Reklam

Küçələrdə acından qum yeyən ana: Oğlum yanımdan keçirdi, amma... – FOTO + VİDEO

Yazarlar 9 Noyabr 2018 23:48 Oxunub 1595
Küçələrdə acından qum yeyən ana: Oğlum yanımdan keçirdi, amma... – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dilənmədiyi üçün küçələrə atılan 53 yaşlı ananın həyat hekayəsi

Atam məni 26 yaşında ərə verməyə hazırlaşırdı. Yaşıma görə əvvəl etiraz etməmişdim. Amma sonra bildim ki, məni 63 yaşlı ailəli, oğul-uşaq sahibi bir kişiyə verəcək. Elə o vaxtdan bu günə kimi çəkdiklərimi bir Allah bilir. Bu dəfə həyat tarixçəsini sizinlə paylaşacağımız qadını, R.İ.-ni (ad şərtidir - red.) çoxları sosial şəbəkələrdən tanıyır. Bu xanım illərdir küçələrdə yaşayıb. 10 gün əvvəl isə şəhər sakinlərindən biri onu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yanına gətirib. Bundan sonra baş verənləri isə, gəlin, qadının öz dilindən eşidək. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dilənmədiyi üçün küçələrə atılan 53 yaşlı ananın həyat hekayəsini təqdim edir:

Sığınacağa gedəndə qapını üzümüzə məhz R. açdı. Deyir ki, hər qapı döyüləndə qaçır ki, bəlkə, oğlu gəlib: “Bizim ailə geniş olub. Atamın imkanı yaxşı idi. Amma Allahın qisməti elə olub ki, anam ard-arda yeddi qız uşağı dünyaya gətirib. Atam buna görə həmişə anamı boşanmaqla hədələyib. Sonra ailəyə üç oğlan gəldi və bu söhbət bir az aradan götürüldü. Babam anama dəstək olmaq üçün rəhmətə getməzdən qabaq anamın adına bir mülk vəsiyyət etmişdi.

Amma sənədləri düzəldə bilməmişdik deyə ev əlimizdən çıxdı. Atam da babamdan sonra laqeyd olmağa başladı. 1996-cı ildə məni istəmədiyim halda 63 yaşlı nəvə sahibi bir kişiyə ərə verdi. Onda mənim 26 yaşım vardı, anam da buna heç nə deyə bilmədi. 

Daha dəqiq desəm, o vaxt pul qarşılığında məni o kişiyə verdilər. Yoldaşım Nəsimi bazarında satıcı işləyirdi, pis-yaxşı dolanırdı. Evimiz yox idi. Köhnə bir vaqonun içərisində qalırdıq. Sonra bir oğlumuz oldu.

Bu zülümlə yağış üstümüzə yağa-yağa yaşayırdıq. 1997-ci ilə qədər Feyzulla Qasımzadə küçəsində olurduq, sonra gəldik İmran Qasımov 6 ünvanında köhnə bir hamama. “JEK” evləri olduğundan sənəd olmurdu. İllər sonra köhnə pulla 1500 manata yoldaşım o uçuq-sökük daxmanı aldı. 1998-ci ildə bizə demişdilər ki, bu ərazilər plana düşəcək, sizə də kiçik bir ev verəcəklər.

Ərazi plana düşdü, mənim bir otaqlı evimi sökdülər. Oranı alan şirkət rəhbəri dedi, mənə pul vermir, amma ev verəcək. Nə ev verdilər, nə pul. Məni atdılar küçələrə. Oğlum da zülümlə böyüdü, sonra əsgər getdi. 82 yaşında yoldaşım öldü. Artıq 2-3 ilə yaxınlaşır ki, mən küçələrdəyəm”.

“Oğlum deyirdi, get, dilən, pul gətir, axşam uşaqlarla çay içəcəyəm…”

R. deyir ki, oğlunun əsgərlikdən gəlməsini nə xəyallarla gözləyib. Amma heç nə düşündüyü kimi olmayıb:

“Oğlum əsgərlikdən gələndən sonra 10-15 gün bir balaca yer tapdı, orada kirayədə qaldıq. Bir ay özü verdi evin pulunu. Sonra dedi, get, işlə, dilən, evin pulunu ver. Bacarmırsansa, çıx, get bu evdən. Yoldaşım öləndən sonra oğlum da qəddar oldu. 22 yaşı var, nə vaxtsa səhvlərini, bəlkə, də dərk edəcək. Amma artıq mən nə halda olacam, onu bir Allah bilir”.

“Məni küçə qadını hesab edirdilər, çox utanırdım…”

Danışdıqca gözləri dolur, səsi əsirdi. İki ildir küçələrdə, Koroğlu parkındakı qoşa küknar ağacının altında yaşayan R. sanki söhbət əsnasında o soyuğu bədənində hiss edirdi. Ona baxanda yaşadıqlarının onun sinir sisteminə ciddi təsir etdiyini hiss etmək olurdu. O deyir ki, iki il küçədə yarıac, yarıtox yatıb, amma heç kimdən heç nə dilənməyib:

“Koroğlu parkında iki küknar ağacının altında yatırdım. Quru çörək qoyurdular ağacın altına, yağış yağanda onları tuturdum suyun altında ki, yumşalsın, yeyim. Dişlərim yoxdu, bərk heç nə yeyə bilmirdim. Yaxınlıqda kafe vardı. Hərdən oranın sahibi yemək qalıqlarını, bir də iki stəkan isti çay verirdi. 5-10 dəqiqə kafedə bir küncdə oturub canımı qızdırırdım. Sonra yenə qayıdırdım o iki ağacın altına.

Yağış hər yerə düşürdü, bircə o iki ağacın altında su dəymirdi. Heç kim mənim yanımdan keçmək istəmirdi. Yolu bu tərəfdən keçənlər də fırlanıb parkın o biri başından keçirdilər ki, məndən gələn pis qoxunu hiss etməsinlər. Mən heç vaxt pinti, natəmiz insan olmamışam. Amma başqa şansım yox idi. Bu, mənə o qədər pis təsir edirdi ki, qışda əynimdə pal-paltarla hovuza girib yuyunurdum ki, məndən pis qoxu gəlməsin. Sonra soyuq küləyin qabağında dururdum ki, üstüm-başım qurusun.

Bəlkə də bu ağır yaşayış, o insanların elə qəddarlığı məni bu hala saldı. Hərdən özümü yaxşı hiss etmirəm. Allaha yalvarırdım ki, məni sınağa çəkirsənsə, heç olmasa özün qoru”.

“Məni insanlardan küçə itləri qoruyurdu”

Küçədə yaşadığından, kimsəsiz olduğundan istifadə edib R.-nin sənədlərini, ətrafdakı insanların ona verdiyi 3-5 manatı da oğurlayıblar:

“Mən yatanda başımın ucuna bir tikə çörək, yarısı yeyilmiş dönər, yarısı içilmiş su qoyurdular. Hərdən də 3-5 manat pul. Duranda görürdüm, yeyirdim. Bəzən də görürdüm, kimsə gəldi, götürdü. Qorxurdum, reaksiya vermirdim. O 3-5 manatı götürüb gedirdilər. Nə tapırdımsa,  itlərlə bölürdüm.

Bəlkə də, ona görə yatanda həmişə gəlib ətrafımda otururdular. Sanki məni qoruyurdular. Amma insan övladından gözlədiyini dilsiz-ağızsız heyvanlardan görəcəyini ağlına gətirmir”.

“Elə vaxt olub günlərlə ancaq qum yemişəm…”

R. oğlu barəsində danışmaq istəmirdi. Bəlkə, analıq hissi onun etdiklərini dilə gətirməyə qoymurdu, bəlkə də, elə atılmış ana olduğunu xatırlatdığı üçün bir anlıq da olsa, unutmaq istəyirdi:

“Elə gün olub, oğlum dostları ilə yanımdan keçib gedib. Səsindən tanımışam. Amma eləcə baxmışam. İnanmazsınız, elə gün olub ki, acından tir-tir əsmişəm. Bəlkə də, soyuqdan heç kim elə əsməyib. Heç kimdən bir tikə çörək də istəməmişəm. Küknar ağacının altındakı qumu isladıb yeyirdim. Balaca kağız stəkanlar olurdu, insanlar içində çay içib atırdılar.

Onu da qoyurdum ağacdan bir az aralı, yağış dolurdu içinə. Su kimi içirdim. Belə-belə iki il ölmədim, “yaşadım”. Buraya məni 10 gün əvvəl gətirdilər. Hələ də özümə gələ bilməmişəm. Təmiz pal-paltar verdilər, saçımı-başımı düzəltdilər. İndi də bir az özümə gəlib işləmək istəyirəm”.

R.-nin əsəb sistemi bu qədər ağır günlərə tab gətirə bilməyib. Amma deyir ki, əlindən xalça toxumaq gəlir. İşləyib özünü dolandırmaq istəyir: “Küçədə qalanda da bir-iki nəfər vardı, hərdən mənə yemək gətirirdilər. Onlara deyirdim ki, mən oğru deyiləm. Əxlaqsız qadın deyiləm. Atılmış anayam. Evinizi təmizləyim, uşaqlarınıza baxım, hətta ev heyvanlarınıza belə baxaram, qarşılığında bir tikə çörək, bir dəst isti geyim verərsiniz. Heç nə istəmirəm başqa.

Amma heç kim məni evinə dəvət etmirdi. Onları da başa düşürəm. Lakin indi o qədər halsızam ki... Amma əlimdən toxumaq gəlir. Xalça toxumağı bacarıram. Sığınacaqda Mehriban xanıma dedim. O da mənə iş tapacağına söz verdi. Gözləyirəm, hələ damağımdan qumun, kürəyimdən quru yerin dadı getməyib”.

Bir ananın bu cür günlər yaşaması, həqiqətən, ağırdır. Bir övladın valideynə qarşı bu cür qəddar olması isə daha ağırdır. Doğrudan da, həyat fədəkarlıq üçün heç uyğun yer deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh