Səhlənkarlıq üzündən 3 min insanın həyatı "tükdən asılı" vəziyyətə düşüb - FOTO
Şamaxıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar üçün çətinliklər yaradır. Təhlükəli ərazilərdən biri də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsidir. Bu yolda piyada keçidinin olmaması səbəbindən qadınlar, uşaqlar qarşı tərəfə keçmək üçün öz həyatlarını riskə atmalı olurlar. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, minlərlə yaşayış evi, idman kompleksi və diaqnostika mərkəzi ilə əhatələnən magistral yolda piyada keçidinin və yol nişanlarının olmaması bu yoldan hər gün istifadə edən piyadaların həyatı üçün təhlükə yaradır. Ərazidə yaşayan sakinlərin dediklərinə görə, bu yolda sürət həddi saatda 60 km təyin edilsə də, bəzi sürücülər buna məhəl qoymurlar, avtomobilləri yüksək sürətlə idarə edir, yolu keçmək istəyən piyadalara aman vermirlər.
Rayon sakini İlqar Zamanov bildirir ki, bəzən yolu keçmək üçün dəqiqələrlə gözləməli olurlar: "Özümüz qorxa-qorxa yolu birtəhər keçirik, sürücülərin heç biri piyadalara yol vermir. Yolda piyada zolağı da yoxdur ki, sürücülər yol verməli olduqlarını bilib sürəti azaltsınlar. Burada nə piyada keçidi var, nə də hər hansı bir işarə. Burada sürət həddi saatda 60 km olsa da, radar və ya yol polisi olmadığından, əksər sürücülər maşınları 90-100 sürətlə sürürlər".
Qonşuluqda yaşayan Rafael Dostumalıyev də eyni vəziyyətdən şikayət edir: "Burada idman kompleksi ilə üzbəüz üç minədək yaşayış evi var. O evlərdə yaşayan əhalinin keçdiyi yol bu haldadır. Bu yoldan keçmək çox çətindir, təhlükəlidir. Buradan yaşlılar da, körpə uşaqlar da keçir. Bazara, məktəbə gedən hər kəs bu yoldan istifadə edir. Bakı-Şamaxı yolunda 50 keçid var, amma əsas lazım olan yerdə yoxdur".
İdman kompleksinə gələn uşaqların valideynlərinin sözlərinə görə, bu yolu keçmək təhlükəli olduğundan, hər gün kompleksə uşaqları özləri şəxsən gətirib-aparırlar.
Rayon sakini Əliağa Hüseynov baş verənləri belə izah edir: "Yolu keçmək son dərəcə təhlükəlidir. Piyada keçidi olmadığından, kompleksə gələn azyaşlı uşaqların həyatına təhlükə yaranır. İş-gücümüzü atıb, uşaqların dalınca özümüz getməli oluruq".
Sürücülər də yaranmış vəziyyətdən narazıdırlar. Onlar qeyd edirlər ki, keçidlərin olmaması, işarələrin qoyulmaması onlar üçün də böyük təhlükə yaradır. Sürücü Elnur Qədimovun sözlərinə görə, onların da marağındadır ki, magistralda piyada keçidləri olsun: "İşarə yoxdur, piyada keçidi yoxdur. Biz tanıyırıq, yola bələdik deyə, yavaş sürürük. Amma tanımayan sürücülər maşını sürətlə sürürlər. Qəflətən bir adam çıxır qarşısına, əyləci basır, arxadan gələn maşın da onu vurur. Dumanlı, çiskinli havada, ümumiyyətlə yolu görmürük. Gecə vaxtı yola çıxan insanı görmək mümkün olmur. Əvvəlcədən xəbərdarlıq bildirən işarə olsa, qarşı tərəfi də görərik".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polis İdarəsinin Qəbələ Regional Siqnal İdarəsinin sahə rəisi Əli Qarayevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, problemin həlli mümkündür: "Bunun üçün ərazidə yaşayan 8-10 nəfər rayon sakini yığışaraq, rayon icra hakimiyyətində yol hərəkətinin təşkili üzrə müavinə müraciət etməlidir. Həmin müraciət birbaşa Siqnal İdarəsinə yönləndiriləcək".
Qarayevin sözlərinə görə, sakinlər həmçinin imza toplayaraq məktub hazırlamalı, birbaşa DİN Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova ünvanlamalıdırlar: "Həmin məktub regional idarəyə yönləndiriləcək və ərazidə müayinələr aparılaraq, yol hərəkətinin tənzimlənməsi üçün müvafiq nişan və zolaqlar təyin ediləcək".