Cərimə barədə telefona gələn mesajlara diqqət edin - Sürücülərə vacib xəbər

Yazarlar 26 Oktyabr 2018 14:31 Oxunub 4790
Cərimə barədə telefona gələn mesajlara diqqət edin - Sürücülərə vacib xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aldığınız SMS qayda pozuntusu ilə bağlı elektron qərarın qanuni çatdırılması sayılır

Yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə vacib xəbər var. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, söhbət sürücülərin SMS vasitəsilə məlumatlandırılmasından gedir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş və iyul ayından etibarən qüvvəyə minmiş qaydalara görə, sürücülər bundan sonra həm də SMS vasitəsilə törətdikləri inzibati xətalarla bağlı məlumatlandırırlar. Burada söhbət yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələr (radar və ya kamera) tərəfindən qeydə alınan qayda pozuntularından gedir. Məcəllənin 125-ci maddəsində - İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma qaydalarında qeyd olunur ki, sürücülər elektron qərarlarla həm də SMS vasitəsilə  məlumatlandırılırlar. Belə ki, DYP-nin mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin ASAN ödəniş sisteminə yerləşdirilir. İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə 3 qaydada məlumatlandırılır:
1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir.
2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir.
3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Yeni qaydalara görə, ASAN ödəniş sistemi Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı DYP-nin mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.
Baş DYP İdarəsi avtomobil sahiblərinin, hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, cərimələr barədə SMS almaq üçün ilk növbədə bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
Yeni qaydaları bir qədər sadə dildə də izah etmək yerinə düşərdi. Qaydalara görə, sürücülər poçt vasitəsilə elektron qərarları almalıdır, eyni zamanda, bu qərarlar onların iş yerlərinə də çatdırıla bilər. Yenilik isə ondan ibarətdir ki, artıq sürücünün telefonuna SMS də göndərilməlidir və bu, elektron qərarla bağlı qanuni çatdırılma sayılır. Yəni, sürücü SMS aldıqdan dərhal sonra rahatlıqla gedib bankda, poçtda və ya plakstik kartla elektron qaydada cəriməni ödəyə və ya 20 gün ərzində Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada (poçtla və ya dyp.gov.az saytı vasitəsilə) etirazını bildirə bilər.
Sürücü elektron qərarlar və digər qayda pozuntuları ilə bağlı SMS vasitəsilə pulsuz məlumat almaq üçün mütləq ASAN xidmətin yaratdığı Asanpay.az saytında qeydiyyatdan keçib özünə elektron kabinet yaratmalıdır. Elektron kabinetdə isə daimi istifadədə olan mobil telefon nömrəsini qeyd etməlidir ki, bu cür qayda pozuntularına dair məlumatları SMS vasitəsilə ala bilsin. Yeni qaydalara görə, sürücü SMS-lə məlumatlandırıldıqdan sonra ASAN xidmət bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat sisteminə məlumat göndərməlidir ki sürücü artıq məlumatlandırılıb.
İnzibati Xətalar Məcəlləsində həm də o qeyd olunur ki, Daxili İşlər Nazirliyi sürücülərin öz barələrində olan məlumatları, yəni yaşadığı və ya qeydiyyatda olduğu yer, E-mail ünvanı və mobil telefon nömrəsi barədə məlumatları həm elektron, həm poçt, həm də telefon vasitəsilə verməsinə şərait yaratsın. Yəni sürücü Dövlət Yol Polisi İdarəsinə və ya şöbələrinə getmədən bu məlumatı telefon vasitəsilə, elektron qaydada və yaxud da, poçt vasitəsilə təqdim edə bilsin.
Beləliklə də, sürücü elektron qərarla bağlı SMS aldıqdan sonra məsələyə ciddi yanaşmalıdır. Yəni SMS almağınız o deməkdir ki, siz artıq həmin qərar barədə məlumatlandırıldınız. Yəni ünvana göndərilən məktubla SMS məlumatlandırma eyni səviyyədə tutulur və eyni əhəmiyyət kəsb edir. Buna görə də sürücü 20 gün ərzində həmin qərardan şikayət edə bilər. Tutaq ki, həmin vaxt nəqliyyat vasitəsini onun idarə etmədiyini və yaxud da belə bir xəta törətmədiyini iddia edərsə, aidiyyatı üzrə müraciət edə bilər. Qərarla razilaşdıqda isə elə dərhal ödəniş etmək mümkündür. Bunun üçün bank, poçt və plastik kartlardan istifadə etmək mümkündür. 20 gün tamam olduqdan sonra isə növbəti bir ay ərzində cərimə olduğu kimi hesablanır. Yəni, ilk 5 günü siz 10 faizlik güzəştdən istifadə edə bilərsiniz. Qalan müddətdə isə cərimə məbləğı tam şəkildə ödənilməlidir. Yəni bu o deməkdir ki, mobil telefonunuza cərimə olunmağınız barədə SMS məlumat gəldikdən 50 gündən sonra sizin törətdiyiniz xəta ilə bağlı cərimənin üzərinə faiz gələcək gəlməyə başlayacaq.
Bu və digər madələləri sürücülər nəzərə almalı, ciddi yanaşmalı və qanuna edilmiş yeniliklərlə tanış olmaqla yanaşı bunlara riayət etməlidir. Sürücülərin diqqətinə çatdırırıq ki, Asanpay.az saytında yaratdıqları elektron kabinetdə hansı mobil telefon nömrəsini qeyd edirlərsə onu daimi istifadə etməyə çalışsınlar. Mobil nömrəni dəyişdikdə isə yenidən elektron kabinetə daxil olaraq orada yeni nömrəni qeyd etsinlər ki, törətdiyi xətalarla bağlı vaxtında məlumat alsınlar.
Qanunda o da qeyd edilir ki, elektron kabineti olmayanlar, eləcə də DYP-nin mərkəzi məlumat sistemində mobil telefon nömrəsi qeyd edilməyən sürücülər SMS vasitəsilə məlumatlandırıla bilmədikdə onlara İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni poçt vasitəsilə çatdırılma həyata keçirilməlidir. Bu qayda isə sürücüyə elektron qərarı həm yaşadığı ünvanda, həm də iş yerində çatdırmağa imkan verir.


Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh