"Ölüm prospekti" ilə bağlı təkliflər reallaşmalıdır
Sürət həddi saatda 90 kilometrlik olan prospektlə hərəkət edirsən. Qəfildən qarşına yolun tən ortasında dayanmış piyada çıxır. Qalırsan çıxılmaz vəziyyətdə, əyləci sıxsan, maşınını arxadan vuracaqlar. Hərəkətə davam etsən isə məcburən piyadanı vurmalı olacaqsan. Təəssüflər olsun ki, bu kimi xoşagəlməz hallarla paytaxtın bir çox küçələrində qarşılaşmaq olar. Xüsusən də Ziya Bünyadov prospektində. Bu ərazidə isə sürücülərlə yanaşı, piyadalar da haqlıdır. Çünki prospekt ticarət obyektlərinin ən çox olduğu ərazidir. Və bu obyektlərin işçiləri Koroğlu metrosundan çıxıb, yolu keçərək iş yerlərinə getməlidir. Amma necə? Nə yeraltı, nə də yerüstü keçidi, həmçinin piyada zolağı olmayan bu çoxzolaqlı yoldan keçməyə məcbur qalan piyada nə etməlidir?
Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, xeyli sayda insanın narazılığına səbəb olan bu məsələni araşdırıb.
Ziya Bünyadov prospektində piyadaların keçdiyi ərazi
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Ziya Bünyadov prospektində saatda 90 kilometr sürət tətbiq etmək təhlükəlidir: "Biz bunu illər əvvəl demişik, əsaslandırmışıq da. Nobel və Ziya Bünyadov prospektlərində olan problemlər hələ də qalır və həllini tapmır. Bu prospektlərdə piyada keçidlərinin olmaması insanların həyatını təhlükə altına alır".
Ekspert qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, belə yollarda hər 700-800 metrdən bir piyada keçidi qoyulmalıdır: "Ziya Bünyadov prospekti istifadəyə veriləndə orada bütün problemlər həllini tapmalı idi. Bu prospekt qurulan zaman müvafiq qurumlar bilmirdi ki, ətrafda ticarət obyektləri, yaşayış məntəqələri, iaşə obyektləri var? Bu ərazi insanların çox olduğu yerdir. Amma hanı bu prospektin keçidləri? Axı "Yol hərəkəti haqqında" Qanunda göstərilir ki, keçidlər qoyulmalıdır. Amma bunu etmirlər. İnsanlar onların günahı üzündən həlak olurlar, sürücülər isə həbsxanaya düşürlər".
E.Muradlı onu da vurğulayıb ki, belə halda zərərçəkən şəxslər aidiyyatı qurumları məhkəməyə verib, təzminat tələb etməlidirlər.
Ziya Bünyadov prospektində hərəkət sürəti saatda 90 kilometrdir
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, yolda hərəkətin təhlükəsizliyi və təşkili ilə bağlı hər hansı bir problem yaşanırsa, AAYDA icraçı qurum olaraq yolda yenidənqurma işləri apara bilər. Hər hansı bir yerdə piyada keçidinin tikilməsi ilə bağlı qərar olarsa, AAYDA bu işi icra edəcək. "Məsələn, bu, Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan məsələdir. Yol hərəkəti təhlükəsizliyi komissiyasına göndərilən təkliflər dəyərləndirilir, bundan sonra bu təkliflərin reallaşdırılması üçün maliyyə vəsaiti ayrılır. Və Avtomobil Yolları Dövlət Agentliyi bu işləri görür. Hər hansı bir problem varsa, Bakı Nəqliyyat Agentliyinin və ya Dövlət Yol Polisi mütəxəssisləri əraziyə baxış keçirir və bundan sonra təkliflər hazırlanır" – AAYDA sözçüsü vurğulayıb.
Məsələ ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirdi ki, BNA hərəkətin intensiv olduğu yollarda piyadaların yolun qarşı tərəfinə rahat, maneəsiz, ən əsası isə təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə 19 yerdə müxtəlif səviyyəli piyada keçidinin tikilməsi ilə bağlı təklif hazırlayıb: "Bu təkliflər artıq Nazirlər Kabinetinə göndərilib və müsbət dəyərləndirilib. 19 ünvan sırasında Ziya Bünyadov prospekti də var".
Ziya Bünyadov prospektində avtobus dayanacağı
M.Ağayevin sözlərinə görə, digər piyada keçidləri Bilgəh yolunda, Qala yolu ilə hava limanı yolunun kəsişməsində, Heydər Əliyev prospektində, jurnalistlər binasının yaxınlığında, Şamaxinka adlanan yerdə və digər ərazilərdə tikiləcək. Ümid edirik ki, qəbul edilən təkliflərin reallaşması çox zaman almayacaq. Əks halda, bu ərazini hələ uzun illər "ölüm prospekti" adlandırmalı olacağıq.