Gurcu polisi haqli, bizim polis haqsiz? – Ziddiyətli yanaşma - VİDEO
İki gün əvvəl Gürcüstanda yol polisinin tabesizlik göstərən azərbaycanlı sürücünü qandallayıb aparmasını əks etdirən videonu Avtosfer.az saytında yaydıq. Videoya qısa izah da verdik ki, tabesizlik göstərən sürücüyə qarşı polisin güc tətbiq etməsi normal haldır, amma nədənsə Azərbaycanda bunu edən polisi az qala xalq düşməni kimi təqdim edirlər. Deməli, bu cür polis yanaşması hər yerdə var. Amerikada hətta tabe olmayan sürücünü güllə ilə vura bilərlər, Rusiyada döyə-dəyə maşına mindirirlər, Fransada da təxminən bunun kimidir…
Gürcüsnatda çəkilən həmin video saytda və sosial şəbəkələrdə yayıldı. Qeyd etdik ki, bəs deyirdilər, Gürcüstanda polis vətəndaşın nazıyla oynayır, az qala qayda pozan sürücünü öpüb gözü üstdə qoysun. Necə olur belə görüntülər yayılır? Nə sirr idisə, əksər izləyicilərimiz yenə də Gürcüstanın yol polisini haqlı, azərbaycanlı sürücünü isə haqsız saydılar. Qəribə bir sual ortaya çıxdı; necə olur ki, Azərbaycanda polis tabe olmayan, təhqirə yol verən sürücünü qandal taxmadan maşına mindirib aparanda onu “vəhşi”, “kobud” adlandırırlar, amma Gürcüstanda yol polisi azərbaycanlı sürücünün qoluna qandal vurub maşına basıb aparır, onlara “qəhrəman” deyirlər? Sualın cavabını yazılan şərhlərdə tapdıq, lakin bu, çox üzücü idi. Əksəriyyət düşünür ki, Gürcüstanda polis nə edirsə düz edir, amma bizim polis bəzən yalan danışır, şər atır və sair. Ola bilsin, bizim polisin illər öncə qazandığı bu imic hələ də bəzilərinin yadında qalıb. Lakin son illər aparılan islahatlar bu cür neqativ halların sona yetməsinə gətirib çıxardı. Bunları danmaq olmaz.
Məsələ burasındadır ki, Azərbaycan polisinə qarşı aqressiya çoxlarının qəlbinə hopub. Hansı ki, dara düşən kimi polis axtarır, polis çağırır, polisdən kömək umur.
Gürcüstana turist qismində gedənlər danışır ki, onlar hətta qayda pozduqda belə Gürcüstanın yol polisi cərimə etməyib, əksinə, maşını saxlatdırıb, xəbərdarlıq edib, hətta yolu səhv gedənləri mənzil başına qədər müşaiyət edib. Əlbəttə, dünyanın bir çox yerində turistlərə qarşı bu cür münasibət var. Çünki adı üstündədir - turistdir. Ona xoş davranmaq hər il ölkəyə yeni turistlərin cəlb edilməsi deməkdir. Amma heç kim zənn etməsin ki, Azərbaycanda turisti tutub döyürlər, zorla cərimə yazırlar. Xeyr. Azərbaycanda da polisə xüsusi tapşırıq verilib və onlar da hər zaman turistlərlə xoş davranırlar. Necə ki, siz gedib Gürcüstanda Azərbaycan nömrəli maşın sürürsünüz, gürcü polisi sizin turist olduğunu bildiyi üçün nazınızı çəkir, eyni qaydalar Azərbaycanda da var. Polis saxladığı maşındakının turist olduğunu bildikdə ona imkan dairəsində kömək edir, yolu başa salır, ən azından “welcome” deyərək, xoşgəldin edir.
Mənim bildiyimə görə, bu il turistlərə qarşı kobudluq edən 2 əməkdaş DYP sistemindən qovulub. Biri Səbail DYP-də işləyirdi. Onun DİN sistemindən qovulmasını çoxları eşitdi və dəhşətə gəlirdilər ki, turistə qarşı səhv etmək görün nə cür ağır nəticəyə gətirib çıxarır. Bu iradəni isə ortaya daxili işlər naziri, general-polkovnik Ramil Usubov qoyub. Ondan da ölkə Prezidenti İlham Əliyev tələb edir. Çünki ölkəyə turist cəlb etmək asan məsələ deyil. Bir turistə qarşı səhv addım gələcəkdə yüzlərlə turisti itirmək deməkdir. Turist isə böyük maliyyə gəliri anlamına gəlir.
Bütün bunları ona görə deyirəm ki, xaricdə polisi qəhrəman, Azərbaycanda düşmən kimi görmək səhv yanaşmadır. Necə olur ki, Niderlandda 2 polis ördək balalarını tutub yolun o biri üzünə keçirəndə, Fransada pişiyə yol verən polisin videosu yayılanda bəh-bəhlə sosial şəbəkələrdə yayırsınız, amma Azərbaycanda polis hər il yüzlərlə insanı xilas edir, kiməsə yaxşılıq edir, bu barədə yazanda isə qeyri-ciddi münasibət göstərib ələ salırsınız? Hətta bunu “şou” aldandırırsınız? Polis bu dövlətin sütunlarını çiynində saxlayan bir struktur, polisin mundirində Azərbaycan dövlətinin atributları var. Polisi ələ salmaq, gülüş obyekti kimi qələmə vermək dövlətə qarşı qeyri-ciddi münasibətin göstəricisidir. Dövlətə qarşı qeyri-ciddi yanaşmaq isə normal insani münasibət sayıla bilməz.
Baxın, Niderlanda gördüyünüz polis-ördək videosu əvvəlcədən hazırlanmış və peşəkarcasına çəkilən görüntülər idi. Fransadakı pişik məsələsi bu gün Paris küçələrində insanları vəhşicəsinə döyən fransız polisinin əsl simasıdır. Amerikada isə hər gür polis zorakılığına məruz qalan onlarla insanın videosu yayılmaqdadır. Bütün bunların fonunda Azərbaycan polisinə normal münasibət göstərməmək acı və mənfi yanaşmadır.
Axı necə olur ki, Gürcüstanda polis sürücüyə zor tətbiq edəndə günah sürücüdə olur, Azərbaycanda isə günahkar polisi sayırsınız? Bir həqiqəti qəbul eləmək lazımdır ki, həmişə qonağa gülümsəyib özümüzünkünü gözümçıxdıya salırıq. Gürcülər də elə edir, turistə gülüməsyir, amma özününkünü qandallayır. Özününkü deyəndə, milliyətcə azərbaycanlı olan və Gürcüstan vətəndaşı olan həmin sürücünü nəzərdə tuturam. Maraq üçün onun videosunu bir daha paylaşıram. Bu hadisə Azərbaycada baş versəydi adını nə qoyacaqdınız?
Unutmayın ki, Azərbaycan polisi sizin, bizim ailəmizin bir üzvüdür, hansısa birimizin yaxından-uzaqdan bir qohumu polisdir. Onu görəndə baxın görün, vəhşidir? Soruşun görün, onun harası zalımdır? Qarabağ savaşında şəhid olan mindən çox polisi unutmayaq. Bakıdakı bina yanğını zamanı uşaqları yanan binadan çıxaran, dənizdə batan uşağı xilas edərkən özü boğulub ölən, Gəncədəki iğtişaşı yatırtmaq üçün insanların arasına girib sakit söhbət edərkən namərdcəsinə qətlə yetirilən, hər il Azərbaycan bayrağını dünyanın müxtəlif idman arenalarında yüksəklərə qaldırıb qələbə çalan, hər gün küçə və yollarda isti-soyuq demədən xidmət aparan minlərlə polisin zəhmətini yerə vurmaq olmaz. Bu, ədalətsizlikdir...
Elməddin Muradlı