Bu yol nişanları motosiklet qəzalarını azaltmağa kömək edir – EKSPERT - FOTO

Avropanın bir sıra ölkələrində təhlükəli döngələrdə tətbiq olunan ağ dairəvi yol nişanlanmaları sürücülərin diqqətini cəlb edir. Bu nişanlanmaların əsas məqsədi yol hərəkəti təhlükəsizliyini artırmaq və xüsusilə motosikletçiləri təhlükəli döngələr barədə əvvəlcədən xəbərdar etməkdir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu təcrübə ilk dəfə Avstriyada tətbiq olunub, daha sonra isə İsveçrə, İspaniya və Şotlandiyada da geniş yayılıb.
Onun sözlərinə görə, ağ dairələr əsasən qəzaların daha çox baş verdiyi, görünüş məsafəsinin məhdud olduğu və sürücülərin qarşı zolağa çıxmaq riskinin artdığı təhlükəli döngələrdə çəkilir.
“Bu nişanlanmalar sürücülərə yolun mərkəzinə həddindən artıq yaxınlaşmamağı, qarşı hərəkət zolağına çıxmamağı və sürəti azaltmağı vizual şəkildə xatırladır. Məqsəd sürücünün təhlükəni daha tez dərk etməsi və döngəyə daha təhlükəsiz trayektoriya ilə daxil olmasını təmin etməkdir”, – deyə ekspert qeyd edib.
Aparılan müşahidələr və təcrübələr göstərir ki, bu cür nişanlanmalar sürücülərin davranışına müsbət təsir göstərir. Bir sıra ərazilərdə onların tətbiqindən sonra motosiklet qəzalarının sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Eyni zamanda minik və yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin də azalması müşahidə olunub.
Ekspert vurğulayıb ki, müxtəlif ölkələr eyni məqsədə nail olmaq üçün fərqli həll yollarından istifadə edir. Belə ki, Avstriya və İsveçrədə ağ dairəvi nişanlanmalar tətbiq olunduğu halda, İspaniyada yolun mərkəzinə perpendikulyar çəkilən xəbərdaredici xətlərdən, Şotlandiyada isə diaqonal nişanlanmalardan və əlavə məlumatverici yol nişanlarından istifadə edilir.
“Bütün bu həllərin əsas məqsədi sürücülərin diqqətini təhlükəli döngələrə yönəltmək, onların sürətini azaltmaq və hərəkəti daha təhlükəsiz şəkildə təşkil etməkdir”, – deyə o əlavə edib.
Rauf Ağamirzəyev bildirib ki, son illərdə Almaniya, Lüksemburq və İtaliya da bu təcrübənin tətbiqi imkanlarını araşdırır. Artan motosiklet qəzaları fonunda Avropa ölkələri yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi üçün yeni və effektiv üsullar axtarmağa davam edir. Ağ dairəvi nişanlanmalar da bu istiqamətdə müsbət nəticələr verən innovativ həllərdən biri kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO
Sumqayıtda dayanacaqların yaxınlığında yol nişanı quraşdırılmayıb - VİDEO
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR
“Prius” sürücüsündən təhlükəli manevr; körpüdə əks istiqamətə çıxdı – VİDEO
Bu küçədə avtobus zolağına girmək olar, yoxsa yox? – Ekspert aydınlıq gətirdi – VİDEO
Zolaqların dalğavari təşkili nəyə xidmət edir? – Ekspert AÇIQLADI















