişilməyib. Ağayev BNA əməkdaşlarının fərqlənməsi üçün geyim forması ilə bağlı hazırda iş aparıldığını da bildirib. Həmçinin qeyd edib ki, BNA əməkdaşların hər birində onların qurumun rəsmi nümayəndələri olduğunu təsdiqləyən sənədlər var.

Şəhərin müxtəlif küçələrində parklama yerlərində "parkovşik" fəaliyyətinə gəldikdə isə, M.Ağayev bildirib ki, sürücülərdən qanunsuz pul tələb edən, haqq ödənilmədiyi təqdirdə cərimələnəcəkləri ilə təhdid edən şəxslər BNA əməkdaşları deyil: "Bu səlahiyyət prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinə verilsə də, müəyyən texniki işlər görüldüyü üçün hələ ki, bu işin icrasına başlamamışıq".

Hüquqşünas Ərşad Hüseynov da əməkdaşımızla söhbətinə məsələyə şərh verib. Onun sözlərinə görə, hazırda Bakıda parklama yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti BNA-ya məxsus olsa da, o yerlər Agentliyə təhvil verilməyib: "Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil. Çünki parklama yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil".

"Parklamaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil. Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin" - deyə hüquqşünas xəbərdarlıq edib.

Ə.Hüseynov qeyd edib ki, bu xaosa son qoyulması çox gecikir: "Parklama yerlərinin Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə, normal parklama təsərrüfatı yaradılmalıdır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh