“Zapı”lı avtoşun pilotluğu...

Yazarlar 22 Sentyabr 2018 13:17 Oxunub 3110
“Zapı”lı avtoşun pilotluğu...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ya qırılıb qurtaracaqlar, ya da ağıllanacaqlar

Dünən şəhərdə iki “avtoş” gördüm. Avtoş, yəni avtoxuliqan.  Birini “Neftçilər” metro stansiyasının həndəvərindəki Rüstəm Rüstəmov küçəsində böyürdən gördüm - göy rəngli “Zaporejets” sürürdü. Daha dəqiq, “zapı” özünü bu saat havaya qalxacaq “kukuruznik” kimi aparırdı.

O biri “avtoş”u Səttar Bəhlulzadə küçəsində, “Şəki mətbəxi” kafesinin tuşunda arxadan gördüm - ötən əsrin 70-ci illərində buraxıldığı anlaşılan “Jiquli” (011) markalı avtomobildəydi. Bu “Jiquli”də elə səs çıxarırdı ki, elə bil kimsə ona “sən birinci həyatında ”Kadillak" olmusan" deyib, aldadıb.

Onların hər ikisinin avtoxuliqan olmasına dəlalət edən əlamətlər vardı: avtomobillərin önü arxasından bir domkratlıq hündür idi; maşınlarda audiopleyerlər var gücləri ilə bağırırdılar - həm də el üzünə çıxarılması mümkün olmayan manıs mahnıları; gənc sürücülər (20-25 yaş); avtomobillərin dar küçədə yüksək sürətlə sürülməsi...

Zatən, avtoxuliqanlığın tərifi belədir: Bahalı və ucuz olmasına baxmayaraq, sahib olduğu avtomobildə özünü Bruney sultanının oğlu hesab edən, öz beş qəpiklik dəyəri olmayan canına və başqalarının həyatına xroniki təhlükələr yaradan, avtomobilinin başına it oyunu açan, axırda qəzaya düşüb ya şikəst olan, ya da böyüdülmüş şəkli mərasim zalının divarına vurulan intizamsız sürücülərə avtoxuliqan deyilir.

Gördüyüm gənclər bu tipdən idi. Düzdür, onların qısaca “Zapı” və “nolonbir” adlanan avtomobilləri bu cür bağırda-bağırda idarə etmələri görünməmiş bir şey deyil, amma orası dəqiqdir ki, o yazıq maşınlar bu sürüşə çox davam gətirə bilməyəcəklər, türkün sözü, “most”ları dağılacaq.

İndi elə çıxmasın ki, “ĞORRRR” edərək beş saniyənin içində gözdən itən “porşe”lərlə, “yaquar”larla, “gelande”lərlə avtoxuliqanlıq edəndə olar, amma “zapı”da olmaz. Əslində, heç birində olmaz, amma “zapı” sürənin “avtoşluğu” narahatlıqla yanaşı, gülüş də doğurur.

Qədirbilən xalqımız, dissident ovqatlı camaatımız “zapı”nın avtoşluğunu götürmür, pisinə gəlir. Neçə dəfə görmüşəm, ucuz və cırıq maşın sürənlər yollarda lotuluq edəndə kənardan baxanlar belə deyirlər: “Bunun vid-fasonuna bax, sürüşünə bax. Alə, bunun ”Prado"su olsa, neyniyər. Belimizdən keçər ki...".

Ancaq eyni hərəkəti bahalı maşın sürənlər edəndə, avtomobilin səsboğucusu “zart-zart” edərək ZTR səsi çıxara-çıxara, ətrafdakıları qorxuda-qorxuda şütüyəndə baxanların bir xeylisi başqa söz deyir: “Maşın budur ey. Elə bil tankdır. Biri ola, adam altına atıb, ora-bura sürə”.

Yəni adamlarda bahalı maşında avtoxuliqanlıq etməyə qarşı bir həsəd, həsrət, arzu, istək var. Amma “zapı” qələt edir, qıvrılsın, otursun yerində, onun harasına yaraşır küçələrdə lotuluq etmək. Heç, antireklam kimi çıxmasın, Koreya maşınlarıyla da avtoxuliqanlıq etmək düzgün deyil. Həyat üçün təhlükəlidir.

Məsələn, o gün bir yaxın adam yolda icazə verilən yerdə geri dönüş manevri etməyə çalışanda arxadan gələn “Hunday” markalı maşın ona çırpılıb. Vurulan maşın alman maşını, vuran Koreya maşını... Amma vurulan eləcə bir az əzilib, bir az cızılıb, vuran maşın isə cırıq-cırıq olub qalıb yolda. Camaat tökülüb yollardan onun ora-burasının qırıqlarını təmizləyirmiş.

Düzdür, heç kimə heç nə olmayıb, amma bu, o demək deyil ki, ola bilməzmiş. Bu, ondan xəbər verir ki, karton kağızı kimi adi bir zərbədən carbanaq verən maşınlarda çox da “sağ-sol” edərək, ilan kimi qıvrılaraq avtoxuliqanlıq etmək olmaz.

Adamlar bunu anlasalar, bəlkə də maşınlarını o gündə, böyrü-başı bəzəkli sürməzlər.

Uzun sözün kəsəsi, nahalı maşınlarda avtoxuliqanlıq edən harın cavanlarla məsələni ayırd edib başa çatdırmamış, indi də camaata köhnə “zapı”da, “Jiquli”də, “Niva”da xuliqanlıq edənlər qənim kəsilib.

Güman var ki, 50 ilə bu ölkədə də maşın şütüdərək həvəsini öldürən adamlar olmayacaq. Ya qırılıb qurtaracaqlar, ya da ağıllanacaqlar.

 

 Samir SARI

ŞƏRH YAZ
Ad

E-mail

Şərh