Bərbad yollar, sökülmüş səkilər, otağından çıxmayan icra başçısı…

Yazarlar 19 Noyabr 2018 21:35 Oxunub 2784
Bərbad yollar, sökülmüş səkilər, otağından çıxmayan icra başçısı…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıya yağış yağanda hər yeri su götürür, Xırdalana yağış yağanda isə hər tərəf palçıq olur

Xırdalan 2006-cı ilin noyabr ayının 29-dan şəhər statusu alıb. Ancaq Xırdalan belə desək şəhərlə bağlı yalnız statusu alıb, şəhərlikdən isə əsər-əlamət yoxdur. Xırdalanın baş planı 2011-cü ildə hazırlanıb və 2030-ci ilə qədər nəzərdə tutulub. Şəhərin baş planı 2013-ci il aprelin 8-də təsdiqlənib. Qanuna görə şəhərin baş planı şəhər ictimaiyyətinə təqdim olunmalı, geniş müzakirəsi keçirilməlidir. Amma şəhərdə kimdən bu haqda soruşduqsa çiynini çəkdi, bununla bağlı məlumatının olmadığını dedi. Son illər Xırdalan demək olar ki, Bakı şəhərinə birləşib. Əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhəridir. Amma yollarının vəziyyəti heç dördüncü kənd səviyyəsində belə deyil…

Avtosfer.az xəbər verir ki, yenicag.az-ın reportyor qrupu şikayətlər əsasında Xırdalan şəhərinə yollanır. Şəhərə daxil olan kimi ilk olaraq gözümün önünə son bir ildə Xırdalanda olmayan və şəhəri heç görməyən oxucularımız canlandı. Qorxdum ki, bu şəkillərin çəkildiyi yerin səhv yazıldığını fikirləşəcəklər. Çünki bu şəkilləri görən oxucunun buranın müharibənin 5 ildir xarabazara döndərdiyi Suriyanın küçələri yox, Bakının 8 kilometrliyindəki şəhər olduğuna inanması çətindir. Şəhərə girər-girməz dar, bərbad vəziyyətdə, kənd yolu boyda bir prospektlə rastlaşırsan. Yolların bərbad gündə olması azmış ki, həm də ensizdir. Bu ensizliyi daha da darlaşdıran isə “Azərsu”-nun apardığı qazıntıdır. Təsəvvür edin, 235 min əhalisi olan Xırdalan şəhərinin ensiz baş yolunun, yəni Heydər Əliyev prospektinin kənarları hər tərəfdən 1 metrdən çox qazılıb, borular basdırılıb, üstü isə alayarımçıq doldurlub. Ancaq doldurulub, asvaltlamağa ehtiyac görülməyib. Bakıya yağış yağanda hər yeri su götürür, Xırdalana yağış yağanda isə hər tərəf palçıq olur. Gözlərinizlə görməsəniz də, o palçıq gölməçələrin içiylə gündəlik işə, dərsə, alış-verişə gedib-gələn insanların vəziyyətini çətin anlaya biləsiniz.

Şəhər sakinləri bildirir ki, Xırdalanın adı şəhərdir. Kənddən heç bir fərqi yoxdur. Kənddə də palçıq, şəhərdə də. Kəndlə şəhərin fərqi nədir bəs?

İlham Quliyev adlı şəhər sakini deyir ki, yollar necədirsə səkilər də elədir: “Səkilərə baxın, görün bunun səkiliklə əlaqəsi var? Özüm Zərdabdanam. Orada da yağış yağanda palçığın içində eşələnirdik, şəhər olan Xırdalanda da. Səkilərin vəziyətinə baxın bir. Palçıq, su, zibillik”.

Səkilərlə hərəkət edən zaman şəhər sakinləri sanki minalanmış ərazini keçirmişlər kimi gəzdiklərini müşahid edirik. Ayağımı oraya qoysam ayaqqabım palçıq olar, buraya qoysam burxula bilər. Ordan keçsəm dizədək palçıq vannası qəbul edəsi olacam, burdan keçsəm ayağım suyun içinə girəcək…

Yol kənarındakı zibil qabları isə başlı-başına qalan Xırdalan küçələrini zibilə salıb. Zibil qablarının ətrafı mini zibilliyi xatırladır. Yolun ətrafındakı palçıqlara zibillərlə bir-birinə qarışıb. Bu mənzərəni fotolarda görə, ağlıızda da bir anlıq təsəvvür edə bilərsiniz.

Elə bilirsiniz bu palçıq təkcə yağış nəticəsində əmələ gəlir? Ay hay!

Yol boyu çoxlu sayda maşınyuma məntəqələri görürük. Onların işlətdiyu su isə birbaşa küçəyə axır. Şəhərin kanalzasiya sisteminin olmadığını idda etmirəm. Yəqin ki, var. Ancaq maşın yuma məntəqləri kanalzasiya xəttinə qoşulmadığı dəqiqdir. Heydər Məmmədov deyir ki, “Azərsu” qazıntı, maşın yuma məntəqələri də suvarmaqla məşğuldur: “Şəhərin yolları, səkiləri bərbad gündədir. “Azərsu” yolları qazıb, getdi. Maşınyuma məntəqlərinə baxın. Hamısının suyu küçəyə axır. Küçələrin kənarı qazıldığı üçün su torpaqla qarışır və palçıq əmələ gəlir”.

Heydər Məmmədov iddia edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın şəhərdən xəbəri yoxdur: “Ondan əvvəlki icra başçısı Zakir Fərəcov şəhəri söküb tikdi. İstədiyini elədi. Amma palçıqlı yolların çoxunu asfalta da çevirdi. Bir qədər abadlaşdı şəhər. Amma artıq 3 ildir ki, onun yerinə gələn İradə Gülməmmədova Xırdalanın küçələrinə çıxmır. Arada ürəyimdə deyirəm, görən o niyə kabinetindən çıxmır, arada təmiz hava da qəbul etsə pis olmaz. İcra başçısının qapısında da polis olarmı? Nə vaxt kim getsə ki, dərdini desin, polis deyir, burada yoxdur. Göndərirlər hansısa əməkdaşın yanına, o da başdansovdu qulaq asıb yola verir vətəndaşı. Nə bizi görüşməyə buraxırlar, nə də özü kabinetdən eşiyə çıxmır ki, sözümüzü deyək. Prezident xalqın xidmətçisiyəm deyir. İcra başçısı isə özünü xalqın ağası kimi aparır”.
Hüseyn Nağıyev isə deyir ki, “Qadın başçı təyin olunanda sevindik ki, rayonumuz, o cümlədən Xırdalan şəhəri gözəlləşəcək, kommunikasiya problemləri həllini tapacaq. Qadın incə varlıqdı axı. Ancaq bu, bütün günü səyyar qəbullar keçirərək özünü reklam eləmək, gözə kül üfürməklə gününü keçirir. Günü-gündən vəziyyət pisləşir. Sakinləri adam yerinə qoyan yoxdur. Baxın, bu boyda şəhərdə bir dənə salamat küçə var? Bəyəm yolu qazıb su, kanalzasiya turbasını naz, qəmzəylə çəkməlidirlər? Bir yolu dəfələrlə qazmaq olar? Aylarla heç bir iş getmir. Qazılan yolun bəzisini guya asfaltlayıblar. Görün bir nəyə oxşayır o yol? Yoldan başqa hər şeyə. Prezident bilsə ki, başçı təyin edib işləyib camaatı razı salmağa göndərdiyi adam, onun işçiləri belə zülm edir, bunları cəzalandırar. Belə zülm olmaz axı”.

Küçələri gəzərək Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin qarşısına gedirik. Kollecin qarşısında duru palçıqdan bir göl var ki, kollec tərəfə keçmək üçün ya qayıq, ya da bir xeyi yol gedib, qarşı tərəfə keçmək lazımdır. Sakinlər deyir ki, bu küçə boyu yüzlərlə ev yerləşir. Hər gün minlərlə sakin burdan gedib gəlməli olur. Ancaq küçədə ayaq qoymağa bir metrdə olsun normal, təmiz yer tapmaq mümkün deyil. Şəhəri gəzərkən Misir-Azərbaycan dostluq parkına gəlirik. Xırdalan şəhərinin əhalisi çox olsa da cəmi 4 parkı var. Bunlardan ən böyüyü və abadı Heydər Parkıdır. Bura Sovet vaxtından qalıb. Sonralar ərazisini hər gələn icra başçısı nə qədər bölüb satsa, inzibati binaların tikilməsi üçün ayırsa da hələ qurtarmayıb. Digəri hamının tanıdığı AAAF-dır. Daha iki kiçik ölçülü parkda var ki, bunlar da 28-ci məhəllədəki Ana-Uşaq parkı və Mehdi Hüseyn və Qalubiyyə küçələrinin kəsişməsindəki Misir parkıdır. Misir parkı haqqında qısa məlumat: "Park 2007-ci il dekabrın 28-də açılıb. Parkın ortasında Misir Ərəb Respublikasının sabiq prezidenti Hüsni Mübarəkin abidəsi ucaldılıb. Şəhər sakinlərinin sözlərinə görə, Hüsni Mübarək devriləndən dərhal sonra onun abidəsi götürülərək, yerinə “Qədim Misirdə bardaş qurmuş yazar”ın abidəsi ucaldılıb".

Ölçüsü çox kiçik olan parkdan bir neçə addım kənara qoymaq kifayət edər ki, yenidən “minalanmış” əraziyə girəsən. Şəhərin Heydər Əliyev, Rəsulzadə, Mehdi Hüseyn, Qalubiyyə küçələri, Quşçuluq massivinin, 26, 27 məhəllələrinin yollarının hansına ayaq qoyduqsa, birini o birisindən daha bərbad gördük. Sanki bu rayon nəzarətsiz zona elan olunub. Yasəmən Talıbova deyir ki, “icra hakimiyyəti özünü reklamdan başqa heç nə bilmir. Şikayət edəndə ki yolları pisdir, dizədək palçığın içinə giririk, cavab verirlər ki, “yolu “Azərsu” qazıb, o da düzəltməlidir. Pulu onlara ayırıblar, bizə yox”. Dərdimizi kimə deyək, bilmirik”.
Hə, bir də görmüşük ki, heç olmasa icra hakimiyyətinin yerləşdiyi və ətrafı son dərəcə səliqəli, göz oxşayan olar. Bu üzdən heç Abşeron rayon icra hakimiyyətinin binasının qarşısına getməyi düşünmürdük. Xırdalanın küçələrindəki “müharibə” vəziyyətini görüb, “heç olmasa şəhərdə yaxşı bir yer görək” düşüncəsi ilə Abşeron rayon icra hakimiyyətinin qarşısına yollanırıq.

Birdən elə bilərsiniz ki, icra hakimiyyətinin binasının qarşısında əlimiz üzümüzdə qalar, ingilislər kimi “O my god” deyərik. Əsla! İcra hakimiyyətinin binasının yerləşdiyi küçə və qarşısına pisin yaxşısı demək olar. Yollar göz oxşayan deyil, icra hakimiyyətinin sol, sağ ön və qarşı küçələri inkişafdan geri qalmış kəndlərin küçələrini xatırladır.

Xırdalan Bakıya yaxın olduğu üçün və evlər ucuz olduğu üçün insanlar oraya köçməyə, oradan ev almağa daha çox meyil edir. Amma və lakin şəhər də şəhər olmalıdır axı. Ola bilər bura yenicə şəhərə çevrilib, ancaq bu o demək deyil ki, insanlar zirin-zibilin içərisində yaşamalıdırlar. Çünki Xırdalan bu gün yaranmayıb. Azı 55 ildir ki, rayon mərkəzidir.

Yeri gəlmişkən insanlarla söhbət zamanı bildirirlər ki, Xırdalanda ən xod gedən mal maşınların ehtiyat hissələri və ayaqqabılardır. Maşınları küçələr, ayaqqabıları isə səkilər dağıdır.

Xırdalan yeni binaların hesabına xırda-xırda irəlləyərək Bakıya yaxınlaşır. Amma böyük addımlarla şəhərdən kəndə oxşamağa başlayır. Palçıq, zibillik, üfunət, su, qaz problemi… Yazdıqca bitmir..

ŞƏRH YAZ
Ad

E-mail

Şərh