Reklam

Marşrut avtobusları qadın sürücülərə verilir - ARAŞDIRMA

Yazarlar 4 Oktyabr 2018 08:30 Oxunub 2506
Marşrut avtobusları qadın sürücülərə verilir - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İctimai nəqliyyatda qadın sürücülərin diqqətinə və məsuliyyətli yanaşmasına böyük ehtiyac var

Cəmiyyətdə zərif məxluqların, yəni xanımların peşə seçimi ilə bağlı qəribə məhdudiyyətlər var. Bir çoxları düşünür ki, xanımlar ya müəllim olmalıdır, ya da həkim. Bu fikirlər cəmiyyətin bəlkə də 80 faizi tərəfindən qəbul edilib. Amma bu gün kifayət qədər yaradıcı peşələrdə, eləcə də polis, hərbçi, yanğınsöndürən və sair buna bənzər sahələrdə fəaliyyət göstərən və yüksək nailiyyətlər əldə edən qadınlarımız daz var. Maraqlısı isə budur ki, sadəcə kişilərin öhdəsindən gələ biləcəyi xüsusi peşələr var ki, bu gün qadınların həmin peşələrə yiyələnməsi cəmiyyətdə qəribə qarşılana bilir. Məsələn, bənna, maşın ustası, santexnik, taksi sürücüsü, pilot və s. Bu gün xüsusilə toxunacağımız məsələ isə qadınların ictimai nəqliyyat vasitələrində sürücü kimi çalışmasıdır. Bir neçə gün əvvəl qarşımıza ictimai nəqliyyat sektorunda ölkədə fəaliyyət göstərən özəl sərnişindaşıma şirkəti olan «Xaliq Faiqoğlu» MMC-yə məxsus elan çıxdı: “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınları işə dəvət edirik”. Maraqlı təşəbbüs olduğu qədər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir qrup xanım bu işin qadın peşəsi olmadığını, iş şəraitinin qadınlara uyğun olmadığını desə də, digər bir kütlə bunu gendər bərabərliyinin təmin edilməsi nöqteyi nəzərindən əla təşəbbüs olaraq dəyərləndirilib. Bəylərin böyük əksəriyyəti isə qadın sürücülərin idarə etdiyi ictimai nəqliyyat vasitəsinə minməyəcəklərini deyiblər. Bəs nə üçün qadın sürücülər tələb edilir? Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd nədir? Məsələyə isə ilk olaraq iş elanı ilə bağlı paylaşım edən «Xaliq Faiqoğlu» MMC sərnişindaşıma şirkətinin əməkdaşı Nizam Rzayevin mövqeyini öyrənməklə başladıq. Avtosfer.az xəbər verir ki, onun Publika.az-a verdiyi açıqlamaya görə, ictimai nəqliyyatda qadın sürücülərin diqqətinə və məsuliyyətli yanaşmasına böyük ehtiyac var:

“İctimai nəqliyyatda qadın sürücülərin də olması çox müsbət hal olardı. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək qadın sürücülərin işə götürülməsi ilə bağlı elan vermişik. Azərbaycan qadını həm işgüzarlığı, həm də işinə məsuliyyəti ilə hər zaman seçilir. Əlbəttə daha əvvəl avtobus idarə etməmiş, bu sahədə təcrübəsi olmayan qadınlara avtobus və sərnişinlərin təhlükəsizliyini etibar etmək düzgün olmaz, bu ümumiyyətlə mümkün deyil. Elanla bağlı bizə müraciət edən qadınların bütün sənədləri, şəxsi keyfiyyətləri, sürücülük qaydalarına nə dərəcədə hakim olduqları və bir çox digər nüanslar araşdırılandan sonra, müvafiq olaraq istismar şöbəsi həmin şəxsin avtobus idarə etmək üçün hazır olub-olmadığını təsdiq edəcək. Daha sonra Təmir Mərkəzi sürücünün texniki biliklərinin yetərli səviyyədə olduğuna dair rəy bildirdikdən sonra həmin xanım sürücülərə sükan etibar etmək olacaq. Bizim bu təşəbbüsü irəli sürməyimizdə məqsəd ictimai nəqliyyat sektorunda qadınların da olmasıdır. Müvafiq olaraq “D” sürücülük kateqoriyası olan, sağlamlığı ilə bağlı heç bir ciddi problem olmayan qadınlar iş üçün müraciət edə bilərlər. Şirkətimiz həmin qadın sürücülərin təcrübə toplamasına, müvafiq təlimlərdə iştirak etməsinə, eləcə də bütün zəruri informasiyaları toplamaqlarına lazımi köməkliyi edəcəklər. İş qrafiki 8 saatdan artıq olmayan rejimdə tərtib ediləcək. İlkin mərhələlərdə təbii olaraq hər bir sürücü yolları tanımaq məqsədilə bir müddət həmin yollarla tanış olacaq, dayanacaqların siyahısını, hərəkət intensivliyini və intervalları öyrənəcək. Daha sonra isə ümumi sistemdə iş fəaliyyətlərinə başlayacaqlar”.

Ümumiyyətlə, dünyanın bir çox ölkələrində ictimai nəqliyyatlarda sürücü kimi çalışan qadınlar var. Azərbaycanda da vaxtilə sərnişin daşıyan avtobusların qadın sürücüləri (Bahar Tahirova) olub. Onların da fikrincə sərnişinlər təhlükəsizlik məqsədilə qadınların idarə etdiyi nəqliyyat vasitələrinə daha çox etibar etməlidirlər.

Bəs görəsən ekspertlər necə düşünür? Təhlükəsizlik baxımından qadınların ictimai nəqliyyat vasitələrini idarə etməsindən ehtiyat etməliyik yoxsa yox?

Ekspert Ərşad Hüseynov cəmiyyətdə xanım sürücülərə şərait yaradılmasının maraqlı təşəbbüs olduğunu deyib. Onun sözlərinə görə, vaxtilə sərnişin daşıyan avtobuslarda qadın sürücülər olub, lakin 65 yaşı keçdiklərindən qanunla artıq fəaliyyət göstərmək şansları yoxdur:

“Bilirsiz burada qeyri-adi bir məqam yoxdur. Bu gün dünyanın bütün ölkələrində kifayət qədər qadın sürücülər, maşinistlər, pilotlar var. Sadəcə olaraq Azərbaycanda qadın sürücülərə tələbat olmadığından bu məsələ kütləvi hal almayıb. Mən özüm də bu məsələni araşdırmışam. Belə ki, məndə olan məlumata görə hazırda ölkə ərazisində “D” və “DE” kateqoriya dərəcəsində sürücülük vəsiqəsi olan qadın yoxdur. Bu isə hazırda qadın sürücü axtaran şirkətlərə potensial olaraq müraciətlərin demək olar ki yox dərəcəsində olması deməkdir. Situasiya hazırda budur. Amma hər halda bu cəmiyyətdə bir çağırışdır ki, biz qadınları da sürücü kimi işə götürə bilərik. Bu çağırışı edən şəxsləri alqışlayıram, çox gözəl təşəbbüsdür. Dediyim kimi, dünyanın bir çox dövlətlərində ictimai nəqliyyatda sükan arxasında qadınlara rast gəlmək mümkündür. Əvvəlki vaxtlarda təbii ki, ictimai nəqliyyatlarda qadın sürücülərimiz olub. Hazırda qüvvədə olan qanunlara əsasən yaşı 65-dən yuxarı olan şəxslərin(qadın və kişi) ictimai nəqliyyat vasitələrini idarə etməsi qadağandır. Sürücü kimi ictimai nəqliyyatda fəaliyyt göstərmək üçün müraciət edən şəxslər isə bu işin məsuliyyətini dərk etməli, iş fəaliyyətinə yararlı ola biləcəklərini göstərən bütün zəruri imtahanlardan keçməlidirlər. Bununla yanaşı işə götürən şirkətlər isə işçinin hüquqlarını pozmamalı, onlara istirahət günləri verməli, qanunla göstərilmiş saatdan çox çalışdırmamalıdırlar. Bu gün təəssüf ki, sürücülər üçün təyin edilən şərtlər kişilərə belə ağırdır, qaldı ki, qadın sürücülərə”.

Ə.Hüseynov xüsusi olaraq onu da qeyd edib ki, bu gün cəmiyyətdə ictimai nəqliyyatlarda sükan araxasına keçəcək qadınlar müntəzəm olaraq müşahidə edilən sərnişin-sürücü mübahisələrinə də son qoya bilər:

“Mən həqiqətən düşünürəm ki, qadınların sükan arxasına keçməsi olduqca təbii haldır. Qeyri-adi bir vəziyyət kimi qiymətləndirmirəm. Yaxşı olardı ki, şərtləri bir az yumuşaltsınlar. Sürücülər bu gün səhər saat 5-də çıxıb, axşam saat 1-də,2-də evlərinə gəlib çıxırlar. Bu şərtlər altında təbii ki, qadın sürücülər çalışa bilməz. Amma qadınların sükan arxasında təhlükəsizlik baxımından daha etibarlı olduqlarını düşünürəm. Ona görə ki, təcrübə göstərir ki qadın sürücülər kişilərə nisbətən çox daha diqqətlidirlər. Xanımlar aqressiyadan daha uzaq və məsuliyyətli olduqları üçün davamlı yaşanan mübahisəli durumların da sayı azalar. Elə yaşanan mübahisələri yaradan səbəblərə diqqət edək- sürücülərin sükan arxasında siqaret çəkməsi, bayağı və sərnişinləri narahat edəcək tərzdə yüksək səslə musiqilər qoşması, gediş haqlarının ödənişi zamanı yaşanan bəzi mübahisələr və s. Bütün bunlar isə sosial şəbəkələrdə görüntüləri yayaılan o sərnişin-sürücü davalarını yaradan səbəblərdən biridir. Amma qadın sürücülər bunları heç birini etməyəcək. Cəmiyyətimiz rəngarəngdir deyə, bu məsələyə müxtəlif reaksiyalar olacaq. Amma nəzərə almaq lazımdır ki, mentalitet baxımından belə yanaşılsa, İran İslam Respublikasında xanım pilotlar belə fəaliyyət göstərir. Ümumilikdə bu təşəbbüsü müsbət dəyərləndirirəm və diqqətdə saxlayıram”.

Ərşad Hüseynov qanunla tələb edilən bütün normalara cavab verəcək qadın sürücülərin idarə etdiyi ictimai nəqliyyat vasitələrinə minə biləcəyini də qeyd edib.

Bəs görəsən qadınların ictimai nəqliyyat vasitələrini idarə etməsi yol polislərinin necə işlərini çətinləşdirməzki?

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə düşünür ki, bu ağır sistemdə xanımların çalışması bir o qədər də müsbət hal deyil:

“Bizim xanımlar, sevgiyə, hörmət və diqqətə layiq xanımlardır. İstəməzdim ki, onlar sərnişin daşıma sistemində sürücü kimi çalışsınlar. Bu mənim şəxsi fikrimdir. Ancaq arzu edən xanımlar üçün qanunla tənzimlənən normalar daxilində şərait yaratmaq mümkündür. Nəzər alsaq ki, bu gün taksi fəaliyyəti ilə məşğul olan və nümunəvi xidmət sərgiləyən çoxsaylı xanım sürücülərimiz var, aralarında sərnişin daşıma sistemində də çalışacaq potensiala sahib xanımlar da olar. Ümumiyyətlə bu piar çox gözəl düşünülüb. Onlar da çox gözəl bilir ki, bu gün ölkə üzrə avtobus idarə etməyə imkan verən “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib qadınlar demək olar ki yoxdur. Əvvəllər qadın sürücülərimiz olub. Bu dünya ölkələrində də var. Burada heç bir qeyri-adi hadisə yoxdur. Əksinə bu sadəcə müasirlikdir. Amma təəssüf ki, bu gün kişi sürücülərin işə götürülməsində, onların yüksək səviyyədə xidmət göstərməsi üçün zəruri şəraitin yaradılmasında çətinliklər var”.

V.Əsədov deyir ki, son vaxtlar artan qəza hallarının səbəbi məhz ictimai nəqliyyata işçi götürərkən yol verilən səhvlərdir:

“İstər qadın olsun, istər kişi,fərq etmir “D” kateqoriyalı sürücülük vəsiqəsi var deyə insanların təhlükəsizliyini onlara əmanət etmək olmaz. Əvvəlcə onların sağlamlıqlarının yerində olub-olmadıqları yoxlanılmalıdı. Namizədlərin xarakteristikasının təmiz olmasına diqqət etmək lazımdır,gün ərzində yüzlərlə insanla ünsiyyətdə olacaq insanın hazır-cavablılığı, anlayışlı olması önəmlidir. Onların ailə vəziyyəti, psixoloji vəziyyəti, 8 saatlıq gərgin iş rejiminə tab gətirəcək səbri varmı, insanlarla ünsiyyət , davranış qaydalarına bələddirmi və s. Bəzən görürsən çörək pulu qazanmaq üçün işə düzələn insanlar var ki, normal şəraitdə yaşamırlar. Yuxu rejimi yerində olmur və səhər gəlib sükan arxasına oturur. Bu bilirsiz nə deməkdir? Bu gün ərzində yüzlərlə insanın həyatını təhlükə qarşısında qoymaq deməkdir. Bir avtobusu gün ərzində bir nəfər sürə bilməz. Qanunvericilikdə onların əvəzləyicisinin olması da göstərilib. Sadəcə olaraq sürücülərin maaşının az olması onları bu cür ağır rejimə dözməyə vadar edir. Yaxşı olar ki, sürücülərə qanunvericilikdə göstərilən normalara görə şərait yaratsınlar. Hər gün xəttə buraxılan avtobusun texniki cəhətdən saz vəziyyətdə olması yoxlanılsın, sürücülərin sağlamlıq vəziyyəti yoxlanılsın, istirahət günləri vaxtı-vaxtında təmin edilsin və maaşları yüksəldilsin. Hələ bir kişilər üçün normal şərait yaradılsın, ondan sonra qadın sürücülər üçün vakansiyalar verilsin. Çünki mövcud şərtlər kişilər üçün belə ağırdırsa, qadınlar barədə danışmağa dəyməz”.

V.Əsədov 5 ildən yuxarı sükan arxasında olan xanımların “D” kateqoriyalı sürücülük vəsiqəsi üçün müraciət edərək vakansiyalardan yararlana biləcəklərini də qeyd edib.

Ümumilikdə bütün peşələr onu layiqincə yerinə yetirən insanlar üçün məqbul hesab edilə bilər. Bəs siz necə, qadın sürücülərin idarə etdiyi ictimai nəqliyyat vasitələrinə minərsiznizmi?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh