Yol polisi bu şərabı içib maşın sürənləri saxlamayacaq? - Azərbaycanda YENİLİK
“Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodu Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emalına başlayıb. Bu günlərdə sosial şəbəkə istifadəçilərinin də geniş müzakirəsinə səbəb olan 0 faiz spirtli şərab haqqında detalları öyrənmək üçün zavodunun direktor müavini Vüqar Mikayılovla əlaqə saxladıq. Məsələ burasındadır ki, əksəriyyət şərabın hazırlanma texnologiyasına görə, “tərkibində mütləq spirt olmalıdır” qənaətindədir. "Az-Granata" şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov içki həvəskarlarını maraqlandıran suallara Modern.az vasitəsilə aydınlıq gətirir.
Tamamilə spirtsiz şərab istehsalı mümkündürmü?
V.Mikayılov istehlakçıları əmin edib ki, şərabın tərkibində spirt yoxdur: “Bizim məhsulun tərkibində spirt yoxdur. Bu şərabı xaricə də vermişik. Hətta Vergilər Nazirliyi də tam əminlik üçün 5 şüşə şərabı yoxlamadan keçirdi. Laboratot müayinə zamanı heç 0,1 faiz də spirt aşkarlanmadı”.
“Bu şərab əvvəlcə spirt tərkibli istehsal edilir”
Direktor müavini şərabın hazırlanma texnologiyasına tam riayət edildiyini də diqqətə çatdırıb: “Hazırlanan şərabın tərkibində spirt olur. Daha sonra çaxır Almaniya istehsalı olan vakkum aparatına göndərilir. 40 dərəcə selsi temperaturda qaynayır. (Adi su 100 selsi dərəcədə qaynayır). Qaynayanda mayenin üstündəki su sorulur, sorulduqca orada vakkum yaranır. Vakkum yarananda maye 100 yox, 40 dərəcədə qaynamağa başlayır. Qaynama zamanı spirt ən tez uçur. Spirt adi şəraitdə 78 dərəcə selsidə qaynayır. Vakkum aparatında 40 dərəcə selsidə qaynayan çaxırın tərkibindəki spirt tamamilə yox olur. Ona görə də şərabın dadında heç bir kənar tamlar əmələ gəlmir. Bu şərab Azərbaycanda tarixində ilk dəfə "Az-Granata" MMC-də istehsal edilir”.
Müalicəvi şərab
Şərab istehsalçısı bildirir ki, məhsul müalicəvi əhəmiyyətə malikdir: “Hətta dünyanın bəzi ölkələrində apteklərdə satılır. Məqsəd nədən ibarətdir? Üzümü meyvə şəklində yedikdə poliflavanoidlər mədədən qana sorulmur. Poliflavanoidlər antioksidantdırlar. İnsanı xərçəngə, kompüterdən keçən şüalar nəticəsində yaranan müxtəlif xəstəliklərə düçar edir. Poliflavanoidlər isə yalnız spirtdə həll olunur. Burada çaxır əmələ gələrkən spirt olduğuna görə, üzüm qabığında olan poliflavanoidlər mayeyə keçir, qaynama zamanı da yox olur”.
“Bu şərabdan içib sükan arxasına əyləşsəniz, polis sizi saxlamayacaq”
MMC rəsmisi qeyd edir ki, “Az-Qranata” MMC istehsalı olan “0 faiz spirtli” məhsulu içib rahatlıqla sükan arxasına əyləşmək olar:
“Çünki heç bir polis yoxlama zamanı spirt aşkarlaya bilməz. Adi limonad kimidir. Sərxoş olmaq da mümkün deyil. Mən əminəm ki, yaxın gələcəkdə toylarda limonadların əvəzinə bizim spirtsiz məhsullarımız veriləcək”.
“Spirtsiz ağ şərab da gəlir, amma spirtsiz arağı içən olmaz”
V.Mikayılov spirtsiz araq istehsal etmək imkanları olduğunu da diqqətə çatdırıb:
“Amma bilirəm ki, onu içən olmayacaq. Bu səbəbdən də hələlik nəzərdə tutmamışıq. Qırmızı şərabı istehsal etdik. Yaxın günlərdə ağ şərab istehsalını da nəzərdə tutmuşuq. Həkimlər 50 yaşından sonra kişilərin hamısına qanı durultmaq üçün aspirin dərmanını içməyi məsləhət görür. Bu isə ağ şərabın tərkibində var. Ağ şərab içənlər bununla özlərini damar tıxanıqlığından, infarktdan qoruya bilirlər. Şərab içməyən insanlar üçün isə spirtsiz ağ şərab istehsal edəcəyik. İnsanlar müalicə məqsədilə bu şərabdan ürəklə istifadə edə bilərlər. Burada aspirin tərkibli birləşmə olduğu üçün səhhətə müsbət təsir edir. Alkaqol tərkibli içki içməyən insanlar bizim istehsalımız olan alkoqolsuz ağ şərabı da içə bilərlər. Artıq 1 həftə sonra ağ şərab da istehsal olunacaq”.
Spirtsiz şərabların qiyməti
Qiymətlərə gəlincə, müsahibimiz deyir ki, spirtsiz şərablar standart şərablardan fərqlənmir: “Spirtsiz qırmızı şərab 8 manatadır, ağ şərabı isə alıcılarımıza 5 manata təklif edəcəyik. Bütün məhsullarımız Ağsuda istehsal edilir. Dünyada İtaliya, Almaniya, Fransada, Moldovada spirtsiz şərab istehsal edilir. Azərbaycanda isə bu ilki biz etdik. Onu da nəzərinizə çatdırım ki, biz 0 faiz şərab istehsal etməklə hacıları nəzərdə tutmamışıq. Biz Azərbaycan xalqının sağlamlığı üçün bu məhsulları istehsal edirik".