Ekspert: “Piyada ölümləri ilə nəticələnən qəzaların sayı artıb”

Yazarlar 5 Dekabr 2018 22:55 Oxunub 1900
Ekspert: “Piyada ölümləri ilə nəticələnən qəzaların sayı artıb”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İnsanlar bu yolları keçmək məcburiyyətindədirlər”

Son vaxtlar ölkədə piyada ölümü ilə nəticələnən yol qəzalarının sayı artıb. Gündüz saatları ilə yanaşı, ölümlə nəticələnən ən ağır qəzalar məhz axşam və gecə saatlarında qeydə alınır. Bəs bu qəzaların yaşanmasına səbəb olan əsas faktor nədir? İşıqlandırma? Piyadların və ya sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi? Mövcud infrastruktur? Avtosfer.az xəbər verir ki, oxu.az-ın məsələ ilə bağlı bu və digər suallarını nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev cavablandırıb. Onun sözlərinə görə, son vaxtlar avtomobillərlə piyadaların vurulması hallarının sayı artıb: “Paytaxtın küçə və prospektlərində işıqlandırma və ümumi infrastruktur sistemi düzgün qurulmayıb. Xüsusən yollarda piyada keçidləri varsa, həmin ərazilərdə süni işıqlandırma sistemlərinə diqqət edilməlidir. Piyada keçidlərini ağ işıqlandırma ilə qeyd etməlidirlər. Bakı şəhərində piyadaların təhlükəsizliyi üçün yaradılan mühit çox aşağı səviyyədədir.  Hansı şəhərlərdə ki nəqliyyat sistemi səmərəli şəkildə işləyir, orada piyada yol hərəkətinin əsas iştirakçısı kimi qəbul edilir. Bu, o deməkdir ki, bütün qurulan şərait ilk olaraq piyadaları nəzərə alaraq yaradılır. Qarşıdan-qarşıya keçmək üçün insanlar yolun piyadalar üçün ayrılan hissəsindən istifadə etməlidirlər. Təəssüf ki, bu keçidlərin yerləşdiyi hissələr piyadalar üçün əlverişli seçilməyib. Bununla yanaşı, bəzi piyadalar işıqforları nəzərə almır, piyada keçidindən istifadə etmir. Amma ümumilikdə yaşanan problemlərdə nə sürücüləri, nə də piyadaları ittiham etmək olar. Avropa ölkələrində bu kimi hallar çoxdan müşahidə edilib və onların aradan qaldırılması üçün tədbirlər görülüb. Bu gün paytaxt ərazilərində küçə və prospektlərdəki vəziyyəti diqqətə çatdırmaq istərdim. Küçədən kənar yollarda bunu tənzimləmək çətin olsa da, önəmlidir. Amma paytaxtın əsas prospektlərində belə piyadaların təhlükəsizliyi yüksək səviyyədə təmin edilməyib”.

Ekspert küçədən kənar yollarda, dördzolaqlı yollarda piyadaların rahat şəkildə qarşıdan-qarşıya keçməsinin düzgün tənzimlənmədiyini deyir: “İnsanlar avtomobillərin çox olduğu və sürətlə hərəkət etdiyi yollardan keçmək istəmir. Bu insan psixologiyasında da var. Amma başqa bir tərəfdən, insanlar bu yolları keçmək məcburiyyətindədirlər. Ətrafda, yaxın ərazilərdə keçidlər olmur, küçədən kənar keçidlər isə əksər insanlar üçün rahat deyil. Çünki yaşlı insanlar, əli uşaqlı qadınlar, əlil arabasında olan insanlar üçün bu, demək olar ki, əlverişli deyil. Yolu qarşıdan-qarşıya keçmək üçün o pilləkənləri çıxıb-düşmək asan deyil. Cəmiyyətin 30 faizə qədəri müxtəlif hərəkət məhdudiyyətləri olan insanlardır. Onlar üçün hər bir pilləkən keçilməz bir baryer kimidir. Çıxış yolu nədir? Onlar təhlükəli yolları qaçaraq keçməyə cəhd edirlər. Bunun nəticəsində də ağır yol qəzaları baş verir. Bu isə öz-özlüyündə insanlarda vərdiş halı alır ki, mən burdan yolu belə keçdim, heç nə olmadı, bunu təkrarlaya bilərəm. Dediyim kimi, infrastruktur düzgün deyil. Təbii ki, bəzən piyadalar özü də primitiv qaydalara riayət etmir, bu, ayrı bir məsələdir. İstər sürücü olsun, istərsə də piyada, diqqətli olmaq lazımdır. Bu gün rayonlarda bu problem özünü çox büruzə vermir. Çünki avtomobil sıxlığı yoxdur. Amma bu məsələ yaxın zamanda həllini tapmazsa, bu ətraf bölgələrdə də nəqliyyat sisteminə təsir göstərəcək”.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il Bakı şəhəri ərazisində qeydə alınan ümumi yol-nəqliyyat hadisələrinin 65 faizini piyada vurulmaları təşkil edir ki, bu da çox ciddi rəqəmdir: “Bu məsələ, doğrudan da, çox ciddi narahatlıq doğurur. Hadisələrin böyük əksəriyyəti piyada keçidlərinin yaxın məsafələrində qeydə alınır. Buna səbəb piyadaların ərazidə qoyulan yeraltı və yerüstü keçidlərdən düzgün istifadə etməməsidir. Piyada vurulmalarının qarşısını almaq məqsədilə əməkdaşlarımız müntəzəm olaraq piyada keçidləri və onlara yaxın olan ərazilər nəzarətə götürülüb. Ümumi götürsək, ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, cari il üçün Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilir. Amma piyadaların avtomobillə vurulmasına nəzər saldıqda, bu ümumi yol-nəqliyyat hadisələrinin 65 faizini təşkil edir. Çox yüksək rəqəmdir. Bunun qarşısını almaq üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Belə ki, avtomobillərin hərəkətinin daha yüksək olduğu ərazilərdə (80km/saat sürət və daha yüksək) piyadalar yolun onlar üçün təyin olunmayan hissəsindən keçirsə, qanunvericiliyə uyğun olaraq 40 manat məbləğində cərimə olunacaq. Bunun da məqsədi piyadaların təhlükəsizliyini qorumaqdır. Biz bu məsələdə həm bir vətəndaş kimi, həm də polis kimi maariflənmənin tərəfdarıyıq. Çünki sürücü və piyadaların diqqətsizliyi nəticəsində yaşanan qəzalarda ölən, yaralanan şəxslər də bu ölkənin vətəndaşıdır. Bütün sürücüləri və piyadaları yol hərəkəti qaydalarına düzgün riayət etməyə çağırırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh