Reklam

BNA sürücüləri cərimələyə bilərmi? - Qurumdan qalmaqallı videoya REAKSİYA

Yazarlar 19 Noyabr 2018 16:05 Oxunub 1481
BNA sürücüləri cərimələyə bilərmi? - Qurumdan qalmaqallı videoya REAKSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürücülər müxtəlif bəhanələr gətirirlər. Onlar əsasən qadınlarla bağlı bəhanə edirlər”

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşının dayanma-durma qaydalarını pozan sürücünü cərimələməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qanunu bilməyənlər sürücünü, bilənlər isə BNA-nin əməkdaşını haqlı çıxarmağa çalışırlar. Sürücü iddia edir ki, BNA-nin əməkdaşı qaydaları pozur: “Sizin gördüyünüz işdən dövlətimizin xəbəri var? Siz mənə vəsiqənizi göstərin. Mən bilmək istəyirəm ki, siz həqiqətən də BNA-nin əməkdaşısınız. Dayanma-durma qaydalarını pozanlara qarşı yalnız Dövlət Yol Polisinin əməkdaşları cərimə yaza bilər” – deyə sürücü BNA-nin əməkdaşına etirazını bildirir. BNA-nın əməkdaşı isə sürücüyə təmkinlə cavab verir və onunla heç bir mübahisə etmir. Avtosfer.az xəbər verir ki, məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev missiya.az-a açıqlamasında deyib ki, prezident İlham Əliyevin 6 iyul 2018-ci ildə verdiyi sərəncama əsasən, dayanma-durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirinin görülməsi ilə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə verilib: “Artıq Agentliyin əməkdaşları tərəfindən paytaxtın inzibati ərazilərində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görülməsinə başlanılıb. Təxminən 1 aydır bu səlahiyyətlərinin icrası həyata keçirilir. Bizim kameralar vasitəsi ilə cərimə etməmiz üçün qanunvericiliyə dəyişikliklər olunmalıdır. Hazırda əməkdaşlarımız bu proses xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə aparır. Amma yaxın vaxtlarda qanunvericiliyə müvafiq dəyişikliklər edilməklə inzibati tənbeh tədbirlərin görülməsi, foto və video qeydiyyatı aparmaq qabiliyyətinə malik cihazlarla həyata keçiriləcək. Bu dəyişikliklər edildikdən sonra inzibati tənbeh tədbirləri kameralar vasitəsi ilə aparılacaq. Artıq qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər verilib”.

Mais Ağayev BNA-nin əməkdaşının qanun çərçivəsində hərəkət etdiyini deyib: “Həmin şəxs orada özünün qanunu bildiyini sübut etməyə çalışır. Amma əslində dayanma-durma qaydalarını pozan sürücülərin cərimələnməsi ilə bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. Əməkdaşımız qanun çərçivəsində davranıb. Biz əməkdaşlarımızla daha çox maarifləndirmə işi aparırıq. Onlara xüsusi təlimlər keçirilir. Əməkdaşlarımıza qanunvericiliyin tələbləri, vətəndaşlarla ünsiyyət məsələləri izah olunur və onlara xüsusi təlimatlar verilib ki, vətəndaşlarla təmkinlə və səbirlə davransınlar”.

BNA rəsmisi  bildirib ki, ötən müddət ərzində maksimum dərəcədə maarifləndirmə işi aparmağa üstünlük verilib: “Həmin tədbirlər zamanı bizim əməkdaşlar sürücülərə yaxınlaşırlar və bildirirlər ki, “Burada avtomobil saxlamaq olmaz...”. Sürücülər müxtəlif bəhanələr gətirirlər. Onlar əsasən qadınlarla bağlı bəhanə edirlər. Deyirlər ki, anamı, bacımı, nişanlımı gözləyirəm. Biz onlara izah edirik ki, sizin icazə verilməyən ərazidə maşın saxlamanız digər sürücü və sərnişinlərin rahatlığını pozur. Şəhərin müxtəlif yerlərində dayanacaq məntəqələri var. Sürücülər avtomobillərini həmin dayanacaqlarda saxlaya bilərlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh